Modern.az

Gələcək hədəflər naminə tarixi Zirvə görüşü

Gələcək hədəflər naminə tarixi Zirvə görüşü

Parlament

23 Avqust 2025, 14:00

Gəncə, Ağdərə və Kəlbəcərdə bir-birinin ardınca görülən işlərdən – stadiondakı təmirlə tanışlıqdan, Şəhidlərin memorial kompleksinin təməlini qoyduqdan, mənzillərin açarlarını keçmiş məcburi köçkün qardaş-bacılarımıza təqdim etdikdən, su elektrik stansiyalarını açdıqdan, yeni yaşayış komplekslərinin, şəhər parkının əsasını qoyduqdan, sakinlərlə görüşdükdən və b.-dan dərhal sonra cənab Prezidentim İlham Əliyevin qardaş Türkmənistana səfəri dövlət başçımızın qeyri-adi iş üslubunu, Maşallah olsun, yorulmazlığını, hər şeyin dəqiq planlaşdırılıb mükəmməl həyata keçirildiyini, Zamanı qabaqladığını, Zamandan ucada dayandığını göstərir. Dövlət başçımızın iş üslubu ayrıca elmi tədqiqat mövzusudur...

Artıq 22 avqust təqvimin adi bir günü deyildir. Üç qardaşın – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin yüksək səviyyəli görüşü türk dövlətləri və bütövlükdə türk dünyası tarixində mühüm hadisələrdən biri olmaqla böyük əhəmiyyət daşıyır. Nə üçün?

- İlk növbədə ona görə ki, bu görüşdə xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradə ortaya qoyuldu. Xeyli mürəkkəb qlobal siyasi proseslərin baş verdiyi, tez-tez dəyişkən dünyanın iqtisadi konyunkturası şəraitində üç qardaş dövlətin birgə fəaliyyəti dayanıqlı inkişafın təmin olunmasına yönəlib;

- Beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyən bu üç qardaş dövlət ikitərəfli münasibətlərlə yanaşı əməkdaşlığın yeni çoxtərəfli formatının əsasını qoydu. Siyasi, iqtisadi, elektrik enerjisi, qaz, elm, təhsil, idman, səhiyyə, mədəniyyət, incəsənət və b. sahələrdə əməkdaşlığın müzakirəsi və həyata keçirilməsi dünyanın ürəyi hesab edilən Avrasiya regionunda qardaş dövlətlərin rolunu artırır;

- Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlığı genişləndirmək, Türkmənbaşı və Bakı limanlarının imkanlarından səmərəli istifadə, birgə logistika infrastrukturunun formalaşdırılması, milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi məqsədilə regionda fəaliyyətdə olan və perspektivli marşrutların birləşdirilməsi planlarının həyata keçirilməsi, tarif siyasəti, beynəlxalq bazarlara çıxış zamanı biznesə əlverişli şəraitin yaradılması layihələri üzərində iş, Xəzər dənizi vasitəsilə bərə daşımaları barədə razılığa gəlinməsi dünya ticarətində və nəqliyyat-kommunikasiya sistemində təkcə üç ölkənin deyil, bütövlükdə türk dünyasının rolunu artıracaq, dövlət müstəqilliklərini daha da möhkəmləndirəcək, etibarlı dünya nəqliyyat-kommunikasiya, ticarət mərkəzləri, enerji ixracatçısı kimi yerini gücləndirəcəkdir;

- Əməkdaşlığa ölkələrin regionlarının cəlb edilməsi müvafiq infrastrukturun qurulmasına, ümumi inkişafa, yeni iş yerlərinin açılmasına və insanların rifah halının daha da yaxşılaşdırılmasına gətirəcəkdir. Bütün bu işlər konkret “Yol xəritəsi”nə uyğun olaraq həyata keçiriləcəkdir;

- Arxadağla Füzuli şəhərlərinin qardaşlaşmasına dair sənədin imzalanması qardaşlığımızı daha da dərinləşdirəcəkdir. Cənab Prezidentimizin dediyi kimi, bu, əslində, qardaşlığımızın rəmzidir. Göstərir ki, əsrlər boyu bir ailə, qardaşlar olaraq yaşayıb-yaratmış türkmən və Azərbaycan xalqları, iki müstəqil dövlət müasir şəraitdə də həmin ənənələrə sadiqdirlər və yeni üfüqlərə doğru birgə addımlayırlar;

- Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək, nəinki ikitərəfli, həmçinin çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcəklər. Bu isə hələlik qardaş Türkmənistanın üzv olmadığı Türk Dövlətləri Təşkilatının güclənməsinə gətirəcəkdir;

- İşğaldan azad edilmiş ərazilərdə qardaş Türkmənistanın hədiyyəsi kimi Füzulidə məscidin tikilməsi qardaşlığımızın təcəssümü, türkmən xalqının və dövlətinin Azərbaycana köməyinin göstəricisidir. Məscid təkcə müqəddəs ibadət deyil, eyni zamanda əbədi qardaşlığımızın and yeri olacaqdır;

- Cənab Prezidentimizin mətbuata bəyanatında qardaş Özbəkistanın rəhbəri Şavkat Mirziyoyevin təşəbbüsü ilə qardaş özbək xalqının hədiyyəsi olaraq Xankəndidə böyük tikiş fabrikinin yaradılmasını, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin tikilib istifadəyə verilməsini deməsi təkcə minnətdarlıq deyil, həmçinin ümumi məqsədlər naminə qardaşların bərabər hərəkət etdiklərinin, əməldə dostluğun, qardaşlığın, ən vacib, ən çətin məsələlərdə həmişə bir-birilərinin yanında olmalarının dünyaya bəyan edilməsidir. Bu, dostları sevindirir, bədxahları isə qəmə batırır;

- Mətbuata bəyanatında Prezident Şavkat Mirziyoyevin söylədiyi aşağıdakı fikirlər qardaşın uğurlarına sevinməyin izhar edilməsi idi:

     “... Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi və qardaş Azərbaycan xalqını tarixi hadisə - Vaşinqton şəhərində Ermənistanla Birgə Bəyannamənin imzalanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu, igid və mətanətli Azərbaycan xalqının ümdə səylərinin həyata keçirilməsinin parlaq təzahürüdür”;

- Nəhayət, səfər zamanı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov cənab Prezidentimiz İlham Əliyevə at bağışladı. Dədə-babalarımız “At muraddır” deyiblər. Dövlət başçımız 2024-cü ildəki andiçmə mərasimindəki nitqində dedi ki, bizim başqa bir ailəmiz yoxdur, ailəmiz türk dünyasıdır. Bütün türk dünyasının muradı hasil olsun!

Musa Qasımlı,
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

1442305

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama