Ötən gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin icarəyə verdiyi "Super Toys" uşaq oyuncaqları şirkətinin anbarında yanğın baş verib. Hadisə nəticəsində 12 nəfər tüstüdən zəhərlənib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hazırda öz fəaliyyətini davam etdirməkdədir.
Qeyd edək ki, yanğın artıq məhdudlaşdırılıb.
Modern.az baş verən hadisə ilə bağlı Qaradağ rayonunun deputatı Aydın Hüseynovun olaya münasibətini öyrənib.
Deputat bildirib ki, ticarət mərkəzinin rəhbərliyi ilə əlaqə saxlayıb:
“Mən tətildə olduğumdan Bakıda deyiləm. Bununla belə rəhbərliklə əlaqə saxlamışam. Qanunun icazə verdiyi şəkildə yanğınla bağlı bütün məsələlər həllini tapacaq. Onu da qeyd edim ki, mənə yanğınla bağlı elə bir müraciət daxil olmayıb”.
Deputat əhaliyə çağırış da edib:
“Bu yanğın hadisəsidir. Yanğının səbəbi araşdırılacaq, eləcə də sahibkarların mallarının hansı şəkildə kompensasiya olunacağı prosedurlara uyğun müəyyənləşəcək. Hadisə axşam baş verib. Üstündən bir neçə saat keçib. Biz prosesləri gözləyək. Qoy, səbəb araşdırılsın. Bu gün ilk iş günü başlayıb. Əlaqədar qurumlar bununla bağlı öz fikirlərini bildirsin, hansı addımların atılacağı müəyyənləşsin”.