Modern.az

Laçın Azərbaycanın sərhəd qalasıdır

Laçın Azərbaycanın sərhəd qalasıdır

Parlament

27 Avqust 2025, 15:33

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Əvvəllər Abdallar adlanan Laçın inzibati ərazi vahidi, 1924-cü ildən şəhər statusu alaraq 1930-cu ildən rayonun inzibati mərkəzinə çevrilmişdir. XX əsrin tanınmış Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adı şəhərə verilmişdir, burada “Laçın” sözü “məğrurluq” və “yenilməzlik” mənasındadır. 1992-ci ildə Laçının işğal edilməsi Azərbaycan xalqının düşmən təcavüzü qarşısında müqavimətini əhəmiyyətli dərəcədə sarsıtmışdı. İşğalçı Ermənistanla Qarabağ separatçıları arasında son dərəcədə strateji əhəmiyyətli mövqeyə malik olan Laçın rayonunun itirilməsi savaşların nəticəsinə xeyli dərəcədə təsir göstərdi. İşğal nəticəsində ərazidə aparılmış talan-qarət nəticəsində 54 beynəlxalq, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır. Lakin bu itkilər xalqımızı sarsıtmadı, onun qələbə əzmini qıra bilmədi. Bütün işğal dövründə hər bir Laçınlı öz doğma torpaqlarına qayıtmaq inamı ilə yaşadı və qayıtdı. 31 illik işğaldan sonra Ordumuzun şücaəti və Prezident İlham Əliyevin mahir diplomatiyası sayəsində döyüşsüz təhvil alınan Laçın şəhəri yandırılmış və viran edilmişdi. Gecə-gündüz dayanmadan aparılan abadlıq-quruculuq işlərinin nəticəsində Laçın öz füsunkar simasını bərpa etməkdədir.

Böyük Qayıdışın növbəti mərhələsi olan Laçın artıq doğma sakinlərinə qucaq açıb. Keçmiş məcburi köçkünlər öz doğma evlərinə qovuşmağın sevincini yaşayır. 1 dekabr 2020-ci ildə işğaldan azad olunan Laçın şəhərində yeni həyat başlayıb. “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük”, – deyən dövlət başçımız 23 aprel 2023-cü il tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qurulanda vurğulamışdı ki, “…Bu gün bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.” Vətən Müharibəsi rəsmən 2020-ci ilin 9 noyabrında başa çatsa da, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi məhz 23 aprel 2023-cü il tarixində Ermənistanla Azərbaycan arasında ilk sərhəd-buraxılış məntəqəsinin bərpa edilməsi ilə təmin olundu. 19-20 sentyabr tarixlərində keçirilən anti-terror tədbirlərindən sonra isə Xankəndi və onun ətrafındakı yaşayış məntəqələrində yuva salmış xunta rejiminin qalıqları bir sutka ərzində təslim oldular. Bu Azərbaycan dövlətinin gücünü, cəsarətini və xalqımızın dəmir iradəsini nümayiş etdirən əlamətdar bir hadisə idi.

Rəşadətli Azərbaycan Ordusunun yenilməz iradəsi nəticəsində 2022-ci ilin 26 avqust tarixində Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü və bununla Laçının tarixində yeni bir səhifə açıldı. Bu, təkcə müzəffər ordumuzun qazandığı növbəti hərbi uğur deyildi, həm də Azərbaycanın tarixi ədalətinin bərpası idi. Müzəffər Ali Baş Komandan hərbçilərimizin qəhrəmalığını ən yüksək səviyyədə qiymətləndirmiş, onun sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyənləşdirilmişdir.

Laçının işğaldan azad edilməsi bizim üçün həm də Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi baxımından olduqca əhəmiyyətli idi. Ermənistan qanunsuz olaraq ermənilərin Laçında məskunlaşdırılması siyasətini həyata keçirməklə bütün dünyaya qəbul etdirməyə çalışırdı ki, Laçın rayonu Ermənistanda qalmalıdır, ya da ən azından bütünlükdə rayon özü dəhliz kimi onların nəzarətinə verilməlidir. Lakin, Laçın şəhərinə daxil olmadan Laçın dəhlizinə alternativ yolun çəkilməsinə nail olan Azərbaycan Prezidentinin qətiyyəti, diplomatik məharəti göstərdi ki, onların bu röyası da öncəkilər kimi puç və əfsanə xəyallardan başqa bir şey deyil.

Artıq Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı