Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanının Əl- Ərəbiyyə televiziyasına verdiyi geniş müsahibəsində regionda bütün laxlayan daşları və onları laxladanları öz yerinə oturtdu. Cənab Prezident siyasətin dəmir yumruğu- dərin məntiq, diplomatik ceviklik, böyük liderlərə xas müdrikliklə hər kəsə öz yerini göstərdi:
-"Biz ətrafımızda sülhün olmasını istəyirik".
Sülh və əməkdaşlıq istəyənlər bizim yanımızda, dostların yeri ürəyimizin başında, düşmənçilik istəyənlərin yeri isə qəhrəman Azərbaycan əsgərinin çəkməsinin altında olacaqdır.
Müsahibə bölgəmizdəki proseslər barədə dünya ictimaiyyətində dolğun təəssurat və qəti inam yaradır ki, ədalətli və davamlı sülh uzaqda deyildir. Məhz cənab prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə həyata keçirdiyi incə siyasət və ardıcıl təşəbbüsləri ilə sülhyaratma prosesi həlledici mərhələyə daxil olmuşdur. Bəli, biz sülh və əməkdaşlıq istəyirik. Tezliklə buna nail olacağıq. Cənubi Qafqazda yeni konfiqurasiya, bölgə dövlətlərinin əməkdaşlığı və tərəqqisi üçün geniş imkanlar yaranacaqdır. Zəngəzur və Araz dəhlizləri də daxil olmaqla bütün kommunikasiyalar açılacaqdır. Tarixi yollar və əlaqələr bərpa ediləcəkdir. Yol kəsənlər isə bölgəmizdən rədd olub öz soyuq xarabalarına gedəcəklər!
1828- ci ildə çar Rusiyasının işğalı nəticəsində bizi ayıran Araz çayının üzərindən indi Araz dəhlizi ayrılıqlara körpü salacaqdır.
1920- ci ildə Sovet Rusiyasının işğalçılıq siyasəti nəticəsində ikiyə bölünmüş Zəngəzur və qərib düşmüş Naxçıvan Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcəkdir.
...Az-çox məntiqi olan hər kəs artıq Qərbi Zəngəzurdan keçərək Naxçıvana, İqdıra, Qarsa gedən, qədim türk torpaqları arasında pozulmuş coğrafi əlaqəninin bərpa olunacağı günü görməkdədir.
...Az- çox siyasi fəhmi olan hər kəs Qədim İpək Yolunun Orta dəhliz hissəsinin yeni şaxəsi TRİPP yolu- Turan yolu üzərində şütüyəcək qatarların taqqıltısını və fit səslərini eşitməkdədir.
...Bu qatarların əməkdaşlığa və təhlükəsizliyə çağıran fit səsləri Kremlin bayquş sifətli ideoloji qarğalarının qarıltısını əbədi basdıracaqdır.
Musa Urud, millət vəkili