VI çağırış Milli Məclis zamanı Fransanın Azərbaycana qarşı atdığı qərəzli, haqsız addımlar ucbatından Azərbaycan-Fransa Parlamentlərarası İşçi Qrupunun fəaliyyəti dayandırılıb. VII çağırış Milli Məclisdə işçi qrupları ilə bağlı qərar alınarkən, onun fəaliyyətinin bərpası ilə bağlı qərar verilməyib.
Azərbaycanın yeni yaratdığı reallıqlarla ABŞ, Çin kimi nəhəng dövlətlərin razılaşdığı bir vaxtda Fransanın Azərbaycanla parlamentlərarası münasibətləri bərpa etmək üçün addım atıb-atmayacağı müzakirə edilir.
Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Fransa elə bir addım atdı ki, Azərbaycan dostluq qrupunu ləğv etmək məcburiyyətində qaldı:
“Onlar qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa cəhd etdilər. Bununla bağlı qətnamə qəbul edildi. Təbii, bununla bağlı dostluq qrupunu ləğv etdik. Biz heç kimlə-nə Fransa, nə Avropa Şurası, nə də başqa qurumlarla münasibətləri korlamaq üçün təşəbbüslə çıxış etmişik. Biz oturub münasibətləri korlamaq haqda fikirləşmirik. Elə işlər görüb, elə qətnamələr qəbul ediblər ki, sadəcə olaraq, Azərbaycan bu addımları atmaq məcburiyyətində qalıb. Söhbət bundan gedir. Bu, mütləq olmalıydı. Bunu ona görə deyirəm ki, onlar bu addımları atıblar və başa düşməlidirlər ki, onların hərəkətləri nəyə gətirib çıxarıb. Azəraycan artıq sülh istiqamətində ciddi addımlar ataraq, regionda, demək olar ki, fərqli geosiyasi vəziyyət yaradıb. Bu gün sizi də təbrik edirəm, Minsk qrupu artıq ləğv edildi. Fransa tərəfi oturub nəticə çıxartsın. Onların destruktiv siyasəti bir nəticə əldə etmədi. Hansısa bəhanələr axtaracaqlarsa, deməli, bunlar şəxsi qərəzliklə məşğuldurlar. Düşünürəm ki, indi bu qüvvələrin Azərbaycanın tamamilə başqa səviyyədə olduğunu və onunla münasibətlərin qurulmasının özləri üçün faydalı olduğunu dərk etmələri üçün tarixi məqamdır”.
Komitə sədri vurğulayıb ki, fransız deputatlar erməni əsarətindən xilas olmalıdır:
“Söhbət vəziyyəti anlamaqdan getmir. Söhbət ondan gedir ki, Ermənistan dövlət kimi qalıb kənarda, erməni diasporu Fransanın siyasətçilərini, siyasətə təsir etmək imkanı olan qurumlarını elə əlaqə qurub, girov tutub ki, onlar hər hansı addımı onların fikri olmadan ata da bilmirdilər. Ona görə də belə vəziyyətə düşdülər. Onlar bu əsarətdən əl çəkə, müstəqil siyasətçi kimi davranış sərgiləyə biləcəklərsə, Fransanın Azərbaycanla ünsiyyət qurumaq,əlbəttə, marağındandır. Ona görə ki, Azərbaycan regionun ən güclü və həlledici dövlətdir. Və Azərbaycanla münasibət qurmamısansa, deməli, Qafqazla əlaqə qurmamısan”.