Modern.az

Rusiyadan Azərbaycana qarşı hibrid MÜHARİBƏ

Rusiyadan Azərbaycana qarşı hibrid MÜHARİBƏ

Parlament

2 Sentyabr 2025, 14:02

Rusiyanın Azərbaycana qarşı son günlər dezinformasiya fəaliyyəti olduqca geniş vüsət alıb. Bu fəaliyyətin daha da genişlənəcəyi bildirilir. Rusiyada hakimiyyətə yaxın televiziya simaları, eləcə sosial şəbəkə hesabları Azərbaycana qarşı müxtəlif həqiqəti əks etdirməyən informasiyalar yayırlar.

Azərbaycan tərəfinin bu cür addımlara qarşı cavabı, eləcə də qabaqlayıcı tədbirlərinin necə olması kimi məsələlər diqqətçəkən nüanslardır.

Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Xarici müdaxilələr və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının üzvü Kamran Bayramov bildirib ki, hazırki vəziyyət yeni yaranmayıb:

“Artıq uzun müddətdir ki, Rusiya KİV-i, təşviqat və təbliğatla məşğul olan televiziya simaları iftira, yalan və qərəz dolu məlumatlar yayırlar. Bu da aydın məsələdir ki, nəyə görədir. Bu gün Azərbayan-Rusiya münasibətləri soyuq dönəmini yaşayır. Rusiyanın Azərbaycana qarşı siyasəti, AZAL-a məxsus təyyarənin vurulması və sonradan yaranan fəsadlar, yəni üzrxahlıq edilməməsi, təzminatın ödənilməməsi, bu cinayətdə əli olanların cəzalandırılmaması Azərbaycanı vadar edir ki, öz qətiyyətini ortaya qoysun. Möhtərəm cənab Prezidentin bir sıra çıxışlarında Rusiyanın bu siyasətinin qəbuledilməz olduğunu da, qarşı tərəfin müəyyən addımlar atmalı olduğunu da bildirib. Buna baxmayaraq, Rusiya bu gün də Azərbaycana qarşı hibrid müharibə üsullarından istifadə etməklə media və internet məkanında Azərbaycana qarşı məqsədyönlü fəaliyyətini davam etdirir. Hətta bunun üçün müxtəlif sosial şəbəkə platformalarında süni intellektdən istifadə edərək, yanlış fikirlər yeridilir. Təbii ki, bu cavabsız qala bilməz. Azərbaycanın da müvafiq aidiyyəti dövlət qurumları da bu məsələlərə dair öz cavab tədbirlərini həyata keçirir".

Deputat qeyd edib ki. Milli Məclisdə fəaliyyət göstərən Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya da öz işini davam etdirir:

"Komissiya bu cür təhdidlərə qarşı cavab tədbirləri görür, hesabatlar yayır, cavab reaksiyalarını bildirir. Yəni hazırda Azərbaycanın cavabı budur. Bu gün Rusiya-Azərbaycan arasında həm iqtisadi münasibətlər inkişaf edir. Bu yaxınlarda Həştərxanda Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclas keçirilib, müəyyən müzakirələr aparılıb. Ancaq buna baxmayaraq, bu gün top Rusiya tərəfindədir. Təbii ki, Azərbaycan Rusiyadan münasibətlərin istiləşməsi, yumşaldılması istiqamətində hərəkətlər gözləyir. Amma görürük ki, hələ də Rusiya öz günahını tam dərk etməyib. Ərazisinə, hərbi gücünə və yaxud başqa hansısa nüanslara görə Azərbaycana nəyisə diqtə etməyi Rusiya özünə borc bilir. Amma qətiyyən bu belə deyil. Azərbaycan müstəqil xarici və daxili siyasət yeridir, ultimatum və diqtə dilini qəbul etmir, bundan sonra da qəbul etməyəcək. Hər zaman Azərbaycan dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə üstünlük verib. Bu gün də Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci sammitində iştirak edir. Rusiyanın üzvü olduğu təşkilatın tədbirinə Azərbaycan rəsmi dəvət alıb və orada fəal iştirak edir. Təbii ki, bunu da Rusiya nəzərə almalıdır ki, Azərbaycan nəinki Qafqaz regionunda, eləcə də Avrasiya regionunda siyasi, diplomatik və iqtisadi baxımdan açar rolu oynamaqdadır. Bu, Avrasiya regionun aparıcı gücləri tərəfindən qəbul olunur. Azərbaycanı həm strateji tərəfdaş, həm də etibarlı partnyor kimi qəbul edirlər. Düşünürəm ki, Rusiya da bunu dərk etməlidir. Bunu dərk etdikdən sonra mütənasib addımlar atmalıdır. Biz qonşuyuq, bunu nəzərə almaq lazımdır".

Parlamentari vurğulayıb ki, münasibətlərin bərpa olunması üçün Rusiya ilk addımı atmalıdır:

"Dezinformasiyaların qarşısını Rusiya tərəfi almalıdır. Azərbaycan bunun üçün lazımi tədbirlər görür, müvafiq bəyanatlar, aidiyyəti hesabatlar da yayır. Yəni sübut edirik ki, bu cür dezinformasiya, anti-Azərbaycan kampaniyası məhz Rusiya tərəfindən gəlir. Rusiya hakimiyyətinə yaxın olan mənbələrdən sızdırılır. Bu da nəzərə alınmalıdır. Təbii ki, Azərbaycan da bunu dəfələrlə, rəsmi səviyyədə də bildirib. Rusiya tərəfi də bunu eşidib. Amma görünür o, bunun qarşısını almaq ya niyyətində, ya da iqtidarında deyil. Azərbaycan bu tədbirləri davam etdirəcək. Ölkəmizə qarşı bu çirkin kampaniyanın qarşısının alınması və qabaqlanması istiqamətində də təsirli tədbirlər görüb, öz qətiyyətli mövqeyini sərgiləyəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular