Dünyada geosiyasi reallıqların sürətlə dəyişdiyi bir dövrdə beynəlxalq və regional təşkilatların rolu getdikcə artır. Qlobal çağırışlar fonunda Avrasiyanın ən böyük qurumlarından biri olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) təhlükəsizlik, iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu təşkilatla əməkdaşlığı isə həm regional sabitlik, həm də çoxtərəfli diplomatiya baxımından xüsusi önəm daşıyır.
2015-ci ildə Azərbaycana ŞƏT-in dialoq tərəfdaşı statusunun verilməsi ilə başlayan əməkdaşlıq illər ərzində davamlı olaraq inkişaf edib. Prezident İlham Əliyevin Səmərqənd, Astana və nəhayət 2025-ci ildə Tiencində keçirilən sammitlərdə iştirakı Azərbaycanın nüfuzunun və beynəlxalq diplomatiyadakı çəkisinin bariz göstəricisidir.
Avqustun 31-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci liderlər sammitində Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olması məsələsində təəssüf ki, Hindistanın əsassız mövqeyi maneə yaratmışdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Hindistanın bu addımı Azərbaycanın Pakistanla qardaşlıq münasibətlərinə görə beynəlxalq təşkilatlar çərçivəsində qisas alma cəhdindən başqa bir şey deyil. Bu, diplomatik baxımdan yanlış, strateji baxımdan isə qısamüddətli və nəticəsiz mövqedir. Belə bir addımın atılması, beynəlxalq əməkdaşlığı şəxsi qisas aləti kimi istifadə etmək dövlətçilik baxımından qeyri-adekvat hesab olunmalıdır.
Azərbaycan üçün isə bu cür davranışların heç bir əhəmiyyəti yoxdur. Ölkəmizin xarici siyasətinin əsasında milli maraqlar, strateji tərəfdaşlıqlar və regionda sabitliyin təmin olunması dayanır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regional və qlobal mövqeləri möhkəmlənib. Bu gün ölkəmiz Avrasiyanın mühüm tranzit mərkəzi, beynəlxalq yükdaşımalarının əsas qovşağı və etibarlı tərəfdaş kimi çıxış edir.
Ölkəmiz Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişməsində yerləşərək beynəlxalq yükdaşımalarının əsas tranzit mərkəzinə çevrilib.
Bir sözlə, Azərbaycanın nüfuzunun artması, strateji mövqeyi və sabitlik siyasəti fonunda Hindistanın nümayiş etdirdiyi mövqe nə ədalətli, nə də uzaqgörən addımdır.
Ölkəmizin ŞƏT-ə üzvlük istiqamətində səyləri davam edəcək və bu yol ölkəmizin çoxtərəfli diplomatiyadakı mövqeyini daha da gücləndirəcək. Çünki Azərbaycan bu təşkilat üçün yalnız iqtisadi və siyasi deyil, həm də strateji-humanitar baxımdan əvəzolunmaz tərəfdaşdır.
Mahir Süleymanlı
Milli Məclisin deputatı