Modern.az

Daxili qoşunların vəzifələri artırılır

Daxili qoşunların vəzifələri artırılır

Parlament

9 Sentyabr 2025, 15:26

Daxili qoşunların vəzifələri artırılır.

Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Yeni qanun layihəsinə əsasən Daxili qoşunlar fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak; 

mühafizə etdikləri obyektə basqının dəf edilməsi, habelə həmin obyektin ərazisinə qanunsuz daxil olmuş şəxslərin axtarılması və tutulması;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki, eləcə də hərbi təchizat anbarlarının və bazalarının mühafizəsi;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin göstərişi əsasında, habelə xidməti vəzifələrin icrası zamanı aşkarlanmış partlayıcı qurğu və maddələrin zərərsizləşdirilməsi və məhv edilməsi.

Daxili qoşunlar aşağıdakı hallarda vəzifələrinin icrasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirirlər: 

ictimai qaydanın qorunması, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması zamanı;
kütləvi iğtişaşların və ictimai qaydanın qrup halında pozulması hallarının qarşısının alınması zamanı;

qanunsuz silahlı birləşmələrin, terror təşkilatlarının və terror qruplarının, habelə silahlı müqavimət göstərən və silahlı basqın edən şəxslərin zərərsizləşdirilməsi zamanı;

dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejiminin təmin edilməsi zamanı;
cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınması zamanı; 

girovların, zəbt edilmiş binaların və digər tikililərin, qurğuların, ərazilərin və nəqliyyat vasitələrinin azad edilməsi zamanı;

mülki hava və ya su nəqliyyatı vasitəsinin, yaxud dəmiryol qatarının zəbt olunması və qaçırılması hallarının qarşısının alınması zamanı;

fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılması zamanı;

cəlb edildiyi təqdirdə Azərbaycan Respublikası ərazisinin müdafiəsi zamanı.

Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunur.

Daxili qoşunların hərbi qulluqçularına həvalə edilmiş vəzifələrin icrası ilə bağlı onların qanuni tələblərinin icrası məcburidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?