Hərbi rütbə vermək səlahiyyəti olan şəxsin hərbi rütbəni aşağı salmaq səlahiyyəti olmalıdır.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində müzakirəsi zamanı Daxili Qoşunların Komandanı Şahin Məmmədov bildirib.
General-leytenant bildirib ki, qanun layihəsində daxili işlər nazirinin səlahiyyətlərində daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verilməsi nəzərdə tutulub.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda həmin vəzifələrin aşağı salınması da müəyyən olunub. Daxili işlər nazirinə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsində polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir”, - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, daxili qoşunların komandanı mayor rütbəsi daxil olmaqla hərbi rütbələr verə bilir.
"Təklifim kapitan hərbi rütbəsindən başlayaraq aşağı hərbi rütbəli zabitlərin rütbələrinin bir pillə aşağı salınması səlahiyyətinin təsbit edilməsidir. Mövcud qanunvericilikdə müdafiə nazirinin müavinlərinə də eyni səlahiyyət verilib. Uyğunlaşdırılmanın aparılması daha doğru olardı", - deyə Şahin Məmmədov fikrini tamamlayıb.