Modern.az

Milli Məclisin hansı komitəsi yaz sessiyasında yaxşı işlədi, kimin qanun layihəsi qəbul edildi, kiminki yox?..

Milli Məclisin hansı komitəsi yaz sessiyasında yaxşı işlədi, kimin qanun layihəsi qəbul edildi, kiminki yox?..

22 May 2014, 12:30

May ayının 30-da Milli Məclis yaz sessiyasının sonuncu iclasını keçirəcək. Maraqlıdır, Milli Məclisin bu ilki sessiyası komitələr üçün necə yadda qaldı? Komitələrin hansı qanun layihələri qəbul olundu və yaxud da hansı qanun layihələri yarımçıq qaldı? 

Modern.az saytı bununla bağlı Milli Məclisdəki komitələr arasında sessiyanın yekunlarına dair sorğu keçirib.

İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, yola saldıqları bu sessiyada “Reklam haqqında” qanun və “Rəqabət məcəlləsi haqqında” qanun qəbul edilmədi.

“Çalışırıq ki, heç olmazsa sonuncu iclasda hər iki qanuna baxılsın. Mümkün olmasa, gələn sessiyada qanunları qəbul etdirmək istəyirik. Çünki sözügedən hər iki qanun layihəsi çox vacib qanunlardır. “2013-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsi”, standartlaşdırma ilə bağlı qanunun layihəsi, Hesablama Palatası haqqında, Vergi məcəlləsinə dəyişikliklər və sosial layihələrə edilən dəyişikliklərin hamısı qəbul olunub”.

Millət vəkili Zahid Orucun da üzvü olduğu Təhlükəsizlik və müdafiə komitəsinin hazırladığı bir sıra qanun layihələri qəbul olunmamış qalıb. Komitə tərəfindən yaz sessiyasının gündəliyinə iki məsələ təklif olunsa da, hər iki qanun layihəsi tamamlanmamış qalıb.

“Əslində həmin qanun layihələri bundan öncəki dövrdə hazırlanmış sənədlər idi. Onlardan biri “Hərbi qulluqçuların statusu haqqında”, ikincisi isə “Silahlı birləşmələr haqqında” qanun layiləsidir. Təəssüf ki, hər ikisi ilə bağlı Silahlı Qüvvələrdən ümumi razılaşdırma tələb olunduğundan onları sona çatdırmaq mümkün olmadı. Komitənin müzakirəsində müəyyən sənəd olmuşdu. Amma hərbi sistemdə baş vermiş dəyişikliyə uyğun olaraq, bizim digər gözləntilərimiz var. Bu da ondan ibarətdir ki, bütün Silahlı Qüvvələrin nümayəndələrindən ibarət yaranmış komissiya parlamentin müvafiq qurumu, indiki halda isə İnzibati və hərbi qanunvericilik şöbəsi ilə birlikdə daha yeni qanun layihələrinin hazırlanması üzərində işləməli idi. Biz bu fikirləri dəfələrlə hərbi sektorun təmsilçilərinə çatdırmışdıq. Bu haqda Komitənin qapalı iclaslarında da mövqelər, fikirlər, hətta müəyyən razılaşmalar da var idi. Hərbi qanunvericilik sistemi yenilənməli, onun beynəlxalq tələblərə uyğunlaşması, Avropa hərbi qanunvericilik sisteminə implemintasiyası üçün son dərəcə böyük işlər görülməlidir. Odur ki, müəyyən addımlar atılıb, amma bizim istəklərimiz  və gözləntilərimiz daha böyükdür”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üçün yaz sessiyası çox uğurlu olub. Belə ki, komitənin təklif etdiyi bütün qanun layihələri qəbul olunub. 

Komitə üzvü Fəzail Ağamalının sözlərinə görə, Milli Məclisdə hüquq siyasəti və dövlət quruculuğu ilə bağlı, eyni zamanda digər komitələrin hüquqi aspektlərinə aid müzakirə edilən, dəstəklənən və plenar iclasa tövsiyyə olunan bütün qanun layihələri qəbul olunub.

“Biz bir qayda olaraq indiyənə qədər qəbul edilmiş və hüquqi islahatların həyata keçirilməsində mühim əhəmiyyət kəbs edən ayrı-ayrı qanunlara, cəmiyyətin inkişaf məntiqinə söykənərək qanunlara əlavə və dəyişikliklər etməyə üstünlük vermişik. Bunula bərabər ötən zaman kəsiyində bir sıra qanun layihələri komitəmiz tərəfindən digər komitələrlə bərabər müzakirəyə çıxarılıb, qəbul olunub. Tikinti Məcəlləsinin uzun müddət idi ki, müzakirəsi və qəbul olunması gözlənilirdi. Bundan başqa, “İctimai İştirakçılıq haqqında qanun” layihəsi də bu sessiyada qəbul olundu. Bütün cəmiyyəti düşündürən və narahat edən “Yol hərəkəti haqqında”,  “Polis haqqında” qanun, məmurların fəaliyyətini tənzimləyən qanunlar haqqında ciddi dəyişikliklər müzakirədən sonra qəbul olunub.
Komitəmiz in müzakirələrindən sonra plenar iclasa təqdim edilən bütün qanun layihələri qəbul olunub. Bu da əlbətdə onu sübut edir ki, komitəmiz cəmiyyətin siyasi, hüquqi sistemini möhkəmlətməkdən ötrü öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirə bilib”.

Hər il aktivliyi ilə seçilən Sosial siyasət komitəsi yaz sessiyasında nədənsə, heç bir qanun müzakirəyə çıxara bilməyib. Komitə üzvü Musa Quliyevin sözlərinə görə, yaz sessiyasında plenar iclaslara heç bir qanun layihəsi təqdim olunmayıb.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyir ki, ötən sessiyada qəbul olunan qanunlar da var, qəbul olunmayanlar da. Millət vəkilinin sözlərinə görə, sonuncu iclasa “Balıqçılıq haqqında” qanuna dəyişiklik ediləcəyi gözlənilir.

Komitə sədri onu da bildirib ki, yaz sesiyasında “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi qəbul olunub. 

“Lakin “Kooperasiya haqqında” qanunu işləyib yaz sessiyasına çatdıra bilmədik. Yəqin ki, payız sessiyasında qanunu təqdim edə biləcəyik”.

Gültəkin ƏLƏSGƏR 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama