Modern.az

Deputat Elton Məmmədov: “Xanımım da bir ana kimi ailəsi üçün narahatdır” - MÜSAHİBƏ

Deputat Elton Məmmədov: “Xanımım da bir ana kimi ailəsi üçün narahatdır” - MÜSAHİBƏ

23 May 2014, 10:01

 “Mənim Eynulla Fətullayevlə, Rauf Arifoğlu ilə ziddiyyətim olmayıb, masa ətrafında nəyi danışacağıq ki?”


Modern.az
saytında “Pəncərə” layihəsinin budəfəki qonağı son günlər adı medianın gündəmindən düşməyən millət vəkili Elton Məmmədovdur.

- Elton müəllim, Azərbaycan son illər bütün sahələr üzrə sürətlə inkişaf mərhələsinə qədəm qoyub. Bir millət vəkili olaraq, ölkəmizin bugünkü inkişafını necə xarakterizə edirsiniz?

-
Müstəqil Azərbaycanın bugünkü inkişafı hər bir Azərbaycan vətəndaşı kimi məni də sevindirir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmiş və cəmiyyətimiz daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə qədəm qoymuşdur. Bu nailiyyətlər dövlət başçısının müasir düşüncə tərzi, dünyagörüşü, zəngin idarəçilik təcrübəsi, Azərbaycanı müasir güclü dövlətə çevirmək istəyi, iradəsi nəticəsində mümkün olmuşdur. 

Həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edilmiş, Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısına və regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir.

Ölkənin təbii sərvətlərinin geniş miqyasda hasilatına və ixracına nail olmaqla yeni impuls qazanan iqtisadi artım dinamikası, hətta qlobal iqtisadi böhran şəraitində belə, Azərbaycan iqtisadiyyatında artımın qeydə alınması seçilmiş strateji kursun uğurla həyata keçirilməsinin təzahürüdür.

Son illər dünya elminin əsas istiqamətlərindən biri sayılan nanotexnologiya çox böyük sürətlə inkişaf edir. Yeni nanotexnologiyalar texniki parkların yaradılmasında innovsiyalara istinad edir.

Cənab prezidentimiz bu gün bütövlükdə Azərbaycan və Azərbaycançılıq naminə öz siyasi əqidəsini ortaya qoyaraq xalqı ətrafında yumruq kimi birləşdirmişdir. Bu, iqtidar və xalq vəhdətidir. Bu vəhdətdən qaynaqlanıb cənab prezidentimizin təbirincə desək, gələcəyə çox nikbin baxıram.

- Bu gün ölkədə gəncliyə və gənc kadrlara önəm verilməsi işi necə qurulub?

-
Cənab prezidentimizin 2003-cü ildən ölkəyə rəhbərlik etməsi ulu öndərin Azərbaycan gəncliyinə inamından və etimadından irəli gəlirdi. İlham Əliyev həm fəxr olunası Azərbaycan gənci, həm də Heydər Əliyev məktəbinin böyük müdavimlərindən idi.

Heydər Əliyev məktəbini keçən İlham Əliyev də zamanla sübut etdi ki, o, ölkənin siyasi konsepsiyasını düzgün qurmağa və bütün  sahələr üzrə hədəfləri doğru müəyyənləşdirməyə qadirdir.

Ölkədə gedən uğurlu islahatlara gənclərin cəlb edilməsi, gənclər siyasəti haqqında qanunun qəbul edilməsi müstəqil Azərbaycan gəncliyinin tam formalaşmasına şərait yaratdı. Cənab prezidentimiz dünya siyasi liderləri arasında xüsusi çəkisi olan gənc prezident kimi Azərbaycan gəncliyinə nümunədir.

Bu gün Azərbaycanda kifayət qədər gənc potensialımız var. Çox təəssüflər olsun ki, Azərbaycan gəncliyinə kölgə salan, ləkə vurmaq istəyən müəyyən daxili qüvvələr var. Bu, arzuedilməz haldır. Kimin övladı olmasından  asılı olmayaraq, həyatda öz mövqeyini formalaşdırmaq istəyən, dövlətinə və xalqına layiqli işlər görmək iqtidarında olan gəncin mənəvi əzablara düçar edilməsinə çalışmaq hansı meyarlarla ölçülür? Unutmayaq ki, onlar Azərbaycan vətəndaşıdırlar. Biz onları ruhlandırmalı, dəstək verməliyik. Çünki onlar bizim gələcəyimizdir. Bu məsələdə Azərbaycan jurnalistkası, Azərbaycan ziyalıları öz qəti mövqelərini bildirməlidirlər.

- Müsahibədən öncə belə bir fikir işlətdiniz: “Düşmənimlə mübarizə apararam”. Bununla nə demək istəyirsiniz?

-
Zəngin mənəviyyatı olan insan heç vaxt böhtan atmaz. Əgər belə hal olarsa, bu gözü götürməməzlikdir. Böhtan və şər, paxıllıq məkrli insanlara xas olan xüsusiyyətdir. Məkrin isə günahı böyükdür və onun cəzasını uca Allah verəcək.

- Elton müəllim, son vaxtlar mətbuatda haqqınızda yazılanlara toxunmaq istəyirəm. Övladlarınız  haqqında olan yazıların sifarişli olduğunu deyirsiniz. Bundan əminsiniz?

-
Əminəm. Jurnalistika həqiqətə söykənməyən məlumatı yaymamalıdır, çünki ictimaiyyətdə müsbət olduğu kimi, mənfi rəyi formalaşdıran da mətbuatdır. Bir millət vəkili haqqında yanlış məlumatın ötürülməsi eyni zamanda həm bir Azərbaycan vətəndaşının və onun təmsil etdiyi seçicilərin heysiyyatı ilə oynamaqdır. Deputatlar arasında kifayət qədər ziyalılar - alimlər, akademiklər var. Onlar Azərbaycanda qanunvericilik hakimiyyətini həyata keçirən orqanın təmsilçiləridir. Bu nöqteyi-nəzərdən də ölçülüb-biçilmiş, dəqiqləşdirilmiş informasiyalar mətbu orqanların nüfuzunun yüksəlməsinə xidmət edər.

- Mətbuatda ailəniz haqqında mütəmadi olaraq yazılar verilir. Bəlkə kimlərləsə şəxsi münasibətləriniz gərgindir?

-
Mənim heç kimlə konfliktim olmayıb. Hətta mənə qərəzli mövqedə olan insanlara qarşı özümü Allahın Quranı-Kərimdə buyurduğu kəlamlarla idarə edirəm. “Onlar pislikdən əl çəkmirsə, mən niyə yaxşılıqdan əl çəkim?!” Bütün insanlara yaxşılıq arzulayıram. Hətta bir hədisdə Allah buyurur ki, “xəlq etdiyim bəndələr arasında mübahisə yaranırsa, onun məşvərət yolu ilə çözülməsini tövsiyə edirəm. Nifaq yaranmasın”.

- Aylardır davam edən gərginliyə masa ətrafında son qoymaq mümkündürmü?

-
Mənim və ailəm haqqında yazan saytlarla heç bir vaxt ziddiyyətim olmayıb. Sayt sahibləri onlara sifariş verənlərdən soruşmalıdırlar ki, “əks tərəf sizinlə hansısa bir münasibətdə olubmu?”.

Mən  Eynulla Fətullayevi görməmişəm. Rauf Arifoğlunu isə tədbirlərdə görmüşəm. Mənim onlarla ziddiyyətim olmayıb. Siz dediyiniz kimi, masa ətrafında nəyi danışacağıq ki? Bu gün onları heç nədə ittiham etmirəm. Öz işləridir. Amma mənim, ailə üzvlərimin,  nəslimin qalmaqallı işlərdə adları heç vaxt hallanmayıb.

- Adətən hər bir ana övladı barədə nəsə eşidəndə narahatlığını gizlədə bilmir. Məlum məsələdə sizin xanımınızın mövqeyini bilmək istərdik.

-
Valideynlər  o zaman sevinir ki, boya-başa çatdırdığı, tərbiyə, təhsil verdiyi övladları  cəmiyyət üçün yararlı övlad olsun. Xanımım da, mən də fəxrlə və qürurla deyə bilərik ki, biz bunu bacara bilmişik.

Övladlarımıza yaxşı tərbiyə, yüksək təhsil vermişik və cəmiyyət üçün yararlı övlad yetişdirmişik. Övladlarımdan biri dövlət qulluğundadır, biri özəl sektordadır. Hər ikisi yüksək beynəlxalq təhsilə malikdir.

Təbii ki, mənim də həyat yoldaşım bir ana olaraq yalana, böhtana tuş gələn ailəsi üçün narahatdır. Amma haqqın öz yerini tutacağına inanır.

- Qardaşınız nəqliyyat naziri Ziya Məmmədovun da bu məsələlərə münasibətini bilmək  maraqlıdır.

-
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, nəqliyyat sistemində də mühüm nailiyyətlər əldə edilmişdir. Bu sahədə nəqliyyat naziri Ziya Məmmədovun xidmətləri danılmazdır.

Azərbaycanda nəqliyyat siyasətinin formalaşmasına rəhbərlik etmək kimi mühüm bir postun etimad edildiyi və bu etimadı daim doğruldan Ziya Məmmədovun da qərəzli və yanlış rəy formalaşdırmaq məqsədilə aparılan kampaniyalara münasibəti bütün həqiqətsevər insanların münasibəti kimidir.

- Ucardan seçilən millət vəkilisiniz. Səhv etmirəmsə, namizədliyiniz “Təhsil” təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçicilərinizlə tez-tez görüşürsünüz?

-
Seçicilərimlə mütəmadi olaraq görüşürəm. O məsələ ilə bağlı sistemli iş qurulub. Rayonda qərargah yaratmışam. Problemi olan insan  gün ərzində oraya yaxınlaşır. Bir qisim məsələlər yerində həll olunur, digər məsələlərlə bağlı isə aidiyyəti təşkilatlara sorğular göndərilir. Qarabağ və Böyük Vətən müharibəsi əlillərinə nəqliyyat vasitəsindən tutmuş mənzillərin verilməsinə qədər köməklik etmişəm.

- Maraqlıdır, Elton Məmmədov xeyriyyəçiliklə məşğul olurmu? İmkansız ailələrə kömək edirmi?

-
Təbii ki, mənim də kömək etdiyim ailələr var. Amma, necə deyərlər sağ əlin verdiyini sol əl bilməməlidir.

- Sizin doğulduğunuz ailə böyük olub. Ailənin maddi yükü necə idi?

-
Dediyiniz kimi, böyük ailə olmuşuq. Anam qəhrəman anadır, bu gün 90 yaşı var, atam müəllim olub. Ailədə 10 uşağın böyüməsi, onlara ali təhsil verilməsi asan məsələ deyildi. Amma valideynlərimin zəhməti və əzmi sayəsində bu çətinliyin öhdəsindən gələ bildik.

- Yenə bayaqkı məsələylə bağlı sual vermək istəyirəm. Son vaxtlar mətbuatda yazılanlara fikir versəniz, daha çox Ziya Məmmədovla sizin adınızın hallandığını görə bilərsiniz. Sizcə, bu məsələlərdə əsas hədəf kimdir?

-
Ziya Məmmədov və Elton Məmmədov bu gün sağlam cəmiyyət üçün nə qədər maraqlıdırsa, o qədər də qara qüvvələr üçün maraqlıdır. Özləri hakimiyyətdə olub hakimiyyət formalaşdıra bilməyən, idarəçilik prinsiplərini bilməyən, idarə olunmanı bacarmayan bu insanlar ölkə rəhbərinin sağlam əqidəsi ətrafında birləşən sağlam düşüncəli insanları istəmirlər. Ziya Məmmədov ölkə rəhbərinə ən sədaqətli insanlardan biridir. Elton Məmmədov da millət vəkili olaraq Heydər Əliyev və İlham Əliyev siyasətinə sədaqətlə xidmət edən, ölkə qanunvericiliyinin təkmilləşməsində əməyi olan bir şəxsdir.

Odur ki, burada əsas məqsəd qazanılan uğurlara kölgə salmaqla düşmən dəyirmanına su tökməkdir.

- 2015-ci ildə növbəti parlament seçkiləri keçiriləcək. Namizədliyinizi yenidən irəli sürmək fikriniz varmı?

- Bunu zaman göstərər.

Müsahibimiz haqda qısa məlumat:

Elton Arzuman oğlu Məmmədov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, texnika elmləri doktoru, professor.

MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini.

GUAM-ın Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Assambleyanın İqtisadi və maliyyə məsələləri komitəsinin sədri.

Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri.

O, 27 elmi əsərin, 3 elmi monoqrafiyanın, 3 ixtiranın və 1 ali məktəblər üçün dərslik kitabının müəllifidir.

Elton Məmmədov Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri əsasında “Neft və neft məhsullarının istilik-fiziki xassələri” elmi-tədqiqat laboratoriyasını yaratmış və bu sahədə layihələrin həyata keçirilməsini təşkil edir.

E.Məmmədov orden və medallar və qızıl döş nişanları ilə təltif edilib.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama