Modern.az

Yenidən deputat olmaq istəyirsinizmi? - DEPUTATLARDAN CAVAB - “Bir dəqiqə sonra bizi nə gözləyir bilmirik”

Yenidən deputat olmaq istəyirsinizmi? - DEPUTATLARDAN CAVAB - “Bir dəqiqə sonra bizi nə gözləyir bilmirik”

12 Yanvar 2015, 16:04

Bu il dördüncü çağırışda Milli Məclisə seçilən deputatların səlahiyyəti başa çatacaq. Modern.az saytı ayrı-ayrı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini öyrənib. Eyni zamanda onlardan 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəkləri soruşulub.

Qeyd edək ki, bütün deputatların bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq.



60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalı
böyük məmnuniyyətlə növbəti 5 ildə mandat almaq istəyir: “Milli Məclisin deputatının Azərbaycan Konstitutsiyası ilə müəyyən olunan səlahiyyətləri var. O səlahiyyətlər çərçivəsində işimizi qurmalı və tövfəmizi verməliyik. Deputatlar Konstitusiyaya uyğun olaraq, qanunvericilik bazasının yaradılması sahəsində fəaliyyət göstərirlər. Bundan o tərəfə Milli Məclisin deputatlarının hər hansı öhdəlik götürmək və o öhdəliyin yerinə yetirilməsi haqqında vədlər vermək səlahiyyəti yoxdur. Reallıq bundan ibarətdir ki, bir sıra hallarda ayrı-ayrı icra strukturlarının yerinə yetirə bilmədikləri və ya yeinə yetirmək istəmədikləri, bürokratik əngəllər, biganəlik ucbatından vətəndaşlarımızın bəzi hallarda gözləntiləri reallaşmır. Onların hüquqları pozulur və sairə. Bu cür hallarla üzləşəndə deputatlara seçiciləri müraciət edir. Biz də seçicilərimizin hüquqlarının müdafiəsində onların qaldırdıqları məsələlərin həllində öz töhfəmizi verməliyik. Əslində bundan o tərəfə vəd yoxdur. Platformada “qaz çəkdirəcəm, yol çəkdirəcəyəm, məktəb tikdirəcəyəm” kimi vədlər əks olunur. Bunların hamısı populizmdən başqa bir şey deyil. Bütün bunların hamısını dövlət həyata keçirir. Biz bəzi məsələlərdə nə öhdəlik götürə bilərik, nə də vəd verə bilərik?.. Görmək istədiyimiz bir çox işlər yerinə yetirilib, bəzilərini həll etmək üçün zamana ehtiyac var. Növbəti parlament seçkilərinə gəlincə, namizədliyimi vermək fikrim var. Sağlıq olsun”.



22 saylı Nəsimi ikinci seçki dairəsinin deputatı Asim Mollazadə
növbəti parlament seçkiləri ilə bağlı danışmağın tez olduğunu düşünür: “2010-cu il seçki platformasında verilən vədləri yerinə yetirdik. Çünki biz yerinə yetirə bilməyəcəyimiz vədləri verməmişik. Əsas səylərimiz də ölkənin təhsil sistemini dəyişdirmək, seçicilərimizin hüquqlarının müdafiəsi ilə bağlı idi. Biz də bu işlərlə məşğul olmuşuq. Əksər hallarda məmur özbaşınalığının qurbanı olan məqamlarda seçicilərin hüquqlarını müdafiə edə bilmişik. 5 il ərzində fəaliyyətimizi təqdim etdiyimiz platformanın çərçivəsi daxilində  həyata keçirmişik. Növbəti parlament seçkilərinə hələ vaxt var. Kimlər namizəd olacaq, seçkidə necə iştirak edəcəyik, bunu zamanı gələndə müəyyənləşdirəcəyik”.



47 saylı Mingəçevir seçki dairəsinin deputatı Aydın Mirzəzadə
növbəti dəfə deputat seçilib-seçilməməsi üçün YAP rəhbərliyinə sualla müraciət etməyi tövsiyə edir: “Hər parlament seçkisi öncəsi seçicilərim qarşısında iki öhdəliklə çıxış etmişəm. Birincisi, Konstitusiya ilə üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacağımı demişəm. İkincisi, hər biriniz üçün açıq olacağam demişəm. Mənə istənilən vaxt istənilən mövzu ilə əlaqədar müraciət edə bilərsiniz. Bunu nə dərəcədə edə bildiyimi deyə bilmərəm. Qiyməti seçici verməlidir. Çalışmışam ki parlamentdə deputat-vətəndaş kimi ümummilli məsələlərə münasibətimi bildirəm. Göstərilən etimadı doğrultmağa çalışmışam. Eyni zamanda, bu müddət ərzində seçicilərimlə daima ünsiyyətdə olmağa çalışmışam. Mövzu məhdudiyyəti və əvvəlcədən yazılış olmadan istənilən insan istənilən mövzu üzrə mənə müraciət edə bilir. Müraciətlər müxtəlif səpkidə olur. Hüquqi, şəxsi məsələlərdən tutmuş ümumdövlət məsələlərinə qədər. Əvvəllər 4 tələbə idi, indi isə 6 nəfərdir, onların təhsil haqlarının yarısını mən ödəyirəm. Bunu özümə sevinc kimi qəbul edirəm. Təxminən bu vaxta qədər 30-yaxın tələbə bu mərhələdən keçə bilib. Mətbuatla açıq olmağa, hər hansı məsələyə mövqeyimi bildirməyə çalışıram. Siyasi baxışlarım açıq və həmişə prinsipial olub. Ulu öndər Heydər Əliyevin  siyasi kursunu müdafiə edərək siyasətə gəlmişəm. Bu gün də həmin siyasi kursa bağlıyam. Cənab prezidentimizin siyasi kursunu müdafiə edirəm. Özümü bu yolun sıravi əsgəri hesab edirəm. Nə dərəcədə vəzifəmi, deputata qarşı tələbləri  yerinə yetirə bilmişəm, bunu seçicilərim, kənar şəxslər deməlidir. Növbəti parlament seçkilərində iştirakıma gəlincə, bunu YAP rəhbərliyinə ünvanlamalısınız. Mən heç nə deyə bilmərəm”.



111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı  Kamilə Əliyeva
öncədən danışmağı doğru hesab etmir: “Hər bir deputatın seçki öncəsi paltforması olur. Digər deputatlarda olduğu kimi, mənim də seçki platformam olub. Həmin platformaya uyğun olaraq deputat seçilmişəm. Daim çalışmışam ki, seçicilərimin problemləri ilə maraqlanım. Mütəmadi olaraq onlarla görüşlər keçirmişəm. Milli Məclisdə qəbullar təşkil edərək, onların problemləri ilə yaxından tanış olmuşam. Biz qanunverici orqan olduğumuzdan seçicilərin problemlərini qaldırmaq, həmin problemləri müvafiq orqanlara çatdırmaq, həllinə nail olmaq qarşımızda duran  əsas məsələlərdən biridir. Mən də 111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı olduğum üçün sakinlərin problemləri ilə yaxından tanış olmuşam və həll olunmasına çalışmışam. Deyə bilmərəm ki, seçicilərimin mənə ünvanladıqları bütün məsələlərinin həllinə 100 faiz nail olmuşam. Seçicilər istənilən mövzu ilə bağlı deputata müraciət edirlər. Əfsus,  elə problemlər olur ki, səlahiyyətlərimə daxil deyil. Amma əksər məsələlərlə əlaqədar nazirliklərə, müvafiq dövlət qurumlarına müraciət etmişəm və həllinə nail olmuşam. Növbəti parlament seçkilərinə gəlincə, məncə, bu barədə danışmaq tezdir. Bir dəqiqə sonra bizi nə gözləyir bilmirik. Ona görə də 10 ay öncədən danışmaq istəmirəm. YAP-ın üzvüyəm. Əgər partiya və seçicilərim mənə etimad göstərərsə, namizədliyim irəli sürülərsə, yenidən seçilmək istərdim.  



31 saylı Suraxanı ikinci seçki dairəsinin deputatı Fərəc Quliyev
növbəti dəfə deputat seçilməsini partiyanın və seçicilərin istəyinə bağlı məsələ hesab etdiyindən bu barədə danışmağın tez olduğunu deyib: “5 il bundan qabaq prinsipial məsələlərlə, yəni Milli Məclisin deputatının üzərinə düşəcək ümumi plaformamla bağlı çıxış etmişdim. Bu da özünü doğrultdu. Burda söhbət Azərbaycanın mövqelərini xaricdə normal təbliğ etməkdən, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan, Dağlıq Qarabağla bağlı əlimizdən gələn bütün məsələləri qaldırmaqdan gedir. Yeri gəlmişkən, dünyanın 17 ölkəsində Qarabağ dinləmələrində iştirak etmişik. Bəzilərində məruzəçi olmuşam. “Avronest”də Qarabağla bağlı məsələlər qaldırmışam. Yerevanda Sərkisyanın otağında Qarabağla bağlı 24 ölkənin iştirakı ilə onun üzünə həqiqətləri demişəm. Yəni Azərbaycanın ana prinsipi budur. Bununla bərabər platformamda hərbçilərin vəziyyətlərinin dəyişməsi ilə bağlı söz vermişdim. Qaldırdığımız təkliflərlə əlaqədar xidmət müddətləri bitəndən sonra hərbçilərin mənzil təminatları ilə bağlı prezidentin sərəncamı oldu. Bizim də bu məsələdə təkliflərimiz nəzərə alındı. Bələdiyyələrlə bağlı təkliflərimiz olub. Az da olsa, onların vəsaitlərinin artırılmasına nail olduq. Şəhid ailələri ilə bağlı məsələlər qaldırdıq. Demək olar ki, verdiyimiz ana prinsiplər nəzərə alındı. İşə düzəltməklə bağlı ciddi problemlərimiz olub. Bu gün də davam edir. Demək olar ki, bütün müraciətlərə reaksiya vermişik. Elə seçici müraciəti olmayıb ki, ona biganə qalaq.  Növbəti parlament seçkilərinə gəlincə, bunu partiya müəyyənləşdirir. Bu həm də seçicilərin istəyinə bağlı olan məsələdir. İndidən nəsə demək tezdir”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama