Modern.az

“Ermənistan dünya ictimaiyyətinə və ATƏT-ə meydan oxuyur”

“Ermənistan dünya ictimaiyyətinə və ATƏT-ə meydan oxuyur”

14 Yanvar 2015, 17:33

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb. Monitorinq zamanı erməni silahlı bölmələri mövqelərimizə atəş açıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Modern.az-a açıqlamasında məsələni belə şərh edib: “Dəfələrlə ATƏT-in fəaliyyətdə olan sədirinin və onun işçilərinin iştirakı ilə belə monitorinqin keçiriləcəyi haqqında məlumatlar alırıq.

Bir qayda olaraq bu məlumatların sonunda monitorinq zamanı hansısa bir insidentin baş vermədiyi vurğulanır. Hər dəfə bu ifadənin özü 22 ildən artıq müddətdə hər gün insidentlərin baş verdiyini eşidən, müşahidə edən Azərbaycan xalqının nümayəndəsi olaraq hər kəsdə acı təbəssüm doğurur. Bu dəfə isə fərqli məlumatların şahidi oluruq. Erməni tərəfi monitorinqin gedişində nümayəndə heyətini atəşə tutub və həmin məqamda atəşkəsin pozulduğunun şahidi olublar. Bunun yeni bir vəziyyət doğuracağını düşünmürəm. Çünki monitorinqin keçirilməsi müddətlərində atəşkəsin hər gün pozulduğunu ATƏT-in fəaliyyətdə olan sədri və onun nümayəndələri görməmiş deyillər. Bu barədə informasiyalar toplanılır”.

Bahar Muradovanın fikrincə, ATƏT rəsmiləri bu insidentə mütləq öz münasibətlərini bildirməlidir: “Bu dəfə Ermənistan tərəfi açıq şəkildə saymazlıq nümayiş etdirərək monitorinqin keçiriləcəyindən məlumatlı olduqları halda ATƏT nümayəndələrini atəşə tutmaqdan çəkinməmələri onu göstərir ki, ermənilər artıq beynəlxalq vasitəçilərin nümayəndələrinin də gözü qarşısında belə addımları atmaqdan çəkinmirlər.

Çünki uzun illər mövcud olan cəzasızlıq mühiti təkcə təcavüz aktına, ərazinin işğal altında saxlanmasına deyil, hər gün dinc əhalinin atəşə tutulması və insanların həyatlarını və əmlaklarını itirməsi ilə bağlı baş verən bu cür hadisələrə dözümlülük, dırnaqarası tolerantlıq elə həmin ATƏT-in vasitəçiləri onların nümayəndələri tərəfindən erməniləri və Ermənistanı hazırki dünya ictimaiyyətini və ATƏT-in özünü saymamaq kimi bir vəziyyətə gətirib çıxarır.

Hər halda, düşünürəm ki, ATƏT-in Serbiyadan olan sədrinin bölgəyə gələcəyi ilə bağlı informasiyaların yayıldığı bir zamanda bu hadisənin baş verməsi monitorinqi həyata keçirən insanların həyatını təhlükə altına alması və ərazini atəşə tutması onu göstərir ki, Ermənistanın çəkinəcəyi bir şey qalmayıb.

Bütün dünya ictimaiyətinə və ATƏT-ə meydan oxuyurlar. Düşünürəm ki, ATƏT və onun rəsmiləri bununla bağlı ciddi mövqelərini bildirməlidirlər”.  

Namidə BİNGÖL


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama