Modern.az

Oqtay Əsədov: “Elə danışdın ki, məni lap ağlamaq tutdu”

Oqtay Əsədov: “Elə danışdın ki, məni lap ağlamaq tutdu”

2 Fevral 2015, 17:07


Parlamentin bugünkü iclasında deputat Etibar Hüseynov Azərbaycan polisinin hüquq və səlahiyyətlərinin artırılması təklifi ilə çıxış edib. Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, mətbuatda elə gün olmasın ki, polisə zorakılıq, üstünə maşın sürmək, poqonunun sökülməsi hallarına rast gəlməyək:

“Kütləvi iğtişaşlar istisna olmaqla, dünyanın hansısa ölkəsində belə halların şahidi olmamışam. Biz polisə qarşı hörmətimizi dəyərləndirməliyik. Onlar böyük tıxaclar vaxtı, yayın istisi, qışın soyuğunda gərgin rejimlə işləyirlər. Küçədə birini bıçaqlayanda polis gəlməmiş həll olmur. Adi vaxtda isə polisin göstərişlərinə əməl etmirlər. Rusiyada polisin göstərişinə dizləri titrəyərək əməl edən şəxs Azərbaycan sərhədini keçəndə polislə aqressiya ilə danışırlar”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq bildirib ki, ölkədəki polislər öz işlərini lazımi səviyyədə görürlər: “Polislərimiz haqqında elə danışdın ki, məni lap ağlamaq tutdu. Sən bizim polisi belə aciz görmüsən? Onların kifayət qədər səlahiyyətləri var. Hətta onlar özlərinə və dövlətə cavabdeh olan insanlardır. Bu günə qədər də heç bir polisin döyülməsi halları ilə rastlaşmamışam. Polis ola-ola maşınların sürəti kəllə-çarxa çıxıb. Düşünün ki, polis olmasa ölkədə vəziyyət necə olardı”.

Deputat Siyavuş Novruzov isə bildirib ki, İnzibati Xətalar Məcəlləsi yenidən çap edilsin:
“Hesablamalarıma görə, bu günə qədər məcəllədə 1000-dən çox dəyişiklik olub. Bu da məhkəmə və hüquq mühafizə orqanlarının işində müəyyən problem yaradır. Məhkəmə prosesi zamanı yeni dəyişiklik əvəzinə köhnə qaydaya görə qərar çıxarılır ki, bu da sonda ciddi problem yaradır. Bu baxımdan təklif edərdim ki, Milli Məclisin yaz sessiyası ərəfəsində İnzibati Xətalar Məcəlləsi yenidən nəşr edərək cəmiyyətə yeni formada təqdim edək”.

Spiker Oqtay Əsədov onun təklifinə cavab olaraq deyib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik verənlərin əksəriyyəti məhz hüquq mühafizə orqanlarıdır:  “Odur ki, bu məcəllənin yeni formada nəşrinə ehtiyac yoxdur. Çünki məcəlləni yox, qanunları yenidən çap etməliyik”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama