Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır.
Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini öyrənir, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəkləri soruşur.
Bu dəfə suallarımıza 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilən Rüstəm Xəlilov cavab verir.
- Sabirabaddan seçilən deputatsınız. 4 il bundan qabaq seçki platformanızı necə qurmuşdunuz? Hansısa vədlər vermişdinizmi?
- Heç vaxt seçicilərimə nəyisə vəd verməmişəm. Bunu xoşlamıram. Çünki yalan vəd verməyi sevmirəm. Bunu seçicilərim də bilir. Onlarla tez-tez görüşürəm. 4 il bundan qabaq deputatlığa namizəd olanda seçicilərimlə ümumi söhbətimiz, müzakirələrimiz olub. Hansısa məsələnin həlli ilə bağlı seçicilərimlə görüşmüşəm. Aidiyyəti qurumlara, təşkilatlara, dövlət idarələrinə müraciət etmişəm, deputat sorğusu göndərmişəm. Hətta özüm birbaşa müraciət də etmişəm. Təbii ki, bir çox məsələlər öz həllini tapıb. Amma deputatlığa namizəd olduğum müddətdə “yol çəkəcəm”, “ev tikdirəcəm” kimi söhbətlər olmayıb. Seçicilərimlə söhbətlərimiz açıq müstəvidə olub. Münasibətlər siyasi formada qurulmayıb.
- 4 il ərzində deputat olduğunuz Sabirabad rayonunda yarımçıq qalan işlər varmı? Məktəb, xəstəxana tikilişi tam başa çatıbmı?
- Etiraf edim ki, bu, cənab prezidentin imzaladığı dövlət proqramından irəli gələn məsələlərdir. Təkcə Sabirabad deyil, respublikanın bütün bölgələrində abadlıq-quruculuq işləri gedir. 4 il ərzində Sabirabadda magistral yolun çəkilişi, məktəblərin təmiri və tikintisi həyata keçirilib. Sabirabadda iki körpü tikilərək vətəndaşların sərəncamına verilib. Bunlar Şirvan şəhəri ilə Sabirabadı birləşdirən və Cavad kəndi ilə Sabirabad şəhərini birləşdirən körpülərdir. Təbii ki, bu deputat fəaliyyəti deyil. Deputat kimi mənim də müəyyən qədər fəaliyyətim olub.
- Adətən, deputat-məmur münasibətləri hansısa məsələlərin həll edilməsində pozulur. Maraqlıdır, sizinlə Sabirabad icra hakimiyyəti arasında ilə hansısa məsələdə fikir ayrılıqları oldumu? İcra başçısı bir sözünüzü iki edibmi?
- Təkcə icra başçısı deyil, bütün aparatla səmimi çalışmağa üstünlük verirəm. Rayonla bağlı olan problemləri bir yerdə müzakirə edirik. Bu günə qədər nə mən, nə də Sabirabad rayon icra hakimiyyəti başçısı tərəfindən narazılıq olub. Sabirabadın icra başçısı öz işi ilə məşğuldur. Mən də öz fəaliyyətimlə məşğulam. Aramızda “onun sözü, mənim sözüm” məsələsi olmayıb. Hər birimiz dövlətə, xalqa xidmət edirik.
- Sabirabad əhalisinin problemləri əsasən hansı məsələlərlə bağlı olur? Seçiciləriniz hansı problemlərdən şikayət edirlər?
- Düzünü desəm, seçicilərlə görüşdə əvvəlki zamanla müqayisədə şikayətlər azalıb. Əvvəllər qaz, işıq, su problemi daha çox idi. İndi isə xeyli azalıb. Seçicilər görür ki, respublika üzrə problemlər ilbəil aradan qaldırılır. Ona görə də şikayətlər də azalıb. Sadəcə, kiçik problemlər hələ də mövcuddur. Həmin problemlər qabardılaraq gündəmə gəririlir. Məsələn, ucqar bir kəndin su problemi olursa, seçicilər bilir ki, qısa müddətdə həllini tapacaq. Elə məsələlər tez bir zamanda öz həllini tapıb. 10 il bundan qabaqkı şikayətlər 60-70 faiz azalıb.
- Elə seçicilər olur ki, sizə aidiyyəti olmayan məsələlərlə bağlı müraciət edirlər?
- Mənə dediyiniz formada müraciətlər daha çox olub. Seçildiyim dairədə məni uzun illərdir hamı tanıyır. Ona görə də mənə deputat kimi yox, o regionun övladı kimi müraciət edirlər. Belə bir ifadə var: Yerli, dost, qohum. Bu cür hallardan dolayı məni özlərinə yaxın bildiklərindən mənə aidiyyəti olmayan məsələlərlə bağlı müraciət edirlər. Mən də imkan daxilində müəyyən köməklik etməyə, tövsiyələr verməyə çalışıram. Həmin köməklikləri deputat fəaliyyətimə qatmıram. Onlar mənə müraciət ediblərsə, deməli, məni özlərinə daha yaxın hesab edirlər.
- Maraqlı seçici müraciəti olubmu?
- Mənim dairəm olmayan Cavad kəndindən bir nəfər problemi ilə bağlı müraciət etmişdi. Problemi həll edəndən sonra həmin kəndin sakinindən təşəkkür məktubu aldım. Göründüyü kimi, seçicilər çox vaxt təşəkkür etməyi də unutmurlar. Deməli, kiməsə köməkliyim dəyibsə bu, məni də sevindirir.
- Növbəti parlament seçkilərinə qatılmağı düşünürsünüzmü?
- Düzü, bu haqda hələ heç nə deyə bilmərəm. Təbii ki, müəyyən qədər fikirlərim var. Hələ qəti qərara gəlməmişəm. Bircə onu deyə bilərəm ki, deputatlıq çox şərəfli, çətin və məsuliyyətli bir vəzifədir.
Namidə BİNGÖL