Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Ermənistan tərəfindən girov saxlanılan azərbaycanlılarla bağlı Modern.az-a müsahibə verib.
- Girov götürülən azərbaycanlı girovların növbəti “məhkəməsi” fevralın 26-da təyin olunub. Ermənistan rəhbərliyinin bu addımı hansı siyasətin göstəricisidir?
- Ermənistan bu prosesdə kriminal bir məntiqlə davranır. Əsas məqsəd bizim bir daha hissiyyatımıza toxunmaq və öz dövlətlərini qurduqlarını bəyan etmək üçündür. Onlar bununla da göstərmək istəyirlər ki, Dağlıq Qarabağ artıq bir “dövlət”dir və onun “məhkəmə sistemi” var. Azərbaycanlıların hislərini zədələmək, bizi bir az da özümüzdən çıxarmaq və xalqın qüruruna toxunmaq üçün hər cür addım atırlar.
- Girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun geri qaytarılma şansını necə dəyərləndirirsiniz?
- Təbii ki, Rusiya onları qaytartmaq istəyərsə, proses mümkün ola bilər. Lakin görünür ki, nə Rusiya, nə də Minsk qrupunun digər həmsədrləri bununla məşğul olmaq istəyir.
- Bəs, onda hansı səbəblərə görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik girovların qaytarılması ilə bağlı açıqlama vermişdilər?
- Diplomatiya və siyasətdə əsas prinsip üzdə başqa bir sözün deyilməsi, arxada isə başqa qərarların qəbul edilməsindən ibarətdir. Təbii ki, onlar məsələnin həllinin tərəfdarı olsaydılar, girov saxlanılan şəxslər çoxdan geri qaytarılardı. Onlar nə girovların qaytarılmasını, nə də Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirlər. Münaqişənin qalması həm ABŞ-a, həm də Rusiyaya Azərbaycana təsir etmək imkanı verir.
Xatırladaq ki, Kəlbəcərə doğmalarının məzarlarını ziyarət etmək məqsədilə gedərkən Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü və Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən qondarma ittihamlarla “məhkəmə”yə çəkilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin “apelyasiya şikayəti”nə fevralın 26-da baxılacaq.
Şahin Qocayev