Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini soruşur.
Bu dəfə suallarımıza 42 saylı Sumqayıt ikinci seçki dairəsinin deputatı Musa Qasımlı cavab verir.
- Musa müəllim, siz 2010-cu ildən Milli Məclisin deputatsınız. Maraqlıdır, deputatlığa namizəd olarkən seçki platformanızı necə qurmuşdunuz?
-Təvazökarlıqdan uzaq olsa da, seçki texnologiyasını pis bilmirəm. Beynəlxalq seçki meneceri sertifikatım var. Seçkiqabağı kampaniya zamanı platformam konkret və aydın idi. Seçicilərə deyirdim ki, sizin üçün əlçatan deputat olacağam, problemlərinizin həllinə sizinlə birlikdə çalışacağam, mənə səs verdiyiniz üçün utanmayacaqsınız, mənim seçilməyim sizin seçilməyiniz olacaq. Verdiyim vədlərə riayət etmişəm. Fikrimcə, seçicilərimi qanunverici orqanımızda layiqincə təmsil edə bilmişəm, mənə səs verdikləri üçün utanmayıblar.
-Seçiciləriniz sizi deputat seşdiklərindən utanmayıblarsa, bu o deməkdir ki, vədlərə daha yaxşı yerinə yetirmisiniz. Eyni zamanda, üzərinizə götürdüyünüz öhdəlikləri tam olaraq yerinə yetirə bilmisinizmi?
-Verdiyim vədləri yerinə yetirməyə çalışmışam. Ötən dörd il ərzində deputat olaraq bir neçə səviyyədə fəaliyyət göstərmişəm. Milli Məclisin plenar və komitə iclaslarında çıxışlar etmişəm. Müəyyən təklifləri irəli sürmüşəm. Qanun layihələri haqqında mülahizələrimi söyləmişəm. Seçicilərimlə görüşlərim olub. Azərbaycanda olduğum müddətlərdə həftədə bir dəfə Sumqayıta getmişəm. Hər bir seçici istədiyi zaman mənə zəng edə bilib. Şəhərdə keçirilən toplantılarda iştirak etmişəm. Seçici üçün əlçatan olmuşam. Ölkə KİV-lərində - qəzet, radio, televiziya və saytlarında çıxışlarım olub, müsahibələrim dərc edilib. Ölkənin ictimai həyatında fəal iştirak etmişəm. Sumqayıtdakı “Dünya TV”də dəfələrlə canlı yayımda çıxışlarım olub. Xarici ölkələrdə Azərbaycan tarix elmini layiqincə təmsil etmişəm. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yayılması istiqamətində bacardığımı etmişəm.
-Deputat seçildiyiniz dairədə hansı işləri görmüsünüz?
-Seçicilərimin xeyir-şər məclislərində imkanlarım daxilində iştirak etmişəm. Sevinclərinə qoşulmuşam, kədərlərini bölüşmüşəm, öz kədərim kimi qəbul etmişəm. Dairədəki bütün məktəblərdə olmuşam. Keçirilən məktəb tədbirlərində çıxışlar etmişəm. Fiziki cəhətdən qüsurlu olan uşaqların təhsil aldığı məktəbə bir neçə dəfə getmişəm. Digər müəssisələrə də baş çəkmişəm. İcra hakimiyyətinin təşkil etdiyi toplantılar zamanı da seçicilərimlə görüşmüşəm. Sumqayıt Dövlət Dram Teatrında seçicilərimin bir qrupu ilə birlikdə tamaşalara baxmışam. İdman yarışlarını seçicilərimlə birlikdə izləmişəm. Seçicilərimin arzu və istəklərini parlament tribunasından səsləndirmişəm.
-Musa müəllim, çox zaman hörmətli deputatlarımız seçicilərin istəklərinin həyata keçirilməsi istiqamətində işlər görsə də, seçicilər icra hakimiyyətləri ilə müəyyən problemlər yaşayırlar. Deputat olaraq, dörd il ərzində hansısa məsələdə icra hakimiyyəti ilə münasibətləriniz qanedici səviyyədə olubmu?
-Ötən dörd ildə şəhər İcra Hakimiyyəti ilə aramızda heç bir fikir ayrılığı, ixtilaf olmayıb. Bilirsiniz ki, dövlət hakimiyyətinin müxtəlif qanadları olan icraedici və qanunverici orqanların səlahiyyətləri qanunlarla tənzimlənir. Mən səlahiyyətlərimi aşmıram. Yerimi bilirəm. Mən icra hakimiyyətinin, icra hakimiyyəti də mənim işlərimə qarışmır. Ona görə də mehriban, əməkdaşlıq şəraitində işləyirik.
-Deputat olaraq, xaricdə hansı işləri görmüsünüz?
-Ötən dörd ildə həm parlament, həm də elmi fəaliyyət xətti ilə bir neçə ölkədə səfərdə olmuşam. Azərbaycan elmini layiqincə təmsil etməyə çalımışam. Tariximizin ən aktual məsələlərinə həsr olunmuş və Bakıda nəşr edilmiş monoqrafiyalarım xarici dillərə tərcümə edilib.2010-2014-cü illərdə Moskvada 3, İstanbulda 1, Ankarada 2, Kiyevdə ukraynalı alimlərlə birgə 1 kitabım, bir neçə ölkədə onlarlaelmi məqaləm nəşr edilib. Rusiya, Türkiyə və Gürcüstan arxivlərindən topladığım materiallar əsasında uydurma erməni məsələsi və uydurma erməni soyqırımı, erməni silahlı dəstələrinin və daşnak Ermənistanının dinc türk və müsəlman əhaliyə qarşı törətdikləri qırğınlara və soyqırımlara həsr edilmiş iri həcmli monoqrafiyam Bakıda Azərbaycan dilində, Moskvada rus dilində, Ankarada türk dilində nəşr edilərək yayılıb. Hətta Moskvanın ən böyük kitab dükanlarından biri saytında “bestseller” olaraq göstərib.Əvvəlki illərdə nəşr olunan kitablarımla yanaşı 2010-2014-cü illərdə də yeni kitablarım ABŞ Konqres kitabxanasının, Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və b. ölkələrin kitabxanalarınınkataloqlarına daxil edilib. Onlara dünyanın bir çox alimləri istinadlar ediblər. Xarici ölkələrdə müsbət rəylər dərc olunub.
Xocalıda Ermənistanın dövlət səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət edərək törətdiyi soyqırıma, ölkəmizə təcavüzünə dair Almaniyanın Berlin, Bielefeld, Hamburq, Dortmund, Türkiyənin Ərzurum, İstanbul, Ankara, Bitlis, Ədirnə, Balıkesir, Rusiyanın Nijni Novqorod şəhərlərdə keçirlən elmi konfranslarda və b. bir neçə dəfə elmi məruzələrlə çıxışlar etmişəm. Xarici KİV-lərə müsahibələr vermişəm.
-Seçicilərlə görüşlərdə əsasən hansı məsələlər qabardılıb?
-İndiyədək seçicilərimdən təqribən 200-250 məktub almışam. Bütün məktubları şəxsən oxuyuram. İnsanlar indi artıq adi sosial məsələləri günədəliyə çox da gətirmirlər. Məsələn, onlar əgər əvvəllər şəhərdəki iri prospektlərin asfaltının dəyişdirilməsini istəyirdilərsə, indi həyətlərində asfaltın dəyişdirilməsini, əvvəllər binaların damının təzələnməsini istəyirdilərsə, bu gün blokların giriş qapılarının təzələnməsini istəyirlər. Bəzi yerlərdə elektrik kabellərinin açıq olmasının narahatverici olduğunu deyirlər.Səhv etmirəmsə, ötən ilin son altı ayında Sumqayıt şəhər sakinləri 10 mindən çox avtomobil alıblar. Elələri də var ki, digər şəhərlərin və Bakının nömərləri ilə özlərinə avtomobil alıblar. Bu, artıq sosial məsələ deyil, insanların daha yaxşı, rahat yaşamaq istəyinin göstəricilərindən biridir. Seçicilər bu gün dünənkindən, sabah bu günkündən yaxşı yaşamaq istəyirlər. Bu, qətiyyən pis deyil, yaxşı, xoş bir istəkdir, ona sevinmək lazımdır. Bu istək sabaha inamın, inkişafımızın və cənab Prezidentimiz İlham Əliyev başda olmaqla indiki hakimiyyətə etimadın göstəricisidir.
-Bu günə qədər sizə aidiyyatı olmayan məsələlərlə bağlı müraciətlər olubmu?
-Olub. Deputat səlahiyyətinə aid olmayan müraciətləri müvafiq orqanlarımıza göndərmişik. Qanunla müəyyənləşdirilmiş səlahiyyətlərimin çərçivəsini aşmamışam.
-O zaman ən yadda qalan seçici məktubu, seçici müraciəti də olub. Mümkünsə, danışa bilərsinizmi?.
-Belə bir məktub almışam. Ancaq o barədə danışmaq istəməzdim.
-Musa müəllim, növbəti parlament seçkilərində namizədliyinizi vermək fikriniz varmı?
-Seçkilərdə iştirak etməyə dair hələ qərar verməmişəm. Ağsaqqallar, seçicilər məsləhət bilsələr, namizədliyimi verəcəyəm.
Namidə BİNGÖL