“Enerjim tükənməyib, növbəti parlament seçkilərində də iştirak etmək arzusundayam”
Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini soruşur.
Bu dəfə suallarımıza 80 saylı İmişli-Beyləqan seçki dairəsinin deputatı Çingiz Qənizadə cavab verir.
- 4 il bundan qabaq hazırkı seçiciləriniz qarşısında seçki paltformanızı necə qurmağınızı soruşmaq istədim. Verilən vədlər nə dərəcədə yerinə yetirildi?
- 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyimi verərkən və bu dairəni əhatə edən təxminən 50-yə yaxın kənddə görüşlər keçirərkən yol, işıq qaz çəkəcəyim ilə bağlı hər hansı vəd vermədim. Sadəcə, hüquq müdafiəçisi olduğumu anlatmışam. Dedim ki, hüquqlarınız, azadlıqlarınız pozularsa, istənilən vaxt müraciət edə bilərsiniz. Eyni zamanda, Milli Məclisdə müzakirəyə çıxarılan qanunların qəbulu zamanı aktiv iştirak edəcəyimə və bu qanunların müzakirəsi zamanı sizin həyat şəraitinizi, hüquqlarınızı ölkənin rifahını yaxşılaşdıran qanunların müzakiəsində fəal iştirak edəcəyimə söz vermişdim. Fərdi qaydada da bildirmişdim ki, hər bir vətəndaşın müəyyən problemləri olduqda müraciət edə bilər və onları qəbul etməkdən çəkinməyəcəm. Təbii ki, bütün verdiyim sözləri gücüm çatan səviyyədə edəcəyimi də demişdim.
- Bəllidir ki, seçicilər qarşısında vəd verərkən elə başa düşürlər ki, deputat bütün problemləri həll edə bilər. Hüquqşünas olaraq, seçicilərinizin hüquqlarının nədən ibarət olacağı barədə nələr demişdiniz?
- Maraqlı sualdır. Seçicilərimə hakimiyyət bölgüsü anlayışının olduğunu da izah etmişdim. Biz qanunverici hakimiyyətə seçilmək üçün sizlərin qarşındayıq. Qanunverici hakimiyyət heç də başqa hakimiyyətin səlahiyyətlərini mənimsəyə, ona təsir edə bilməz, gücü çatmaz. Bu baxımdan, seçicilər başa düşür ki, biz hər bir xahişi də yerinə yetirə bilmirik. Milli-mənəvi dəyərlərə, əxlaqımıza köklənən müəyyən məsələlər var, kütləvi informasiya vasitələrində çıxışlarım zamanı bunları qabardacağıma, ölkədə bu istiqamətdə işlərin yaxşılığa doğru gedəcəyinə çalışacağımı da bildirmişdim. Azərbaycan dövlətinin maraqlarını hər şeydən uca tutaraq beynəlxalq tədbirlərdə dövlətimizin maraqlarından çıxış edəcəyimə, təbii ki, hamımızın yaralı yeri olan Dağlıq Qarabağın işğaldan azad olunması üçün cənab prezidentin yanında olacağıma və apardığı siyasətə dəstək veməkdən yorulmayacağımı da demişəm.
- Ümumiyyətlə, 4 il ərzində seçildiyiniz dairədə nə qədər görüşlər keçirmisiniz?
- 4 il ərzində seçildiyim dairədə 200-ə yaxın görüş keçirmişəm. Hər kənddə ən azı 4-5 dəfə görüşlərim olub. Bundan başqa, rayonun bütün iqtisadi uğurları ilə bağlı tədbirlərdə, hesabat yığıncaqlarında, kəndlərdə təməlqoyma, məktəblərin, yolların açılışında iştirak etmişəm. Seçiciləri ən çox maraqlandıran deputatın kəndə gəlməsi, onların arasında olmaq və fikirlərini bölüşməkdir. Bundan məmnun qalırlar. Qanunvericilik fəaliyyətimlə bağlı qeyd edim ki, 4 qanuna edilən əlavə və dəyişikliyin müəllifiyəm.
- Yarımçıq qalan qanun layihələriniz varmı?
- Əlbəttə, bir neçə qanun layihəsi var, onların üzərində işləyirəm. İnanıram ki, axırıncı ildə bunun öhdəsindən gələ biləcəm. Bu gün məni narahat edən əsas məsələlərdən biri də Azərbaycan gənclərinin evdən çıxarkən cibində bıçaq gəzdirməsidir. Bu məsələni parlamentdə qaldırmaq istəyirəm. Soyuq silah gəzdirilməsinin kateqoriyası anlayışı daha geniş verilməli və məsuliyyət məsələsi daha geniş həll olunmalıdır ki, insanlar bu qanunsuz hərəkətdən çəkinsinlər. Bəzən toy mərasimləri zamanı qohumlar arasında bıçaqlaşma olur. Bu yaxınlarda Mingəçevirdə bir gəlinin atasının boğazını kəsmişdilər. Eyni hadisənin oxşarı Bakıda metro stansiyalarından birinin qarşısında bir gəncin boğazı kəsilmişdi. Bu cür hallarla bağlı narahatlığım var. Bu yaxınlarda televiziya kanallarında daha böyük problemlə bağlı çıxış etdim. Həmin çıxışım böyük rezonans doğurub. “Daşınmaz əmlakın dövlət reyestrı haqqında” qanunun 17-ci maddəsində bu qanunun işləməsinə maneçilik göstərən 3-cü bəndin aradan qaldırılmasını istərdim. Bu o deməkdir ki, insanlar yarımçıq və yeni tikililəri alarkən artıq Mənzil Tikinti Koopertivinin rəhbəri ilə hansısa müqavilə bağlamaqdan çəkinəcəklər. Birbaşa bu müqaviləni təsdiqləyən Dövlət Reyestr Xidməti olacaq. Eyni zamanda, hüquqların öncədən qeydiyyatı anlayışı qüvvəyə minməlidir. Belə olarsa, həm bu qəbildən olan dələduzluq cinayətlərinin azaldılmasına xidmət etmiş olarıq, həm də sadə vətəndaşlarımız mənzil alarkən qorxmayacaqlar ki, özündən əvvəl, yaxud sonradan kiməsə satılıb və satıla bilər. Bu, artıq dövlət qurumu tərəfindən müvafiq nəzarətdə olacaq və elektron vasitəsilə həyata keçiriləcək.
- Hüquqşünas olaraq daha hansı məsələlər sizi narahat edir? Həmin məsələlərin yoluna qoyulması üçün hansı palnlarınız var?
- Bir də avtoxuliqanlarla bağlı məsələ məni narahat edir. Avtoxuliqanların da cinayət məsuliyyəti daşımaları üçün təklif etmişəm. İnzibati Xətalar Məcəlləsini 296-cı maddəsi ilə inzibati qaydada onların bir-iki ay cəzalanması məsələsini həll etmişik. Belə hesab edirəm ki, avtoxuliqanlıq digər xuliqanlıq hərəkətlərindən fərqlənmədiyindən ictimaiyyətə, cəmiyyətə açıqcasına hörmətsizlik, qanunun tələblərinin yerinə yetirilməməsi olduğuna görə bu maddədə də dəyişiklik etməliyik. İl ərzində ikinci dəfə avtoxuliqanlıq edən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır və qısa zaman kəsiyində, bir il, il yarım azadlıqdan məhrum olmalıdır. Çünki ölkədə çoxsaylı avtoqəzalar var və cəmiyyət də bundan çox narazıdır. Eyni zamanda, ictimai nəqliyyatı idarə edən avtobus sürücülərinin işə götürülməsi, onların iş fəaliyyətinə nəzarətin gücləndirilməsi üçün inzibati qanunvericiliyin dəyişdirilməsində maraqlıyam və onların inzibati qaydada cəzalanması və cəzaların artırılması məsələsində marağım var. Fikrimcə, bu il də bu məsələlərin qaldırılmasına, cəmiyyətdə ictimai rəyin formalaşdırılmasına, bunlardan hansının qanuna əlavə və dəyişikliklər şəklində qəbul olunmasına çalışıram və buna nail olmaq üçün əlimdən gələni edəcəm.
- Seçiciləriniz əsasən hansı sosial problemlərlə bağlı müracətlər edirlər?
- Əvvəla, onu deyim ki, cənab prezidentin imzaladığı regionların sosial iqtisadi inkişafı ilə bağlı proqramlar regionlarda insanların sosial problemlərinin həllinə yönələn dövlət siyasətidir. Bu dövlət siyasətinin həyata keçirilməsi üçün icra strukturları ilə bərabər əlimizdən gələni edirik. Bütün görüşlərdə insanlara izah edirik ki, bu sahədə cənab prezident öz mövqeyini ortaya qoyub. Amma buna zaman lazımdır ki, bütün kəndlərin qazlaşdırılması, elektrik xətlərinin yenilənməsi, yeni iş yerlərinin açılması reallaşsın. İnsanlar bunu başa düşürlər. Ona görə də bu sahədə şikayətlərin sayı azalıb. İnsanlar maariflənirlər. Bu yaxınlarda həm İmişli, həm də Beyləqanda hesabat yığıncaqları keçirilərkən məruzə zamanı məlum oldu ki rayonlarda bu məsələlərlə bağlı şikayətlərin sayı ümumilikdə 35 faiz azalıb.
- Maraqlıdır, fərdi müraciətlərin məzmunu nədən ibarət olur?
- Təbii ki, fərdi müraciətlər də olur. Belə müraciətləri həllinə fərdi yanaşıb. Hüquq müdafiəçisi olduğuma görə bir çox məsələlərdən kənarda qala bilmərəm. Müəyyən müraciətlərlə bağlı dərhal həm rayonun, həm də ölkənin hüquq-mühafizə, bəzən məhkəmə orqanları ilə əlaqə saxlayıram. Bu məsələlərin nəzarətə götürülməsi, obyektiv araşdırılması, ləngiyən bir prosesin yenilənməsi üçün müraciətlər edirəm. Bu həm yazılı, həm də telefon vasitəsilə olur. Belə hesab edirəm ki, seçicilərim bu məsələlərdən razı qalırlar. Mal-qarası itən, kiminləsə dava edən, qəza törədən, istintaqın düzgün aparılmamasından narazı qalanlar da şikayət edir. Onu da deyim ki, bəzən bu şikayətlərin heç də hamısı haqlı olmur. Bəzən günahı hardasa axtarmaq üçün şikayət edənlər də olur. Təbii ki, belə olan halda onları maarifləndirirəm, qanunda nələrin nəzərdə tutulduğunu onlara izah etməyə çalışıram. Qeyd edim ki, müraciətlərimə hər iki rayon icra hakimiyyətinin rəhbərləri dərhal reaksiya verirlər. Məsələn, torpaqla, bələdiyyələrlə bağlı problemlər həll olunur.
- İki rayonun deputatısınız. Bu o deməkdir ki, hər iki rayonun icra strukturları ilə tez-tez təmasda olursunuz. Bu günə qədər hansısa problemləriniz olubmu?
- Hər iki rayonun icra strukturları ilə çox yaxşı münasibətim var. Qarşılıqlı hörmət şəraitində müəyyən məsələləri müzakirə edirik. Hər iki rayonun icra başçılari cənab prezidentin yerdəki nümayəndələridir. Onlara böyük hörmətlə yanaşmalıyıq. Onların faəliyyətinə həm ictimai nəzarət, həm də deputat kimi nəzarət funksiyasını həyata keçirərək əməkdaşlıq səviyəsində görülən işlərə yaxşı deməliyik. Çatışmazlıqları öz aramızda bölüşməliyik ki, bu cür məsələlər öz həllini tapsın. Bu günə qədər hər iki rayonun rəhbərləri ilə bağlı narazılığım olmayıb. Çünki icra başçıları ilə bir yerdə rayonu gəzəndə, abadlıq işlərini görüb sevinəndə, bir yerdə insanları qəbul edəndə, bir yerdə insanlar arasında şənliklərdə, tədbirlərdə çıxış edəndə digər qurumlar da möhkəm təməlin olduğunu görürlər. Hakimiyyətin iki qolu bir-biri ilə sıx təmasdadır. Digər qurumlar da özləri üçün nəticə çıxarırlar. Onlara ünvanladığımız müraciətlərə də zamanında cavab verirlər.
- Deputat həmkarlarınız qeyri-adi müraciətlərlə tez-tez qarşılaşdıqlarını deyirlər. Maraqlıdır, seçiciləriniz arasında sizdən şəxsi işlərinə görə müraciət edənlər olubmu?
- Müəyyən məsələlər var ki, deputat onları həll edən deyil. Yol, işıq çəkmək, kimisə evləndirmək, yaxud kiminsə kimdənsə boşanması bizim işimiz deyil. Təbii ki, belə müraciətlər olur. Bəzən çox gülünc, savadsız və səviyyəsiz müraciətlər də olur. Amma biz başa düşürük ki, bu, Azərbaycan vətəndaşıdır. Birinin savadı kifayət qədər deyil, birinin dünyagörüşü zəifdir və sairə. Təbii ki, bunlara görə vətəndaş təhqir oluna bilməz. Onların müraciətləri də cavabsız qalmır. Bu zaman maarifləndirici üsuldan istifadə edirəm. Onlarla görüşüb bu cür məsələlərin kökünün harada olduğunu anladıram. Eyni zamanda, seçicilərim arasında savadlı, öz hüququnu bilən insanlar da var, şikayətləri haqlıdır və biz onların şikayətlərinin təmin olunmasını çətinliklə də olsa həll edirik.
- Sizə aidiyyəti olmayan müraciətləri çətinliklə də olsa növbəti 5 ildə yenidən həll etmək istərdinizmi? Yəni növbəti dəfə deputat seçilmək fikriniz varmı?
- Səmimi cavab vermək istəyirəm. Yaşım o həddədir ki, enerjim tükənməyib. Orta yaş həddindəyəm və işləmək imkanım var. Buna gücüm və savadım da var. Növbəti parlament seçkilərində də iştirak etmək arzusundayam. Allah imkan verəcəksə, can sağ olacaqsa, buna şərait yaranacaqsa, namizədliyimi verəcəyəm. Əgər namizədliyimi verəcəyəmsə, ən azı indiki seçildiyim 80 saylı İmişli-Beyləqan seçki dairəsində seçicilərim tərəfindən 2010-cu ildə olduğu kimi böyük dəstək qazanaraq parlamentə düşmək imkanı və hüququ qazanacam.
Namidə BİNGÖL