Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini soruşur.
Bu dəfə suallarımıza 118 saylı Ağdam şəhər seçki dairəsinin deputatı Bəxtiyar Əliyev cavab verir.
- Deputat seçildiyiniz Ağdam rayonu cəbhə bölgəsidir. 4 il bundan qabaq seçki paltformanızı necə qurmuşdunuz? Eyni zamanda, məcburi köçkünlər üçün hansı işlər görülüb?
- Milli Məclisin deputatının səlahiyyətinə aid olan məsələlərin heç biri ilə bağlı həll olunmamış nəsə yoxdur. Hamısı həll olunub. Hökumət də regionların inkişafı ilə bağlı ayrı-ayrı sahələrlə bağlı qəbul olunan dövlət proqramlarının icrasını yüksək səviyyədə həyata keçirib. Bütün respublika, o cümlədən regionlarımız sürətlə inkişaf edib. Bir faktı deyim, bu günə qədər Azərbaycan hökuməti 70-dən artıq öz hesabına məcburi köçkünlər üçün evlər tikib. Həmin evlər pulsuz olaraq məcburi köçkünlərə təhvil verilib. Eyni zamanda, məcburi köçkünlərin sosial şəraiti yaxşılaşdırılıb. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Ona görə də bu cür halları görməmək, qiymətləndirməmək olmaz. Bütün bunlar görülən işlərdir. Biz bu işləri qiymətləndirərkən görürük ki, ötən dövrdə dövlət başçısının həyata keçirdiyi siyasət uğurla davam etdirilib. Ökəmizin iqtisadi potensialı artırılıb. Dünyada Azərbaycan dövlətinin imici formalaşıb. Azərbaycan dünyanın həm siyasi, həm də iqtisadi cəhətdən ən güclü dövlətinə çevrilib.
- Məcburi köçkünlərin müraciətləri daha çox nə ilə bağlı olur? İşsizliklə bağlı şikayətlərin sayı azalıbmı?
- Belə demək mümkündürsə, insanlar daha yüksək həyat şəraiti ilə bağlı müraciətlər edirlər. Tutaq ki, əvvəl bir ev tikirdilərsə, indi ikinci ev tikmək istəyirlər. Bu məqsədlə yer ayrılmasına görə müraciət edirlər. Əslində, bu cür müraciətlər həll olunandır. Yəni ölkəmiz inkişaf etdikcə, insanlarımız da inkişaf edir. Onların da tələbatları çoxalır. Ona görə də bu cür məsələlər hər zaman olub və olacaq. Bizi də sevindirən əsas o məsələdir ki, insanlar o cür məsələlərlə bağlı müraciət edirlər. Təbii ki, onlar üçün şərait yaradılır. Əvvəllər insanlar fikirləşirdi ki, yüksək məvacibli iş tapa bilərəmmi? Bildiyiniz kimi, dövlət başçısının uğurlu siyasəti və ölkədə gedən islahatlar nəticəsində on minlərlə iş yeri açılıb və hamı işlə təmin olunub. İnsanların qayğıları da azalıb. Bu müddət ərzində insanlar arasında işsizliklə bağlı problemə rast gəlmədim.
- Seçiciləriniz arasında şəxsi məsələlərlə bağlı müraciət edənlər olubmu?
- Əslində, kimdən nəsə istəmək əvvəllər də olub. Çünki qonşudan da, qohumdan da nəsə istəyirlər. Bir məsələ var, xeyir işdən kimsə qalmaq istəmir. Ev tikilməsində heç kim kənarda qala bilməz. Biri məsləhət verir, biri maddi kömək göstərir, biri gəlib qolunu çırmalayıb iş görür. Burda düşünürəm ki, heç kim kənarda qalmamalıdır. İnsanların bir-birinə müracət etməsi, məsləhət alması normal haldır. Hər kəs də öz gücü, öz imkanları daxilində bu işə köməklik göstərirsə, bu ancaq xeyirxahlıq ola bilər. Bu həm də savab işdir. Bunu da etmək lazımdır.
- İcra hakimiyyəti ilə münasibətləriniz hansı səviyyədədir?
- İstər yerli, istərsə də mərkəzi icra hakimiyyətləri ilə birgə işgüzar şəkildə, çox yüksək səviyyədə bizim əməkdaşlığımız olub və davam edir.
- 4 il ərzində Milli Məclisdə yarımçıq qalan işləriniz olubmu?
- Milli Məclisin gündəliyində nəzərdə tutulan bütün məsələlər yüksək səviyyədə öz həllini tapır. Yeni qanunların qəbul edilməsi və onlara əlavə və dəyişikliklər, eyni zamanda, Milli Məclisin qərarları yüksək səviyyədə həll olunur. Ümid edirəm ki, növbəti çağırışda da Milli Məclis bu cür işlərin görülməsində öz vəzifəsinin öhdəsindən gələcək. Eyni zamanda, Milli Məclisin üzvləri də çox fəaldır. Bu, təkcə Milli Məclisin plenar və komissiya iclaslarında deyil, respublikanın ictimai və beynəlxalq həyatında özünü göstərir. Çünki Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür, ikitərəfli əməkdaşlıqlar mövcuddur. Bütün bu sahələrin hamısında Milli Məclis çox yüksək səviyyədə ölkənin siyasətinin həyata keçirilməsinə öz töhfəsini verib.
- Ağdam seçki dairəsindən deputat olduğunuza görə xarici ölkələrdə hansı işləri görmüsünüz?
- Təbii ki, Qarabağ məsələsi hər bir azərbaycanlının yaralı yeridir. Xarici ölkələrdə bu cür görüşlər keçirmişik. Sizin sayt bu cür məsələləri hər zaman geniş işıqlandırıb.
- 4 il ərzində seçicilərinizlə nə qədər görüşlər keçirmisiniz?
- Sakinlərlə olduqca çox sayda görüşlər keçirmişik. Bildiyiniz kimi, bizim məcburi köçkünlərimizin, Ağdam şəhər dairəsindən olan seçicilərimizin bir hissəsi də Bakı şəhəri və Abşeronda məskunlaşıb. Burada qərargah yerləşir. Hər həftə qəbul günlərim olur. Eyni zamanda, seçicilərimizin üzünə qapımız hər gün açıqdır. Seçicilərimiz istənilən vaxt telefonlarımıza zəng edib hansısa məsələ ilə bağlı cavab ala bilir. Ona görə insanlarla daimi ünsiyyətdəyik. Yerlərdə də çoxlu görüşlər keçiririk. Bununla bağlı heç bir problem yoxdur. Hər zaman qarşılıqlı ünsiyyət mövcuddur.
- Növbəti dəfə deputatlığa namizəd olmağınızı düşünürsünüzmü?
- Növbəti seçkilərə hələ çox var. Zamanı qabaqlamaq olmaz. Hər kəs üzərinə düşən vəzifənin məsuliyyətini dərk edir. Ona görə də işimizi sona qədər başa çatdırmalıyıq. O işi gördükdən sonra baxmaq olar ki, daha nə etmək lazımdır.
Namidə BİNGÖL