Sabah - martın 7-si, Beynəlxalq Qadınlar Gününə bir gün qalmış xətrini dünyalar qədər çox istədiyim, özümə çox doğma və əziz bildiyim, Şəxsiyyətinə, İnsanlığına hər zaman dərin hörmət və ehtiram bəslədiyim, güvəndiyim, etibar etdiyim Qənirə xanım Paşayevanın növbəti, özü də yubliey doğum günüdür. Onun sabah 40 yaşı tamam olur.
Yaşını yazdığım üçün də yəqin ki, məndən inciməz, çünki o, bəzi xanımlar kimi bu məsələdə kompleksli deyil. Qənirə xanımı da (sabiq həmkar kimi) tanıyanı təxminən 18-20 il olar, lakin yaxından, əyani tanıyanı düz 10 ildir - Qənirə xanım 3-cü çağırış Milli Məclisə üzv-Millətinin Vəkili seçiləndən sonra. Daha doğrusu, həmin vaxt kimi (eləcə də deputatlığının ilk ilində) onunla kənardan salam-əleykümüz vardısa, artıq 2006-2007-ci ildən onunla yaxından sıx dostluq, bacı-qardaşlıq münasibətlərimiz yaranmağa başladı. Buna da səbəb Qənirə xanımın ilk növbədə sadəliyi, mehribanlığı, deputat seçiləndən sonra (bəzilərindən fərqli olaraq) necə deyərlər, yerişini-duruşunu dəyişməməsi, insanlarla arasında uzun və dərin məsafə saxlamaması oldu.
Ötən bu illər ərzində dəfələrlə onun ofisində, valideynlərinin, ailə üzvlərinin yaşadığı evdə, öz şəxsi evində həm qonaq, həm də sırf peşə fəaliyyətlə bağlı müsahibələrdə, görüşlərdə olmuşam, səfər, yol yoldaşlığı etmişəm. Hər zaman da özümə qarşı ondan son dərəcədə sıcaq, səmimi, saf, təmiz, təmənnasız münasibət görümüşəm, insani münasibətlərinə heç zaman siyasi münasibətləri qatmayıb. Hansı ki çoxları insani münasibətləri də bəzən siyasi münasibətlər müstəvisinə keçirirlər, özlərini nə olduqları, nə də göründükləri kimi göstərir, təqdim edirlər. Ancaq Qənirə xanımın ən böyük xoşbəxtliyi və ən böyük üstünklü ondadır ki, o belə kompleksləri olan siyasilərdən, bəzi parlamentarilərdən deyil.
O, hər zaman olduğu kimi görünən, göründüyü kimi də olan İnsandır. Başqa cür də ola bilməz, bunun əksi heç cür ağıla gəlmir. Çünki Qənirə xanım Qənirə xanımdır, bizim Qənirə xanımdır, Xalqının, Seçicilərinin sevimlisi və istəklisi olan Qənirə xanımdır. Bu yerdə tam mübaliğəsiz olaraq deyə bilərəm və bunu da hər zaman açıq, səmimi şəkildə demişəm ki, Qənirə xanım sıradan millət vəkili deyil, quru deputat adını daşımır, O, sözün əsl mənasında Xalqının təmsilçisi, Millətinin Vəkilidir. Hər zaman fəaliyyətində, addımlarında Xalqını, Millətini, Dövlətini öndə tutub, öz şəxsi maraqlarını kənara qoymağı bacarıb. İstər Azərbaycanda olsun, istər Azərbaycandan kənarda olsun, istər Azərbaycanı, Milli Məclisi təmsil etdiyi Avropa Şurası Parlament Assambleyasında, istər "Avronest" Parlament Assambleyasında olsun, fərqi yoxdur, O hər yerdə Dövlətinin, Xalqının mənafeyindən, Dövlətçilik maraqlarından çıxış edib, Azərbaycanı hər yerdə layiqincə, uğurla təmsil etməyə çalışıb və buna da nail olub.
Onun üçün bəlkə də zaman, vaxt anlayışı yoxdur, günün 24 saatı da bəlkə ona azlıq edir, çatmır. Çünki hər gün, hər an onu Azərbaycan naminə mübarizənin ön sıralarında görmək mümkündür, O yorulmağı, fasilə etməyi, bir yerdə durub dayanmağı, fəaliyyətə, işə, mübarizəyə ara verməyi yaxına buraxmamağa çalışır və buraxmır da. Hər an, hər dəqiqə Azərbaycanla, onun dərd-sərləri, ağrı-acıları, əldə olunan uğurları, nailiyyətləri ilə nəfəs alır. Onun üçün şair demişkən, öncə Vətəndir!
Qənirə xanım haqqında çox danışmaq, çox söz yazmaq, çox fikir bildirmək olar, buna bir yox, onlarla yazı, günlər bəs etməz. Ancaq atalar məsəlində deyildiyi kimi, görünən kəndə nə bələdçi?! Doğrudan və doğrudan da belədir! Odur ki, çox əziz və dəyərli İnsan Qənirə xanımı qarşıdan gələn növbəti ad günü-yubley doğum günü münasibətilə ürəkdən öz adımdan, ailəm adından təbrik edir, ona ictimai-siyasi fəaliyyətində, şəxsi həyatında növbəti uğurlar, nailiyyətlər, müvəffəqiyyətlər, zəfərlər arzulayıram. Əziz bacım, doğum günün mübarək olsun. Min kərə Amin!