Modern.az

Mübahisə doğuran “Elm haqqında” qanun layihəsinin TAM MƏTNİ

Mübahisə doğuran “Elm haqqında” qanun layihəsinin TAM MƏTNİ

Parlament

10 Mart 2015, 11:38


Milli Məclis bu il fevralın 24-də keçirilmiş iclasında uzun müddətdir eləm adamlarının səbirsizliklə gözlədiyi mübahisəli “Elm haqqında” qanun layihəsini nəhayət 1-ci oxunuşda qəbul edib. Layihənin qarşıdakı müddətdə yenidən müzakirəyə çıxarılacağı gözlənilir.
Modern.az saytı qanun layihəsinin tam mətnini oxuculara təqdim edir.

“Elm haqqında” Qanun layihəsi

Bu Qanun Azərbaycan Respublikasında elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Bu Qanun, həmçinin, ölkənin iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.

Azərbaycan Respublikasında demokratik - hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında, milli mənafelərin qorunmasında, elmi-texniki tərəqqinin sürətləndirilməsində, davamlı inkişafın və milli təhlükəsizliyin təmin olunmasında elmin iştirakı bu Qanunla tənzimlənir.

I FƏSİL
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar və istifadə edilən terminlər

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. alim - elmi dərəcəsi və ya elmi adı olan tədqiqatçı;

1.0.2. assistent - akademik köməkçi və elmi vəzifə;

1.0.3. dissertasiya - elmi dərəcə almaq məqsədilə müstəqil yerinə yetirilən, tamamlanmış elmi-tədqiqat işi;

1.0.4. eksperimental tədqiqatlar - elmi araşdırmalar nəticəsində və ya əməli təcrübə əsasında əldə olunmuş biliklərə əsaslanan, insan həyatı və sağlamlığının qorunması, yeni istehsal prosesi, material, məhsul, qurğu, xidmət və idarəetmə sistemlərinin yaradılması və onların təkmilləşdirilməsi məqsədilə aparılan tədqiqat;

1.0.5. elm - hadisələrin və gerçəkliyin mahiyyəti haqqında yeni obyektiv biliklərin əldə edilməsi, toplanması, sistemləşdirilməsi, işlənməsi, yayılması və tətbiqindən ibarət olan insan fəaliyyəti sferası və ya sosial institut;

1.0.6. elmi etika - elmi, elmi-texniki və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi işçilərin elmi ictimaiyyət tərəfindən qəbul edilmiş davranış normalarının, prinsiplərinin və əxlaq qaydalarının məcmusu;

1.0.7. elmi fəaliyyət - elmi biliklərin əldə edilməsi və tətbiqinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq prosesi; 

1.0.8. elmi fəaliyyətin istiqamətləri - fundamental, tətbiqi və eksperimental tədqiqatların aparılması, elmi tədqiqatların nəticələrinin ekspertizası, tətbiqi, aprobasiyası və yüksəkixtisaslı elmi kadrların hazırlanması;

1.0.9. elmi fəaliyyət subyektləri - elmi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin iştirakçıları; 

1.0.10. elmin və elmi fəaliyyətin növləri - fundamental, tətbiqi və ekspremental (məzmununa görə); təbiət, texniki, humanitar və ictimai (predmetinə görə); akademik, empirik, innovativ, sahəvi-nəzəri və sahəvi-tətbiqi (istiqamətinə görə);

1.0.11. elmi ekspertizanın subyektləri - ekspertizanın sifarişçiləri, icraçıları (dövlət idarəetmə orqanları, ictimai və beynəlxalq təşkilatlar), hüquqi və fiziki şəxslər (ekspertlər) və digər iştirakçılar;

1.0.12. elmi ekspertizanın obyektləri - elmi və elmi-texniki fəaliyyətin nəticələri haqqında müvafiq qaydada təsdiq olunmuş informasiyalar, bu informasiyaları özündə əks etdirən sənədlər, fiziki predmetlər və digər maddi məlumat daşıyıcıları;

1.0.13. elmi innovasiya - elmi fəaliyyətin məzmun və vasitələrinin (tədqiqat metodları, üsulları və s.), elmi nəticə və məhsulların, həmçinin onların tətbiqi texnologiyalarının və istifadə üsullarının yenilik xarakterinə malik olması;

1.0.14. elmi innovasiya fəaliyyəti - elmi tədqiqatlar əsasında formalaşan, cəmiyyətin idarəetmə sisteminin təkmilləşdirilməsini və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edən mütərəqqi xarakterli yeniliklərin və əqli mülkiyyət obyektlərinin (elmi nəticələr, ixtiralar, kəşflər, sistemlər, orjinal texnologiyalar, əmtəə növləri, brendlər, ticarət və əmtəə nişanları və s.) yaradılmasına və onların tətbiq edilməsinə yönəlmiş fəaliyyət;

1.0.15. elmi innovasiya subyektləri - əsas funksiyaları və təyinatı mütərəqqi xarakterli yeniliklər yaratmaq və reallaşdırmaqdan ibarət olan hüquqi və fiziki şəxslər;

1.0.16. elm və innovasiya fondları - elmi tədqiqatların qrant şəklində məqsədli maliyyələşdirilməsini həyata keçirən qeyri - kommersiya statuslu hüquqi şəxs;

1.0.17. elmi işçi - elm və elmi-texniki fəaliyyətlə peşəkar məşğul olan tədqiqatçı və ya seçkili vəzifə;

1.0.18. elmi iş - elmi nəticə əldə etmək məqsədilə aparılan tədqiqat;

1.0.19. elmi məktəb - uzunmüddətli dövr ərzində formalaşan özünəməxsus elmi baxışlar, ənənələr və dəyərlər sisteminə malik olan, elmin müəyyən istiqaməti üzrə yeni biliklər yaratmaq, yaymaq, ötürmək və tətbiq etmək funksiyalarını yerinə yetirən, yaradıcıları və davamçıları ilə tanınan, özünüinkişaf qabiliyyətli elmi fəaliyyət subyekti;

1.0.20. elmi məhsul (elmi nəticə) - elmi və elmi-texniki fəaliyyətin istifadə üçün nəzərdə tutulan, konkret informasiya daşıyıcısında əks olunan, maddi və ictimai dəyərə malik nəticəsi (yeni biliklər, texniki həllər, işləmələr və s.);

1.0.21. elmi məhsullar və xidmətlər bazarı - elmi fəaliyyətin nəticələrinin və məhsullarının mübadiləsi prosesində yaranan münasibətlər sistemi və onların reallaşdırıldığı xüsusi bazar;

1.0.22. elmi müəssisə və təşkilat - elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs;

1.0.23. elmi - tədqiqat institutu - əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmalardan ibarət olan elmi müəssisə;

1.0.24. elmi yaradıcılıq - bilavasitə elmi-tədqiqat, elmi-texniki, elmi-təcrübi və elmi innovasiya prosesi;

1.0.25. fundamental elmi tədqiqatlar - təbiətin, insanın və cəmiyyətin quruluşunun və inkişafının əsas qanunauyğunluqları haqqında yeni biliklərin əldə edilməsinə yönəldilmiş nəzəri və təcrübi xarakterli elmi tədqiqatlar;

1.0.26. elm-təhsil və innovasiya kompleksi (klaster) - elmtutumlu məhsulların istehsalını və satışını həyata keçirmək məqsədilə findamental və tətbiqi tədqiqatları, təcrübi-konstruktor işləmələrini, təhsil və sahibkarlıq fəaliyyətini özündə birləşdirən innovasiya strukturu;

1.0.27. qrant - Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş qaydada qrant təqdim etmək hüququna malik olan yerli və əcnəbi hüquqi və  fiziki şəxslərin müvafiq  şərtlərlə  konkret elmi  tədqiqatların həyata keçirilməsi məqsədilə təmənnasız və əvəzsiz olaraq verdiyi pul və digər vəsaitlər;

1.0.28. milli innovasiya sistemi - milli sərhədlər hüdudunda elmi bilik və texnologiyaların istehsalı və kommersiya əsasında reallaşdırılması ilə məşğul olan təşkilatların məcmusu;

1.0.29. müəlliflik hüququ - əqli yaradıcılıq fəaliyyətinin nəticələrinin və onun sahiblərinin müstəsna hüquqlarınin qorunma aləti;

1.0.30. nostrifikasiya - elmi dərəcə və ya elmi adlar haqqında sənədlərin ekvivalentliyinin müəyyən edilməsi və tanınması proseduru;

1.0.31. patent - elmi nəticənin ixtira, faydalı model, sənaye nümunəsi kimi tanınmasını və onların üzərində fiziki və ya hüquqi şəxsin müstəsna hüquqlarını təsdiq edən mühafizə sənədi;

1.0.32. patentin "mənimsənilməsi" - patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin xüsusi icazə olmadan istifadəsi;

1.0.33. plagiat - müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının elmi, ədəbi və incəsənət əsərini, kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu, əmtəə və ticarət nişanını tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək;

1.0.34. rəsmi opponent - dissertasiyanın aktuallığını, əhəmiyyətini və elmi yeniliyinin orijinallıq dərəcəsini qiymətləndirmək məqsədilə dissertasiya şurası tərəfindən təyin edilən və müvafiq elmi dərəcəyə malik olan səxs;

1.0.35. texnopark - yeni texnologiyaların yaradılmasını və mənimsənilməsini, müasir avadanlıq, cihaz və qurğuların istehsalını və onların kommersiya əsasında reallaşdırılmasını həyata keçirən qabaqcıl texnologiyalara malik struktur və ya hüquqi şəxs;

1.0.36. texnopolis - elmtutumlu yeni texnologiyaların və yüksək texniki səviyyəli məhsulların işlənib hazırlanması və istehsalata tətbiq edilməsi  məqsədilə  yaradılan çoxprofilli, inkişaf etmiş sənaye sahələrinə və infrastruktura, elmi-tədqiqat və təhsil komplekslərinə, "beyin mərkəzlərinə", zavodlara, firma və şirkətlərə, geniş və xüsusi güzəştli şəraitin yaradıldığı əraziyə malik olan elm-sənaye kompleksi və ya sənaye şəhərciyi;

1.0.37. texnoloji inkubator - innovasiya fəaliyyəti subyektlərinə elmi, istehsal, kadr, hüquqi, marketinq, lizinq, məsləhət və digər xidmətlərin təqdim edilməsini təmin edən hüquqi şəxs;

1.0.38. tədqiqatçı - elmi və elmi-texniki tədqiqatlar aparan, bilikləri inkişaf etdirən və elmi-tədqiqat layihələrinə rəhbərlik edən ali təhsilli şəxs;

1.0.39. tədqiqat universiteti - elmi fəaliyyətlə tədris prosesinin real inteqrasiyası əsasında elm və təhsil fəaliyyətni eyni dərəcədə səmərəli həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan, keyfiyyətli tədris mühitini təmin edən, yüksək elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil müəssisəsi və ya elm-təhsil mərkəzi;

1.0.40. tətbiqi elmi tədqiqatlar - əsasən praktiki məqsədlərin həyata keçirilməsi və konkret məsələlərin həlli üçün yeni biliklərin əldə edilməsi və tətbiqini nəzərdə tutan elmi tədqiqatlar.

1.0.41. yüksəkixtisaslı elmi kadr - fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsinə malik olan şəxs;

Maddə 2. Elm haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Elm haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ - hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Elm haqqında qanunvericiliyin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan bütün subyektlərin və iştirakçıların konstitusiya hüquqlarının təmin edilməsi və qorunmasından, onların arasında münasibətlərin tənzimlənməsi, elmi fəaliyyət sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi, elmi fəaliyyətin sərbəst və davamlı inkişafının təmin edilməsi, vətəndaşların əqli potensialının reallaşdırılması və elmi nailiyyətlərdən istifadə edilməsi sahəsində təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.

2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini müəssisələrin elmi fəaliyyətinə şamil edilmir.

Maddə 3. Elm və elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri

3.0. Elm sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardan ibarətdir:

3.0.1. elmi yaradıcılıq və tədqiqat azadlığı (sərbəstliyi);

3.0.2. elmi etikanın qorunması;

3.0.3. dövlət və ictimai həyata inteqrasiya;

3.0.4. elmin və elmi innovasiya fəaliyyətinin prioritetliyi;

3.0.5. nəticəlilik, keyfiyyətlilik və səmərəlilik;

3.0.6. sağlam rəqabətin təmin edilməsi;

3.0.7. beynəlxalq keyfiyyət standartlarına uyğunluq;

3.0.8. elmi nəticələrin şəffaflığı və ictimaiyyətə açıqlığı;

3.0.9. inkişafın davamlılığının və innovativliyinin təmin edilməsi;

3.0.10. elm, təhsil və iqtisadiyyatın vəhdəti;

3.0.11. əqli mülkiyyət hüququnun qorunması;

3.0.12. elmin özünümaliyyələşdirilməsi;

3.0.13. elmi fəaliyyətin kommersiyalaşdırılması;

3.0.14. dünya elm məkanına inteqrasiya;

3.0.15. milli elmi mərkəzlərin və elmi məktəblərin yaradılması, qorunması və varisliyin təmin edilməsi.

Maddə 4. Elm sahəsində dövlət siyasətinin əsas məqsədləri və prioritetləri

4.0. Elm sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardan ibarətdir:

4.0.1. elmin ardıcıl, davamlı və sistemli inkişafının təmin edilməsi və onun mühüm məhsuldar və innovativ qüvvəyə çevrilməsi;

4.0.2. elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin qabaqcıl dünya standartlarına uyğunlaşdırılması;

4.0.3. cəmiyyət həyatının bütün sferalarında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi;

4.0.4. ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təminatında elmin strukturyaradıcı rolunun gücləndirilməsi;

4.0.5. elm, təhsil, iqtisadiyyat və cəmiyyətin qarşılıqlı münasibətlərində inteqrativ bağlılığın və dialektik vəhdətin təmin edilməsi;

4.0.6. milli elmi məktəblərin yaradılması, qorunması və inkişafının stimullaşdırılması;

4.0.7. elmi araşdırmaların, o cümlədən fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərinin müəyyən edilməsi və inkişafının stimullaşdırılması;

4.0.8. elm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan elminin dünya elmi məkanında layiqincə təmsil olunması;

4.0.9. elm sahəsində çalışan işçilərin sosial rifahının və təminatının yüksəldilməsi, elmi işçilərin layiqli əmək haqqı ilə təmin edilməsi;

4.1. Elm sahəsində dövlət siyasətinin əsas prioritetləri aşağıdakılardır:

4.1.1. Azərbaycan xalqının etnogenezinin, tarixi, dili, ədəbiyyatı və incəsənətinin, milli - mənəvi dəyərlərinin, maddi və qeyri - maddi irsinin, iqtisadi, fəlsəfi, hüquqi və ictimai - siyasi fikrin təkamülü prosesinin və inkişaf mərhələlərinin hərtərəfli tədqiqi, azərbaycançılıq ideologiyasının elmi əsaslarının inkişafı və təkmilləşdirilməsi;

4.1.2. Azərbaycanın təbii - resurs potensialının geoloji, coğrafi, ekoloji və iqtisadi cəhətdən qiymətləndirilməsi, ekoloji tarazlığın qorunması problemlərinin tədqiqi;

4.1.3. ölkənin karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi, neft, neft-kimya sənayesi sahələrinin və qeyri-neft sektorunun inkişafı, modernləşdirilməsi və şaxələndirilməsi problemlərinin tədqiqi;

4.1.4. milli - demoqrafik inkişaf proseslərinin, məskunlaşma, sosial inkişaf və həyat keyfiyyəti problemlərinin tədqiqi;

4.1.5. Azərbaycanın davamlı, dayanıqlı və tarazlı inkişaf problemlərinin və ümummilli inkişaf modelinin iqtisadi, sosial, fəlsəfi və hüquqi əsaslarının sistemli tədqiqi;

4.1.6. Azərbaycanın iqtisadi, maliyyə, enerji, ərzaq, səhiyyə, nəqliyyat, informasiya, ekoloji və həyat təhlükəsizliyi problemlərinin tədqiqi;

4.1.7. biliklərə əsaslanan, innovativ xarakterli yaradıcı (kreativ) cəmiyyət və iqtisadiyyatın formalaşdırılması problemlərinin tədqiqi;

4.1.8. ən müasir və yüksək texnologiyalara əsaslanan elmtutumlu istehsal sahələri və alternativ enerji mənbələri, nanotexnologiyalar, biotexnologiyalar, genotexnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və digər yüksək texnologiyalar sahəsində tədqiqatların genişləndirilməsi;

4.1.9. kosmosun tədqiqi və bununla bağlı olan digər elm sahələri üzrə fundamental və tətbiqi tədqiqatların genişləndirilməsi;

4.1.10. elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi və ölkənin elm və innovasiya potensialının gücləndirilməsi.

4.2. Elmin inkişaf prioritetlərinin funksional məzmununun zənginləşdirilməsi aşağıdakı istiqamətlərlə müəyyən olunur:

4.2.1. nəzəri- metodoloji tədqiqatların praqmatik müstəvidə dəyərləndirilməsi;

4.2.2. elmin inkişafının sosial - siyasi, iqtisadi və mədəni tərəqqinin strateji məqsədləri ilə uyğunluğunun təmin edilməsi;

4.2.3. elm sahələri üzrə elmi tədqiqatların inteqrativ xarakterinin formalaşdırılması;

4.2.4. elmi innovasiya tipli tədqiqatların üstün mövqeyinin təmin edilməsi.

Maddə 5. Elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri

5.1. Dövlət elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatlar üçün bərabər şərait yaradır və onların fəaliyyətini stimullaşdırır.

5.2. Elmi innovasiya sahəsində dövlət siyasəti aşağıdakı istiqamətlərdə reallaşdırılır:

5.2.1. milli innovasiya sisteminin formalaşdırılması və onun inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi;

5.2.2. prioritetlər üzrə texnoloji inkişafa hədəflənən uzunmüddətli innovasiya proqramlarının hazırlanması və həyata keçirilməsi;

5.2.3. innovasiya layihələrinin maliyyələşdirilməsi, investisiyaların cəlb ediməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması və müvafiq təşkilati işlərin görülməsi;

5.2.4. elmi innovasiya subyektlərinin - inteqrativ elm, təhsil və sahibkarlıq mərkəzlərinin (zonaların), texnopolislərin, texnoparkların, texnoloji inkubatorların, innovasiya fondlarının, innovasiyalar üzrə məlumat - informasiya bankının yaradılması və inkişaf etdirilməsi;

5.2.5. rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsi;

5.2.6. inkişaf etmiş ölkələrin biliklərə əsaslanan, innovativ xarakterli inkişaf təcrübəsi və problemlərinin öyrənilməsi, ölkənin milli inkişaf strategiyasının hazırlanmasında və reallaşdırılmasında onlardan istifadə edilməsi.

Maddə 6. Elmin inkişafı üzrə dövlət proqramları

6.1. Azərbaycan Respublikasındaelmin inkişafı üzrə məqsədli dövlətproqramları elmin prioritet istiqamətləri üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə hazırlanır və həyata keçirilir.

6.2. Elmin inkişafı üzrə məqsədli dövlət proqramları elmin  konkret sahələri və prioritetləri üzrə yeni biliklərin, texnologiyaların və konkret elmi-praktiki nəticələrin əldə edilməsi və onların cəmiyyət həyatında tətbiqini  nəzərdə tutur.

6.3. Elmin inkişafı üzrə məqsədli dövlət proqramlarının hazırlanması, maliyyələşdirilməsi və yerinə yetirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

6.4. Dövlət büdcəsi (elm, bilik, innovasiya və digər fondlar) vəsaitləri hesabına maliyyələşdirilən dövlət elmi-tədqiqat proqramları və ayrı-ayrı fundamental və tətbiqi elmi-tədqiqat layihələri (hərbi məqsədlər üçün nəzərdə tutulan layihələr istisna olmaqla) müsabiqə yolu ilə həyata keçirilir.

Maddə 7. Elmi yaradıcılıq və elmi fəaliyyət hüququna dövlət təminatı

7.1. Azərbaycan Respublikasında elmin inkişafı və elmi fəaliyyət sahəsində dövlət siyasəti dövlətin və cəmiyyətin inkişafının bütün sahələrinin maraqları və resurs potensialı nəzərə alınmaqla formalaşdırılır və həyata keçirilir.

7.2. Azərbaycan Respublikasında dövlət bütün elmi fəaliyyət subyektlərinə azad, ədalətli, bərabərhüquqlu, sağlam və keyfiyyətli elmi fəaliyyət mühitinin yaradılmasını təmin edir, elmi qabiliyyəti olan hər bir vətəndaşa elmlə məşğul olmaq, elmi səviyyəsini yüksəltmək və yaradıcılığını təkmilləşdirmək üçün lazımi şərait yaradır.

7.3. Dövlət elmi fəaliyyəti cəmiyyətin və iqtisadiyyatın tələbatına uyğunlaşdırır, onun açıqlığını, dünya elmi məkanına inteqrasiyasını təmin edir, ölkədə bilik cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasında və möhkəmləndirilməsində, davamlı, dayanıqlı, dinamik və rəqabətqabiliyyətli inkişafın təmin edilməsində elmin prioritet rolunu müəyyən edir.

7.4. Azərbaycan Respublikasında dövlət elmin səmərəli təşkili, idarəedilməsi və inkişafına, maddi-texniki baza, infrastruktur, avadanlıqlar, yüksəkixtisaslı elmi kadrlar, informasiya və digər zəruri vasitələrlə təmin olunmasına şərait yaradır.

7.5. Dövlət müdafiə təyinatlı elmi-istehsal, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-sınaq və layihə-texnoloji müəssisələrin inkişafının və elmi potensialının yüksəldilməsinin prioritetliyini təmin edir.

7.6. Dövlət Azərbaycan xalqının özünəməxsusluğunun, milli və mənəvi dəyərlərinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi, Azərbaycan tarixinin, milli-mədəni irsinin, abidələrinin və etnogenezinin öyrənilməsi üçün Azərbaycanşünaslıq sahəsində aparılan tədqiqatların strateji prioritetliyini müəyyən edir və bu prioritetlərin reallaşdırılmasında iştirak edən elmi müəssisə və təşkilatları strateji əhəmiyyətli hesab edir.

7.7. Dövlət geoloji, geoloji-kəşfiyyat, coğrafi və arxeoloji tədqiqat sahələri ilə bağlı çöl işlərinin həyata keçirilməsinə və ekspedisiyaların  təşkilinə təminat verir.

7.8. Dövlət yüksəkixtisaslı elmi kadr hazırlığını və elmi nailiyyətləri stimullaşdırır, elmi işçilərin, o cümlədən gənc alimlərin iş yerləri ilə təmin olunmasına şərait yaradır, onlara müvafiq sosial güzəştlər və imtiyazlar verilməsini təmin edir.

7.9. Dövlət təhsilin fasiləsizliyi prinsipinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi müəssisə və təşkilatların doktoranturalarında (rezidenturalarında) və magistraturalarında əyani təhsilalanlara hərbi xidmətdən möhlət hüququnu təmin edir.

7.10. Dövlət elm və elmi-texniki fəaliyyət sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi üçün əlverişli investisiya mühitinin yaradılmasını təmin edir və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər verilir.

II FƏSİL
ELMİ FƏALİYYƏTİN SUBYEKTLƏRİ

Maddə 8. Elmi fəaliyyətin əsas subyektləri və iştirakçıları

8.1. Elmi fəaliyyətin subyektləri bu Qanunla müəyyən olunmuş tələblərə cavab verən hüquqi şəxslər və Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

8.2. Azərbaycan Respublikasında elmi fəaliyyətin konkret subyektlərinə aşağıdakılar aiddır:

8.2.1. alimlər, tədqiqatçılar, elmi işçilər, elmi-pedaqoji kadrlar və elmi xidmət sahəsinin işçiləri;

8.2.2.  elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, habelə təsis sənədlərində elmi fəaliyyəti nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslər;

 8.2.3.  elmi fəaliyyətin təşkili, idarəedilməsi və ekspertizası ilə məşğul olan dövlət orqanları və digər qrumlar;

8.3. Elmi fəaliyyətin iştirakçıları - investorlar, sifarişçilər, sponsorlar, əqli mülkiyyət hüququnun sahibləri, ekspertlər, eləcə də elmi fəaliyyəti lisenziya-patent, standartlaşma, metrologiya, proqram, metodiki, təşkilati və texniki cəhətdən təmin etmək hüququ əldə edən fiziki və hüquqi şəxslərdir.

8.4. Elmi fəaliyyətin subyektləri, eləcə də iştirakçıları ilə və digər hüquqi və fiziki şəxslər arasında münasibətlər müvafiq qanunvericiliyə və tərəflər arasında bağlanmış müqavilələrə uyğun olaraq müəyyən edilir və tənzimlənir.

8.5. Azərbaycan Respublikasında elmi fəaliyyətin subyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyət mənsubiyyətinə malik olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərirlər.

Maddə 9. Elmi işçilər, onların tutduğu vəzifələr və ixtisas səviyyələri

9.1. Elmi işçinin müvafiq elmi-ixtisas səviyyəsinə - magistr və ona bərabər tutulan ali təhsilə malik olması zəruridir. Ali təhsilin bakalavr səviyyəsini bitirən mütəxəssis elmi fəaliyyət sahəsində ixtisası üzrə azı iki il iş stajına malik olduqda elmi işçi vəzifəsinə seçilə bilər.

9.2. Elmi müəssisə və təşkilatlarda (onların filial və nümayəndəliklərində) aşağıdakı elmi işçi vəzifələri müəyyən edilir:

9.2.1. elmi işçi, böyük elmi işçi, baş elmi işçi;

9.2.2. konstruktor, aparıcı konstruktor, baş konstruktor;

9.2.3. mühəndis, aparıcı mühəndis, baş mühəndis;

9.2.4. texnoloq, aparıcı texnoloq, baş texnoloq;

9.2.5. assistent.

9.3. Elmi dərəcəsi olan və öz elmi ixtisası üzrə işləməyən, lakin elmi fəaliyyətini davam etdirən şəxslər də elmi işçilər hesab edilirlər.

9.4. Elmi işçinin ixtisas səviyyəsini müəyyən edən əsas göstəricilər aşağıdakılardır:

9.4.1. magistr dərəcəsi (rezidentura) və ona bərabər tutulan ali təhsil;

9.4.2. xüsusi elmi hazırlıq (doktorantura, adyunktura, dissertantura);

9.4.3. elmi dərəcə (elm sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru);

9.4.4. elmi ad (dosent, professor);

9.4.5. AMEA-nın həqiqi və müxbir üzvü;

9.4.6. elmi nailiyyətlərə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar;

9.4.7. yerinə yetirilmiş elmi-tədqiqat və təcrübi-axtarış işləri, müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələr;

9.4.8. dərc olunmuş elmi əsərlərin həcmi və səviyyəsi, xüsusilə təsir gücünə (impakt faktoruna) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələr;

9.4.9. elmi nüfuzu və fəaliyyət göstərdiyi elm sahəsi üzrə mütəxəssislərin rəyi.

9.5. Elmi işçinin elmi ixtisas səviyyəsi müəyyən edilərkən qeyd olunan göstəricilərin mütləqləşdirilməsi zəruri deyil.

Maddə 10. Elmi işçinin işə qəbul qaydası

10.1. Elmi işçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir.

10.2. Elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Elmi işçinin müsabiqə yolu ilə seçilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və elmi müəssisə və təşkilatın nizamnaməsi ilə tənzimlənir.

10.3. Müsabiqə yolu ilə tutulan və vəzifədə olma müddəti məhdudlaşdırılan elmi vəzifəyə təyin edilən elmi işçi ilə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır.

10.4. Doktoranturanı (rezidenturanı) və magistraturanı müvəffəqiy-yətlə bitirən istedadlı gənc mütəxəssislər müvafiq elmi vəzifəyə müsabiqədənkənar (sonradan müsabiqədə iştirak etmək şərtilə) təyin oluna bilərlər.

Maddə 11. Elmi müəssisə və təşkilatın mütəxəssisi, elmi xidmət sahəsinin işçisi

11.1. Elmi müəssisə və təşkilatın mütəxəssisi ali və ya orta ixtisas təhsili - subbakalavr ixtisas dərəcəsinə malik olan, elmi müəssisə və ya təşkilatda çalışan, elmi nəticələrin əldə edilməsi və həyata keçirilməsinə xidmət edən şəxsdir.

11.2. Elmi xidmət sahəsinin işçisi elmi müəssisə və təşkilatın elmi fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasında iştirak edən şəxsdir.

11.3. Elmi müəssisə və təşkilatın mütəxəssisinin və elmi xidmət sahəsi işçisinin işə qəbulu qaydaları, hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, bu Qanuna və elmi müəssisə və təşkilatın nizamnaməsinə uyğun olaraq müəyyən edilir.

Maddə 12. Elmi müəssisə və təşkilatlar

12.1. Elmi müəssisə və təşkilatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılır və elmi fəaliyyətin bütün istiqamətləri üzrə genişmiqyaslı elmi və elmi-texniki tədqiqatlar həyata keçirir.

12.2. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi, təşkilati-hüquqi formasına görə kommersiya və qeyri- kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərir.

12.3. Azərbaycan Respublikasında dövlət elmi müəssisə və təşkilatları qeyri - kommersiya hüquqi şəxs olaraq, bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. Bələdiyyə və xüsusi elmi müəssisə və təşkilatları həm kommersiya, həm də qeyri-kommersiya hüquqi şəxs ola bilər.

12.4. Dövlət bütün elmi müəssisə və təşkilatların inkişafını müvafiq qanunvericiliyə uyğun olaraq kreditlər vermək, qrantlar ayırmaq və vergi güzəştləri tətbiq etməklə (kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərən elmi müəssisə və təşkilatlar istisna olmaqla) təmin edir.

12.5. Dövlət elmi müəssisə və təşkilatlarının fəaliyyəti, yenidən təşkili, fəaliyyətinin dayandırılması, hüquq və vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq müəyyən edilir və tənzimlənir.

12.6. Elmi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara aşağıdakılar aid edilir:

12.6.1. Azərbaycan Milli Elmlər Akademiyası;

12.6.2. ali təhsil müəssisəsi;

12.6.3. elmi-tədqiqat institutu (sahə elmi-tədqiqat institutları, bölmələr, laboratoriyalar və s.);

12.6.4. elmi mərkəzlər;

12.6.5. təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr;

12.6.6. elmi işçilərin ictimai birlikləri;

12.6.7. elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları və digər qurumlar.

12.7. Elmi müəssisə və təşkilatlar Azərbaycan Respublikası qanunvericiliyinə və öz nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərir.

12.8. Elmi müəssisə və təşkilatın nizamnaməsində aşağıdakılar nəzərdə tutulur:

12.8.1. müəssisə və ya təşkilatın adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması və strukturu;

12.8.2. elmi fəaliyyətin əsas istiqamətləri və digər fəaliyyət növləri;

12.8.3. müəssisənin və ya təşkilatın idarəedilmə sistemi və onun fəaliyyətinə nəzarət qaydaları;

12.8.4. müəssisə və ya təşkilatın, eləcə də onun işçilərinin hüquq və vəzifələri;

12.8.5. müəssisə və ya təşkilat rəhbərinin seçilmə və ya təyin edilmə qaydaları;

12.8.6. elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları;

12.8.7. maliyyələşdirilmə mənbələri;

12.8.8. əməyin ödənilməsi qaydaları;

12.8.9. yenidən təşkili və ləğvi qaydaları;

12.8.10. struktur bölmələrin və müvəqqəti elmi kollektivlərin yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi qaydaları;

12.8.11. müəssisənin və ya təşkilatın fəaliyyət xüsusiyyətləri ilə bağlı digər məsələlər.

12.9. Elmi müəssisə və təşkilatların nizamnaməsi onun təsisçisi tərəfindən təsdiq edilir və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatından keçirilir.

12.10. Elmi müəssisə və təşkilatlar təsisçilər tərəfindən onlara verilən əmlak üzərində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət, istifadə və sərəncam hüququna malikdir.

12.11. Elmi müəssisə və təşkilatlar elmi-tədqiqat və təcrübi-istehsalat bazasını inkişaf etdirmək, əsas vəsaitlərini yeniləşdirmək, müasir tələblərə cavab verən infrastruktur yaratmaq məqsədilə  xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etmək, Azərbaycan Respublikası qanunvericiliyinə və öz nizamnaməsinə zidd olmayan digər fəaliyyət növləri ilə də məşğul olmaq hüququna malikdir.

12.12. Dövlət elmi müəssisə və təşkilatlarına torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə verilir.

Maddə 13. Azərbaycan Milli Elmlər Akademiyası

13.1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən,  elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən, elmi fəaliyyət sahəsində Azərbaycanı xarici ölkələrdə təmsil edən dövlət ali elmi təşkilatıdır.

 13.2. AMEA öz tərkibinə seçilən üzvlərini (həqiqi üzvləri, müxbir üzvləri, fəxri üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarında çalışan elmi işçiləri, mütəxəssisləri və elmi xidmət sahəsi işçilərini birləşdirir.

13.3. AMEA-nın strukturuna elmin müxtəlif sahələri üzrə fundamental, tətbiqi və elmi innovasiya xarakterli tədqiqatları həyata keçirən elmi-tədqiqat institutları, elmi mərkəzlər, reqional elmi bölmələr və mərkəzlər, laboratoriya, rəsədxana, təcrübi-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji və elmi cihazqayirma müəssisələri, muzeylər, kitabxanalar, arxivlər,  nəbatat bağları və digər funksional və elmi-xidmət müəssisələri daxildir.

13.4. AMEA Azərbaycan Respublikasının qanunvericiliyinə və öz Nizamnaməsinə uyğun fəaliyyət göstərir.

13.5. AMEA-nın əsas vəzifələri aşağıdakılardır:

13.5.1. ölkədə elm və elmi-texniki fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirmək;

13.5.2. elmin inkişaf strategiyasının işlənib hazırlanmasında və həyata keçirməsində iştirak etmək;

13.5.3. elmin inkişafını təşkil və təmin etmək;

13.5.4. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, sahə elmi-tədqiqat institutlarının və elmi fəaliyyətlə məşğul olan digər strukturların elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək;

13.5.5. elmin prioritet istiqamətlərinin müəyyən edilməsində iştirak etmək;

13.5.6. elm sahəsində dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

13.5.7. fundamental tədqiqatların aparılmasına rəhbərlik etmək;

13.5.8. tətbiqi elmi araşdırmaların elmi məhsullar və xidmətlər bazarının tələbatına uyğun həyata keçirməsini təmin etmək;

13.5.9. biliklərə əsaslanan iqtisadiyyatın və bilik cəmiyyətinin yaradılması məqsədi ilə elm, təhsil və istehsalatın inteqrasiyasını gücləndirmək;

13.5.10. dövlətin innovasiya siyasətinin həyata keçirilməsində iştirak etmək;

13.5.11. təhsilin, mədəniyyətin, milli-mənəvi dəyərlərin və intellektual potensialın inkişafında elmin iştirakını təmin etmək;

13.5.12. ölkənin elmi və elmi-texniki potensialını qorumaq və inkişaf etdirmək;

13.5.13. yüksəkixtisaslı elmi kadrların hazırlanmasını həyata keçirmək və bu sahədə digər elmi müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirmək;

13.5.14. ölkəni elmi fəaliyyət sahəsində xaricdə təmsil etmək və elmi-texniki əməkdaşlığı inkişaf etdirmək;

13.5.15. AMEA-nın həqiqi, müxbir və xarici fəxri üzvlərini seçmək.

13.6. Dövlət AMEA-nın vəzifələrinin yerinə yetirilməsi üçün müvafiq şərait yaradır.

13.7. AMEA-nın baza maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir və hər il Azərbaycan Respublikasının büdcə təsnifatında ayrıca sətirlə göstərilir.

13.8. AMEA elmin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri ilə, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququna malikdir.

13.9. AMEA-da dövlət büdcəsinin vəsaiti hesabına yerinə yetirilən elmi tədqiqatların nəticələri müəllifin şəxsi hüquqları təmin edilməklə dövlətə məxsusdur.

Maddə 14. Ali təhsil müəssisəsi

14.1. Ali təhsil müəssisəsi təhsil prosesi ilə elmi fəaliyyətin vəhdətini təmin edən mühüm elmi fəaliyyət subyekti olmaqla, kafedralar, elmi laboratoriyalar, mərkəzlər, elmi-tədqiqat institutları və digər elmi strukturların bazasında elmin müxtəlif sahələri və istiqamətləri üzrə fundamental, nəzəri-metodoloji və tətbiqi tədqiqatlar aparır, yüksəkixtisaslı elmi kadrların hazırlanmasını həyata keçirir.

14.2. Ali təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi sayılır və dövlət büdcəsinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

14.3. Ali təhsil müəssisəsi və onların elmi işçiləri Azərbaycan Respublikası ərazisində ictimai istifadədə olan elmi laboratoriyaların xidmətlərindən istifadə etmək, dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilən elmi və elmi-texniki müsabiqələrdə, layihə və proqramlarda iştirak etmək üçün bərabər hüquqlara malikdirlər.

14.4. Ali təhsil müəssisəsi təlim və tədris proseslərinə elmi müəssisə və təşkilatlarda calışan alimləri, elmi işçiləri və mütəxəssisləri, o cümlədən xarici ölkələrdən dəvət etmək və tədris prosesinə müasir elmi və elmi-texniki nailiyyətləri sərbəst tətbiq etmək hüququna malikdir.

14.5. Ali təhsil müəssisəsinin tərkibində elmi-tədqiqat institutları, elmi- tədqiqat mərkəzləri, elmi laboratoriyalar, layihə-konstruktor, təcrübi-istehsal, ixtisaslaşdırılmış innovasiya infrastrukturları, texnoparklar, texnoloji inkubatorlar, tədris klinikaları, elmi kitabxanalar, informasiya mərkəzləri və digər elmi müəssisə və obyektlər yaradıla bilər.

14.6. Ali təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada "Tədqiqat universiteti" statusu verilə bilər.

14.7. Tədqiqat universitetinin əsas vəzifələri və meyarları aşağıdakılardan ibarətdir:

14.7.1. təhsilverənlərin və təhsilalanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin real inteqrasiyasını təmin etmək;

14.7.2. yeni biliklər yaratmaq və iqtisadiyyata (istehsalata) müasir  texnologiyaların transferini təmin etmək;

14.7.3. geniş spektrli fundamental və tətbiqi elmi tədqiqatlar həyata keçirmək;

14.7.4. magistr, yüksəkixtisaslı elmi kadr hazırlığı və əlavə təhsil proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq;

14.7.5. ölkə iqtisadiyyatının yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrinin rəqabətqabiliyyətli kadr və elmi təminatını həyata keçirmək;

14.7.6. elmi nəticələri və innovativ texnologiyaları kommersiya əsasında sərbəst reallaşdırmaq;

14.7.7. regional iqtisadi inkişafa, tətbiq zonaları və texnoparkların formalaşdırılmasına, biznes inkubatorlarının yaradılmasına nail olmaq və kiçik sahibkarlığın inkişafına töhfə vermək;

14.7.8. dünya elm və təhsil məkanında layiqli yer tutmaq.

14.8. Tədqiqat universiteti statusu əldə edən ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat strukturlarının (elmi-tədqiqat institutu, elmi mərkəz,  elmi və təcrübi-sınaq laboratoriyaları və s.) baza xərclərinin maliyyələşdirilməsi bu Qanunun 14.2. maddəsində nəzərdə tutulduğu qaydada həyata keçirilir.

14.9. Azərbaycan Respublikasında elmin inkişafının dünya təcrübəsi və ali təhsil sisteminin elmi potensialı nəzərə alınaraq, tədqiqat universitetlərinin tədris prosesində və elmi tədqiqatlarda prioritetliyi təmin olunur.

14.10. Ali təhsil müəssisəsinin elmi işçilərinin statusu AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin statusuna bərabər tutulur.

14.11. Ali təhsil müəssisəsinin elmi, elmi-texniki və innovasiya fəaliyyəti "Təhsil haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Patent haqqında" Azərbaycan Respublikasının qanunlarına, bu Qanuna, digər müvafiq qanunvericilik aktlarına və öz nizamnaməsinə uyğun olaraq həyata keçirilir və tənzimlənir.

Maddə 15. Elmi - tədqiqat institutu

15.1. Elmi tədqiqat institutu elmin müxtəlif sahələri üzrə bilavasitə fundamental və tətbiqi tədqiqatlar həyata keçirən elmi fəaliyyət subyekti olmaqla, müstəqil və ya AMEA-nın, ali təhsil müəssisəsinin, nazirliklərin və digər strukturların nəzdində fəaliyyət göstərə bilər.

15.2. Əsasən tətbiqi, innovativ və eksperimental tədqiqatların iqtisadi, sosial, ictimai və mədəni sferanın müxtəlif sahələrində istifadəsinin asanlaşdırılması və məqsədyönlüyünün artırılması məqsədilə ayrı-ayrı idarəetmə orqanları və onların müxtəlif statuslu birlikləri yanında sahə elmi-tədqiqat institutu yaradıla bilər.

15.3. Elmi-tədqiqat institutunun əsas vəzifələri aşağıdakılardan ibarətdir:

15.3.1. elmin aktual problemləri üzrə ölkənin iqtisadi, sosial və mədəni həyatının inkişafı üçün əhəmiyyətli olan elmi tədqiqatlar və eksperimental araşdırmalar həyata keçirmək;

15.3.2. dövlət, özəl və ictimai strukturlarla əməkdaşlıq etmək, onların sifarişləri əsasında elmi tədqiqatlar aparmaq;

15.3.3. elmi-metodoloji, metodiki və məsləhət-konsaltinq xidmətləri göstərmək;

15.3.4. yüksəkixtisaslı elmi kadr hazırlığını həyata keçirmək;

15.3.5. elmi bilikləri cəmiyyətdə yaymaq, təbliğ və tətbiq etmək;

15.3.6. innovasiyalara və biliklərə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılmasına xidmət etmək.

15.4. Dövlət elmi-tədqiqat institutunun əsas idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura nizamnaməyə müvafiq olaraq aşağıdakı funksiyaları yerinə yetirir:

15.4.1.  elmi-tədqiqat institutunun strukturunu müəyyən edir;

15.4.2. elmi-tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir;

15.4.3. elmin inkişaf ilə bağlı müxtəlif problemlərin müzakirəsini keçirir, tövsiyyələr hazırlayır, öz səlahiyyətləri daxilində elmi fəaliyyəti nizamlayan sənədləri təsdiq edir;

15.4.4. elmi-tədqiqat institutunun fəaliyyətinin illik hesabatını və ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir;

15.4.5. elmi işlərin və elmi işçilərın stimullaşdırılması üçün müvafiq qərarlar qəbul edir;

15.4.6. elmi işçilərin attestasiyasını və işə qəbulu üzrə müsabiqələrin keçirilməsini təşkil edir;

15.4.7. hər il öz iş planını və reqlamentini təsdiq edir;

15.4.8. yüksəkixtisaslı elmi kadrların hazırlanması və ixtisasının artırılması sahəsində müvafiq qərarlar qəbul edir;

15.4.9.  elmi adlar verilməsinə dair müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırır;

15.4.10. öz nizamnaməsində nəzərdə tutulan digər vəzifələri həyata

keçirir.

15.5. Dövlət elmi-tədqiqat institutunun elmi şurası təcrübəli və yüksəkixtisaslı elmi və inzibati işçilərdən, eləcə də elmi-tədqiqat institutunun nizamnaməsində müəyyən edilmiş qaydada institutun məqsəd və vəzifələrinin həyata keçirilməsində maraqlı olan digər müəssisə və təşkilatların nümayəndələrindən ibarət olmaqla, 3 il müddətinə formalaşdırılır.

15.6. Elmi - tədqiqat institutunun fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

Maddə 16. Elmi mərkəzlər

16.1. Elmi mərkəzlər - elmin inkişafının prioritet istiqamətləri üzrə elmi və elmi innovasiya fəaliyyətinin əlaqələndirilməsini və ümumi mülkiyyət maraqlarını təmin edən, inzibati-funksional və ya funksional müstəqilliyə malik olan elmi-tədqiqat (milli, regional, akademik, elmi-innovasiya, elmi-istehsalat, elmi-metodiki, elmi-təcrübi və s.) müəssisəsidir.

16.2. Elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr resurslarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilərlər.

16.3. Elmi mərkəzlər elmi və elmi-texniki tədqiqatların təşkilini müxtəlif elm, təhsil, istehsal, biznes, xidmət və digər sahələrin kooperasiyası əsasında həyata keçirə bilər.

16.4. Elmi fəaliyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə edən, beynəlxalq səviyyədə tanınan, yüksəkixtisaslı elmi kadr potensialına, unikal maddi-texniki bazaya və infrastruktura malik olan elmi müəssisə və təşkilatlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Elmi mərkəz" statusu verilə bilər.

16.5. Elmi mərkəzlərin fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq həyata keçirilir.

Maddə 17. Təcrübi - konstruktor, layihə - konstruktor, təcrübi - istehsal, layihə - texnoloji müəssisələr

17.1. Təcrübi-konstruktor müəssisəsi (bürosu) elmi-tədqiqat işlərinin nəticələrini texniki, mühəndis, laboratoriya sınaqları səviyyəsinə çatdırmaqla onların istehsalatda tətbiqini təmin edir. Bu tipli müəssisələr məhsulun nümunələrini və istehsal üçün zəruri olan müvafiq texniki sənədlərin hazırlanmasını təmin edir.

17.2. Layihə-texnoloji müəssisələrin (büroların) əsas fəaliyyəti elmi-tədqiqat işləri, biznes-planları və investisiya layihələrinin əsaslandırılması mərhələsində innovasiya xarakterli işləmələrin kompleks layihələndiril-məsini həyata keçirməklə onların tətbiqini təmin etməkdən ibarətdir.

17.3. Təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələr müstəqil, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin, habelə müxtəlif strukturların nəzdində  fəaliyyət göstərə bilər.

17.4. Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslər sahəvi, regional, ərazi və digər istiqamətlər üzrə mühüm əhəmiyyət kəsb edən elmi və ya elmi-texniki problemlərin tədqiqi məqsədilə müstəqil təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisə və ya tədqiqat laboratoriyaları yarada bilərlər.

17.5. Təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrinin fəaliyyəti bu Qanuna, digər müvafiq qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq həyata keçirilir və tənzimlənir.

Maddə 18. Elmi işçilərin ictimai birlikləri və fondlar

18.1. Elmi işçilər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada könüllülük əsasında ictimai birliklər (assosiasiya, cəmiyyət, təşkilat və s.) və fondlar yarada bilərlər.

18.2. Elmi işçilərin ictimai birlikləri və fondlar elmi fəaliyyətin əlaqələndirilməsi, təşkili və stimullaşdırılmasında iştirak edir, Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərirlər.

18.3. Dövlət orqanları elmi işçilərin ictimai birliklərini könüllülük əsasında müxtəlif problemlərin həlli ilə bağlı layihələrinin tərtib olunmasına, ekspertizasına, elmi maarifləndirmə, habelə müsabiqə əsasında büdcə vəsaiti hesabına maliyyələşdirilən elmi proqram və layihələrin hazırlanmasına, elmi müəssisələrin akkreditasiyası və elmi işçilərin attestasiyası proseslərinə cəlb edə bilər.

Maddə 19. Elmi fəaliyyətlə məşğul olan qeyri - hökumət təşkilatları və digər subyektlər

19.1. Elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları və onların peşəkar və ictimai birlikləri müxtəlif elmi problemlərin tədqiqi, mövcud vəziyyətin monitorinqi, qiymətləndirilməsi, nəticələrin şərhi və təbliği məqsədilə yaradılır.

19.2. Bu təşkilatlar və onların ictimai birlikləri qanunvericiliyə müvafiq olaraq elmi tədqiqatların aparılmasını sifariş və təşkil etmək, digər elmi fəaliyyət subyektlərinin məhsullarından istifadə etmək, elmi fəaliyyətin nəticələrini qiymətləndirmək və mükafatlandırmaq, alternativ layihələr təqdim etmək, elmi müəssisə və təşkilatların akkreditasiyasında və elmi işçilərin attestasiyasında iştirak etmək hüququna malikdir.

19.3. Digər elmi fəaliyyət subyektlərinə əsas fəaliyyət predmeti elmi və elmi-texniki yaradıcılıq olmayan hüquqi şəxslər aid edilir və onlar təsis sənədlərində qeyd olunmuş əsas vəzifələrin yerinə yetirilməsi məqsədilə, öz tərkibində elmi və elmi-innovasiya fəaliyyətini həyata keçirən müxtəlif struktur bölmələri yarada bilərlər.

19.4. Elmi fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları, onların peşəkar və ictimai birliklərinin, eləcə də digər subyektlərin elmi fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə, bu Qanuna və öz nizamnamələrinə uyğun olaraq həyata keçirilir.

III FƏSİL
YÜKSƏKİXTİSASLI ELMİ KADR HAZIRLIĞI SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ

Maddə 20. Yüksəkixtisaslı elmi kadrların hazırlanması

20.1. Yüksəkixtisaslı elmi kadrların hazırlanması elmi fəaliyyət sahəsində dövlət siyasətinin tərkib hissəsi olaraq ölkədə elmi, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edir.

20.2. Dövlət yüksəkixtisaslı elmi kadrların hazırlanması  ilə məşğul olan elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin fəaliyyəti üçün bərabər imkan və şəraitin yaradılmasını təmin edir.

20.3. Elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olan şəxsin, bu Qanunun 10.1-ci maddəsi nəzərə alınmaqla, magistr elmi-ixtisas dərəcəsinə (və ya ona bərabər tutulan ali təhsilə) malik olması zəruridir. Təhsilin magistratura (rezidentura) səviyyəsi ali təhsil müəssisələrinin elmi fəaliyyəti ilə bağlıdır.

20.4. Yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunktura) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada müstəqil elmi-tədqiqat işinin - dissertasiyanın yerinə yetirilməsi və müdafiəsi zəruridir.

20.5. Doktorantura yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr potensialına, maddi-texniki bazaya və infrastruktura malik olan elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində yaradılır.

20.6. Doktoranturanın (adyunkturanın)  yaradılması, doktoranturaya qəbul, o cümlədən dissertanturaya qəbul və ya təhkim olunma qaydaları, təhsilalma formaları və təhsil müddəti, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və digər müvafiq qanunvericilik aktlarına əsasən həyata keçirilir.

20.7. Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa, bu Qanuna və digər müvafiq qanunvericilik aktlarına əsasən həyata keçirilir.

20.8. Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir.

20.9. Dövlət sifarişi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Bu vəsaitin miqdarı doktoranturanın hər iki proqramı üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən, hər bir doktorantın hazırlanması üçün zəruri olan məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir və ixtisaslar üzrə fərqləndirilir.

20.10. Xarici ölkələrin tanınmış universitetlərində və elmi mərkəzlərində yüksəkixtisaslı elmi və elmi-texniki kadrların hazırlanması, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət büdcəsi vəsaiti hesabına və ödənişli əsaslarla, eləcə də qarşılıqlı mübadilə yolu ilə həyata keçirilir.

Maddə 21. Elmi dərəcələr və elmi adlar

21.1. Azərbaycan Respublikasında elmi dərəcələr və elmi adlar, onların verilmə qaydaları və şərtləri "Təhsil haqqında"Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və digər müvafiq qanunvericilik aktlarına əsasən müəyyən edilir və tənzimlənir.

21.2. Azərbaycan Respublikasında elmi və ail təhsil müəssisələrində mədəniyyət, incəsənət, hərbi və idman sahəsində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə edən, lakin elmi dərəcəsi olmayan elmi və pedaqoji kadrlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dosent və professor elmi adları verilə bilər.

21.3. Elmi müəssisə və təşkilatlar fəxri doktor (professor) adı vermək hüququna malikdir. Fəxri doktor (professor) adının verilməsi qaydaları və şərtləri elmi müəssisə və təşkilatın nizamnaməsi ilə müəyyən olunur.

21.4. Elmi dərəcələr və elmi adlar ömürlük verilir. Elmi dərəcə və ya elmi adlardan məhrum etmə elmi və akademik etikanın, müdafiə prosedurunun kobud surətdə pozulması və plagiat faktının aşkar edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 22. Dissertasiya şurası

22.1. Azərbaycan Respublikasında fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi vermək hüququna malik olan dissertasiya şurası ölkə üzrə vahid sistem əsasında, ixtisaslar üzrə daimi elmi araşdırmalar aparan, müvafiq elmi kadr potensialına malik olan elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində yaradılır.

  22.2. Dissertasiya şurasının təşkili, fəaliyyəti və üzvlərinin əməyinin ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22.3. Dissertasiya şurası olmayan ixtisaslar üzrə birdəfəlik dissertasiya şuraları yaradıla bilər. Birdəfəlik dissertasiya şurası müvafiq elmi sahə üzrə fəaliyyət göstərən dissertasiya şurasının bazasında və ya ayrıca yaradılan şurada bir və ya bir neçə dissertasiyanın müdafiəsi üçün nəzərdə tutulur.

22.4. Dissertasiya şurasına üzvlük, rəsmi opponentlik və aparıcı təşkilatın rəyi haqqı ödənilən əmək fəaliyyətinə aid edilir və dissertasiya şurasının fəaliyyət göstərdiyi elmi və ali təhsil müəssisəsi tərəfindən ödənilir.

22.5. Dissertasiya şurasına təqdim edilən və müdafiə edilmiş dissertasiya işinın keyfiyyətinin və elmi yeniliyinin zəruri tələblərə cavab verməsi üçün dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçi), rəsmi opponentlər, aparıcı təşkilat və dissertasiya şurasının üzvləri məsuliyyət daşıyırlar.

Maddə 23. Elmi dərəcələr və elmi adlar haqqında dövlət sənədi

23.1. Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatların və ali təhsil müəssisəsinin doktoranturasını (adyunkturanı) və ya dissertanturasını müvəffəqiyyətlə başa vuran, müvafiq elmi dərəcəyə layiq görülən fəlsəfə və elmlər doktorlarına vahid formalı dövlət sənədi - diplom və elmi adlar haqqında attestatlar verilir.

23.2. Elmi müəssisə, təşkilat və ali təhsil müəssisəsi tərəfindən verilmiş elmi adlar haqqında attestatlar, həmin müəssisənin elmi və elmi-pedaqoji kadrlarına aid edilməklə, ölkə ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar tərəfindən tanınır.

23.3. Elmi dərəcələr və elmi adlar haqqında dövlət sənədinin verilməsi qaydaları və şərtləri "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və digər qanunvericilik aktlarına əsasən müəyyən edilir.

23.4. Xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adların hüquqi və elmi baxımdan tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nostrifikasiya və təkrar attestasiya əsasında həyata keçirilır.

IV FƏSİL
ELMİ FƏALİYYƏT SAHƏSİNİN İDARƏ EDİLMƏSİ

Maddə 24. Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri

24.0. Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

24.0.1. elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;

24.0.2. elmin inkişaf strategiyası və konsepsiyasının hazırlanması;

24.0.3. elmin prioritet inkişaf sahələrinin və istiqamətlərinin müəyyən edilməsi;

24.0.4. elmin prioritet istiqamətləri üzrə dövlət proqramlarının və layihələrinin hazırlanması və həyata keçirilməsi;

24.0.5. regionların kompleks məqsədli iqtisadi, sosial və mədəni inkişaf proqramlarının hazırlanması və elmi cəhətdən əsaslandırılması;

24.0.6. ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin yüksəldilməsi ilə bağlı olan elmi fəaliyyət sahələrinin himayə edilməsi;

24.0.7. elm sahəsinin inkişafına ayrılan dövlət büdcə vəsaitlərinin həcminin və qrantlarının məbləğinin müəyyən edilməsi və bu vəsaitlərdən səmərəli istifadə olunmasına dövlət nəzarətinin həyata keçirilməsi;

 24.0.8. fundamental, tətbiqi və innovasiya xarakterli tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi;

24.0.09. qeyri-dövlət bölməsinin və xarici investorların elm sahəsinə

 sərmayə qoyuluşlarını stimullaşdıran əlverişli investisiya mühitinin təmin edilməsi;

24.0.10. müxtəlif statuslu dövlət elmi müəssisə və təşkilatlarının yaradılması və ləğv edilməsi;

24.0.11. əqli mülkiyyət hüququnun qorunmasının təmin edilməsi;

24.0.12. elmi nəticələrin və məhsulların xüsusi icazə olmadan mənimsənilməsi və ya özününkü kimi təqdim edilməsi halları üzrə inzibati məsuliyyətin müəyyən edilməsi;

24.0.13. elmi fəaliyyətdə etik prinsiplərin və normaların gözlənilməsinə nəzarətin həyata keçirilməsi;

24.0.14. elmi işçilərin sosial müdafiəsinin təmin edilməsi, o cümlədən elm sahəsində xidmətləri olan görkəmli elm xadimlərinə xüsusi qayğı göstərilməsi və onların elmi fəaliyyətləri üçün lazımi şəraitin yaradılması;

24.0.15. elmi fəaliyyəti və onun nəticələrindən istifadəni stimul-laşdırmaq məqsədilə iqtisadi mexanizmlərin, güzəşt və imtiyazların müəyyən edilməsi;

24.0.16. elmi fəaliyyətin bəzi növlərinə məhdudiyyətlər qoyulması;

24.0.17. elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydalarının müəyyən edilməsi;

24.0.18. elmi müəssisə və təşkilatların akkreditasiya qaydalarının müəyyən edilməsi və dövlət akkreditasiyasının həyata keçirilməsi;

24.0.19. xarici ölkələrin elmi dərəcə və elmi adlar haqqında sənədlərinin tanınması və təkrar attestasiyasının həyata keçirilməsi;

24.0.20. elmi fəaliyyətin informasiya təminatının və informasiya resurslarına çıxışın təmin edilməsi;

24.0.21. elmi fəaliyyət sahəsinin dünya elmi məkanına inteqrasiyası-nın və beynəlxalq standartlara cavab verən elmi mühitin yaradılmasının

təmin edilməsi;

24.0.22. dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarının yaş həddinin müəyyən edilməsi;

24.0.23. elmi fəaliyyət sahəsində vahid statistik məlumat sisteminin yaradılmasının təmin edilməsi;

24.0.24. dövlət elmi müəssisə və təşkilatlarında yerinə yetirilən elmi-tədqiqat işlərinin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi;

24.0.25. elmin təşkili və idarə edilməsi ilə məşğul olan dövlət orqanları ilə elmi fəaliyyətin konkret subyektləri və iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi;

24.0.26. elmi müəssisə, təşkilat və ali təhsil müəssisələrinin həyata keçirdiyi elmi-tədqiqat işlərinin əlaqələndirilməsinin təmin edilməsi;

24.0.27. elmi dərəcə və elmi adlar üçün vahid formalı dövlət sənədlərinin nümunələrinin və onların verilmə qaydalarının müəyyən edilməsi;

24.0.28. elmi fəaliyyət subyektlərinin haqsız rəqabətdən müdafiə edilməsi;

24.0.29. elmi nəticələrin və müasir texnologiyaların tətbiqinə şəraitin yaradılması;

24.0.30. elmi kadrlara tələbatın müəyyən edilməsi, gənc elmi kadrların iş yerləri ilə təmin edilməsinə üstünlük verilməsi və kadrların düzgün yerləşdirilməsinin həyata keçirilməsi;

24.0.31. dövlət sifarişi əsasında elmi və elmi-pedaqoji kadrların hazırlanması, stajkeçmə və ixtisasartırmanın təmin edilməsi; 

24.0.32. humanizmə, insan həyatına və cəmiyyətin sabitliyinə zidd olan, ölkənin milli təhlükəsizliyinin və ekoloji tarazlığın pozulmasına səbəb olan elmi texnologiyaların hazırlanmasının və tətbiqinin qarşısının alınması;

24.0.33. elm, təhsil və iqtisadiyyatın (sahibkarlığın) real inteqrasiyasının təmin edilməsi;

24.0.34. regionlarda elmi fəaliyyətin inkişafı üçün müvafiq infrastrukturların və digər zəruri şəraitin yaradılması;

24.0.35. elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və ölkənin elm sahəsi üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməsi;  

24.0.36. beynəlxalq müqavilələrin icrasında ölkənin elmi potensialından istifadə edilməsinə üstünlük verilməsi;

24.0.37. elmi fəaliyyətin dünya standartları səviyyəsinə yüksəlməsini təmin edən kompleks tədbirlərin həyata keçirilməsi;

24.0.38. elmi fəaliyyət sahəsində planlaşdırma, proqnozlaşdırma, nəzarət, əlaqələndirmə, təchizat normativlərinin müəyyənləşdirilməsi, qiymətləndirmə və digər vəzifələrin həyata keçirilməsi.

Maddə 25. Elmi müəssisə və təşkilatların idarə edilməsi

25.1. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, elmi müəssisə və təşkilatlar bu Qanuna, müvafiq normativ-hüquqi aktlara və öz nizamnaməsinə əsasən idarə edilir.

25.2. Elmi müəssisə və təşkilatların idarə edilməsi aşkarlıq, şəffaflıq, özünüidarə və elmi yaradıcılıq azadlığı prinsipləri əsasında həyata keçirilir.

25.3. Elmi müəssisə və təşkilatlar idarəetmə fəaliyyətini demokratik əsaslarla həyata keçirmək məqsədilə özünüidarə orqanları (elmi şura, ümumi yığıncaq, əlaqələdirici və himayədarlar şuraları və s.) yaradır. Bu orqanların formalaşdırılması qaydaları və səlahiyyətləri elmi müəssisə və təşkilatın nizamnaməsi ilə müəyyən edilir.

25.4. Elmi müəssisə və təşkilatlarının ali idarəetmə orqanı olan elmi şuralar elmi fəaliyyətin bütün istiqamətləri üzrə həyata keçirilən işlərin nəticələrini müzakirə edir, müvafiq qərarlar qəbul edir, gələcək inkişaf planlarını hazırlayır və təsdiq edir.

25.5. Dövlət elmi müəssisə və təşkilatının rəhbəri (prezident,  direktor, müdir, rəis və s.) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elmi müəssisə və təşkilatın nizamnaməsinə uyğun olaraq seçilir və təyin edilir.

25.6. Qeyri-dövlət (özəl) elmi müəssisə və təşkilatın rəhbəri onların təsisçiləri tərəfindən müəyyən edilmiş qaydada seçilir və ya təyin edilir.

25.7. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan elmi müəssisə və təşkilatların elmi işçilərinin azı 80 faizini Azərbaycan Respublikasının vətəndaşları təşkil edir.

25.8. Təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizindən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus elmi müəssisə və təşkilatın rəhbərinin müavininin Azərbaycan Respublikasının vətəndaşı olması zəruridir.

Maddə 26. Elmi - tədqiqat fəaliyyətinin əlaqələndirilməsi

26.1. Azərbaycan Respublikasında təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatların həyata keçirdiyi elmi-tədqiqat işlərinin əlaqələndirilməsini (koordinasiyasını) təmin etmək məqsədilə Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılır.

26.2. Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurasının əsas vəzifəsi ölkədə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, paralelliyin aradan qaldırılması, müxtəlif elmi strukturların birgə elmi-tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarətin təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

26.3. Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurası öz tərkibində elmin əsas istiqamətləri üzrə problem şuraları yaradır. Problem şuralarının tərkibi ölkədə müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin yüksəkixtisaslı elmi kadrlarından (say tərkibi nəzərə alınmaqla) formalaşdırılır.

26.4. Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurası müstəqil qurum kimi ictimai əsaslarla fəaliyyət göstərir. Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnaməyə uyğun həyata keçirilir.

Maddə 27. Elm, təhsil və iqtisadiyyatın (sahibkarlığın) inteqrasiyası

27.1. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyası elm sahəsinin təhsil sferası və innovasiya meyilli sahibkarlıqla (sahibkarlıq subyekləri ilə) vəhdətinin təmin edilməsi məqsədilə həyata keçirilir.

27.2. Elm, təhsil və iqtisadiyyatın inteqrasiya subyektləri ümumi və ya birgə infrastrukturlara malik olur və bilik cəmiyyətinin, biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasına, rəqabətqabiliyyətli istehsal sahələrinin formalaşmasına və inkişafına xidmət edir.

27.3. Azərbaycan Respublikasında elm, təhsil və iqtisadiyyatın inteqrasiyası aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

27.3.1. ölkə ərazisində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələri, elmtutumlu istehsal sahələri və sahibkarlığın birləşməsi əsasında klasterlərin və xüsusi zonaların - texnopolislərin yaradılması;

27.3.2. ali təhsil müəssisəsinin müəllim, tələbə, magistr və doktorantlarının elmi-tədqiqat fəaliyyətinə, elmi müəssisə və təşkilatların elmi və elmi-texniki kadrlarının müxtəlif formalarda tədris, tədris-metodiki, elmi-tədqiqat, təcrübi-axtarış işlərinə, magistratura (rezidentura) və doktorantura proqramlarına fəal cəlb edilməsi;

27.3.3. elmi müəssisə və təşkilatların ali təhsil müəssisələri ilə birgə elm-tədqiqat mərkəzlərinin, kafedraların, laboratoriyaların, texnoparkların, texnoinkubatorların və tədris klinikalarının yaradılması.

27.4. Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri sifarişlər əsasında birgə elmi-tədqiqat və araşdırmalar aparmaq, layihə və proqramları hazırlamaq, məsləhət və digər xidmətlər göstərmək hüququna malikdir.

Maddə 28.  Elmi fəaliyyətin bəzi növlərinə məhdudiyyət  qoyulması

28.1. Azərbaycan Respublikasında elmi fəaliyyət bu Qanunda məhdudiyyət qoyulduğu hallar istisna olmaqla sərbəstdir.

28.2. Ölkənin milli təhlükəsizliyi, vətəndaşların sağlamlığı və ətraf mühit üçün təhlükə törədə bilən, milli - mənəvi dəyərlərə xələl gətirən elmi tədqiqatların aparılmasına və ya bu cür elmi nəticələrdən istifadə olunmasına yol verilmir.

28.3. Elmi fəaliyyətin bəzi növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məhdudiyyətlər qoyula bilər.

28.4. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda elmi nəticələrə məxfilik qrifi qoyulur və məxfilik qrifinə əməl olunmasına nəzarət edilir.

28.5. Xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikası ərazisində elmi və elmi-texniki fəaliyyətinə onların Azərbaycan Respublikasında dövlət qeydiyyatına alındığı halda yol verilir.

Maddə 29. Elmi müəssisələrin akkreditasiyası

29.1. Elmi müəssisələrin akkreditasiyası elmi fəaliyyətin təşkili və idarə edilməsinin, onun maddi-texniki bazasının və infrastrukturunun, elmi proqramların, elmi-tədqiqatların nəticələrinin və səmərəliliyinin, kadr potensialının və maliyyə resurslarının normativ-hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır.

29.2. Elmi müəssisələrin akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaradılan Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilir. Akkreditasiya Komissiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnaməyə müvafiq olaraq ictimai əsaslarla fəaliyyət göstərir.

29.3. Akkreditasiyadan keçən elmi müəssisələrə akkreditasiya haqqında şəhadətnamə - sertifikat verilir. Akkreditasiyadan keçə bilməyən elmi müəssisə 3 (üç) il müddətinə təkrar akkreditasiyadan keçmək hüququna malikdir. Bu müddət ərzində təkrar akkreditasiyadan keçə bilməyən elmi müəssisənin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dayandırıla bilər. Akkreditasiya Komissiyasının qərarı yalnız məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.

29.4. Elmi müəssisələr beynəlxalq akkreditasiyadan keçmək hüququna malikdir. Elmi müəssisələrin beynəlxalq akkreditasiyası onların dünya elmi məkanında tanınması və reytinqinin yüksəldilməsi məqsədilə aparılır.

Maddə 30. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası

30.0. Elmi işçilərin attestasiyası elmi müəssisə və təşkilatlarda aşağıdakı məqsədlərlə aparılır:

30.0.1. elmi işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması;

30.0.2. elmi işçilərin tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi;

30.0.3. elmi işçilərin qabiliyyətindən istifadə edilməsi perspektivlərinin aşkar edilməsi və onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinin stimullaşdırılması;

30.0.4. elmi işçinin ixtisasının, peşə hazırlığının yüksəldilməsi üçün müvafiq tələblərin müəyyən edilməsi.

30.1. Elmi işçilərin attestasiyası hər 5 (beş) ildən bir müddətdə aparılır.

30.2. Elmi müəssisə və təşkilatların elmi işçilərinin, mütəxəssislərinin və elmi xidmət sahəsi işçilərinin attestasiyası elmi müəssisə və təşkilatların elmi şuraları tərəfindən yaradılan attestasiya komissiyaları tərəfindən həyata keçirilır.

30.3. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyası qaydaları, şərtləri və nəticələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

30.4. Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsinin işçilərinin attestasiyasının nəticələri yalnız məhkəmənin qərarı ilə ləğv edilə və ya dəyişdirilə bilər.

Maddə 31. Elmi fəaliyyətin informasiya təminatı

31.1. Elmi fəaliyyətin subyektləri dövlət, xidməti və kommersiya sirlərinə aid informasiyalar istisna olmaqla, elmi və elmi-texniki informasiyalara sərbəst çıxış əldə etmək, informasiya mübadiləsini həyata keçirmək hüququna malikdirlər.

31.2. Dövlət elmi informasiya bankının və elmi informasiyanın toplanılması, təhlili, saxlanılması və yayılmasını həyata keçirən informasiya mərkəzlərinin, fondların və sistemlərinin yaradılmasına, elmi fəaliyyət subyektlərinin elm, texnika və innovasiya sahəsində beynəlxalq informasiya fondları və mərkəzləri ilə əlaqəsinin qurulmasına, elmi nəticələrin çap olunmasına, nüfuzlu xarici elmi jurnallar, kitab və digər elmi-texniki materialların alınmasına şərait yaradır.

31.3. Dövlət elmi irsin toplanılması, saxlanılması, sistemləşdirilməsi və qorunması məqsədilə elmi arxivlərin müasir tələblərə uyğun maddi-texniki baza və infrastrukturunun yaradılmasını təmin edir və arxiv mənbələrindən (dövlət və kommersiya sirrinə aid olan məlumatlar istisna olmaqla) sərbəst istifadə olunmasına təminat verir.

31.4. Dövlət elmi müəssisə və təşkilatlarının ləğv edilməsi və ya yenidən təşkili zamanı onların malik olduğu elmi informasiya bankı qanunla müəyyən edilmiş qaydada elmi müəssisə və təşkilatın hüquqi varisinə verilir.

Maddə 32. Elmi və elmi - texniki fəaliyyətin ekspertizası

32.1. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası ekspertiza obyektlərinin elmi və elmi-texniki səviyyəsinin tədqiqi, təhlili, yoxlanılması və qiymətləndirilməsi, bu obyektlər haqqında müvafiq qərarların qəbul edilməsinin əsaslandırılması üçün ekspert rəylərinin hazırlanması və rəsmiləşdirilməsi məqsədilə həyata keçirilir.

32.2. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaradılan Dövlət Elmi Ekspertiza Şurası, ekspertiza komissiyaları və bu sahədə təcrübəsi olan müxtəlif profilli ixtisaslı ekspert təşkilatları və fiziki şəxslər (ekspertlər) tərəfindən  aparılır.

32.3. Dövlət Elmi Ekspertiza Şurasının yaradılması qaydaları və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Dövlət Elmi Ekspertiza Şurası ictimai əsaslarla fəaliyyət göstərir.

32.4. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası aşağıdakı hallarda aparılır:

32.4.1. elmi fəaliyyət sahəsində dövlət siyasəti və elmin inkişafının prioritet istiqamətləri müəyyən edildikdə;

32.4.2. dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilən elmi proqram və layihələr hazırlandıqda;

32.5.3. elmi proqram və layihələrdə iştirak etmək üçün müsabiqələr keçirildikdə;

32.4.4. ekspertiza obyektinin (elmi-tədqiqat işlərinin, elmi proqram və layihələrin, elmi əsərlərin, elmi-metodiki vəsaitlərin və s.) müasir elmi, texniki, texnoloji biliklər və tələblər səviyyəsinə uyğunluğunun və onların iqtisadi faydalılığının qiymətləndirilməsində;

32.4.5. ekspertiza obyekti olan proqram, layihə və təkliflərin reallaşdırılmasının elmi-texniki, sosial-iqtisadi və ekoloji nəticələrinin proqnozlaşdırılmasında və istehsala tətbiqinin elmi əsaslandırılmasında;

32.4.6. ekspertiza obyektinin milli, ekoloji, texnoloji və ictimai təhlükəsizliyinin qiymətləndirilməsində;

32.4.7. mövcud elmi-texniki potensialdan istifadənin təhlili və səmərəliliyinin qiymətləndirilməsində;

32.4.8. elmi dərəcələr və elmi adlar almaq üçün təqdim edilən dissertasiyaların, elmi əsərlərin, tədris və elmi-metodiki vəsaitlərin müvafiq tələblərə uyğunluğunun müəyyən edilməsində;

32.4.9. xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınması və ya təkrar attestasiyası keçirildikdə;

32.4.10. elmi nəticələrin və ya elmi əsərlərin dövlət və ya beynəlxaq mükafatlara təqdim və tövsiyə edilməsində;

32.4.11. müvafiq icra hakimiyyəti orqanının və məhkəmənin qərarı olduqda.

32.5. Elmi dərəcələr və elmi adlar almaq üçün təqdim edilən dissertasiyaların və sənədlərin, eləcə də xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin ekspertizası "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və müvafq qanunvericilik aktlarına  əsasən həyata keçirilir.

32.6. Elmi və elmi-texniki fəaliyyətin ekspertizasının  nəticələrində maraqlı olan fiziki və  ya hüquqi şəxsin ekspertizada iştirak etməsinə yol verilmir.

32.7. Elmi və elmi-texniki fəaliyyətin ekspertizasının nəticələri dövlət, xidməti və kommersiya sirlərinin qorunması şərtilə  qanunvericiliklə müəyyən edilən qaydada ictimaiyyətə açıqlanır və səlahiyyətli orqanların internet resurslarında yerləşdirilir.

Maddə 33. Elmi fəaliyyətin nəticələrindən istifadə 

33.1. Elmi nəticələrin və elmi məhsulun yaradılması, istifadəsi, elmi, elmi-texniki, mühəndis-məsləhət və digər xidmətlərin göstərilməsi, o cümlədən birgə elmi fəaliyyət və gəlirin bölünməsi elmi müəssisə və təşkilatlarla sifarişçilər (və ya elmi fəaliyyətin nəticələrinin istehlakçıları) arasında bağlanan müqavilələrə əsasən müəyyən edilir.

33.2. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün elmi müəssisə və təşkilatlara dövlət idarəetmə orqanları və digər dövlət və qeyri-dövlət strukturları tərəfindən fundamental, tətbiqi və eksperimental tədqiqatların yerinə yetirməsi məqsədilə sifarişlər verilə bilər. 

33.3.Sifarişlər əsasında yerinə yetirilən elmi tədqiqatlar  kommersiya və qeyri - kommersiya şərtlərinə uyğun həyata keçirilir və sifarişçi ilə elmi fəaliyyət subyekti arasında bağlanılan müqavilələrə əsasən tənzimlənir.

33.4. Dövlət sifarişləri üzrə yerinə yetirilən elmi tədqiqatların nəticələri müəlliflik hüquqları təmin edilməklə dövlətə məxsusdur.

33.5. Elmi fəaliyyətdən alınan nəticələrə sahiblik, istifadə və sərəncam hüququ Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və tərəflər arasında bağlanılan müqavilələrə əsasən müəyyən edilir.

33.6. Dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilən elmi işlərin nəticələri, əgər əqli mülkiyyət, dövlət, xidməti və kommersiya sirlərinin qorunmasını nizamlayan hüquqi aktlara zidd deyildirsə, ictimaiyyətə açıqlanır və səlahiyyətli orqanların internet resurslarında yerləşdirilir.

33.7. Elmi nailiyyətlərdən istifadə etməklə yaradılan istehsal və digər obyektlərin təhlükəsizliyi, o cümlədən ekoloji təhlükəsizliyi, iqtisadi və sosial əhəmiyyəti barədə ictimaiyyətə əvvəlcədən müvafiq məlumatlar verilir.

Maddə 34. Elmi etika və əqli mülkiyyət hüququnun qorunması

34.1. Azərbaycan Respublikasında elmi etika və əqli mülkiyyət hüququnun qorunması "Patent haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və bu Qanunla tənzimlənir.

34.2. Elmi etika və əqli mülkiyyət hüququnun pozulması hallarına aşağıdakılar aiddir:

34.2.1. nəticənin tədqiqat prosesinə uyğun gəlməməsi;

34.2.2. alınan nəticənin əsassız olaraq dəyişdirilməsi, yaxud təhrif edilməsi;

34.2.3. özgəsinə məxsus mətnin, əsərin, elmi məhsulun müəllifin icazəsi olmadan istifadəsi;

34.2.4. dublikatlaşdırma və ya eyni mətnin digər adla təkrar nəşri;

34.2.5. tədqiqatın bütövlüyünü pozmaqla hissəvi nümayişi;

34.2.6. müəlliflərin dəyişdirilməsi və ya şərikli müəlliflik hüququnun pozulması;

34.2.7. olmayan məlumatların reallaşdırılması;

34.2.8. elmi etikanın və müəlliflik hüququnun kobud şəkildə pozulması - plagiat;

34.2.9. elmi əsərdən, ixtira, faydalı model və sənaye nümunəsindən xüsusi icazəsiz istifadə.

34.3. Elmi etika və əqli mülkiyyət hüququnun pozulması hallarına yol verən elmi subyektlər qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati, maddi və ictimai məsuliyyət daşıyırlar.

Maddə 35. Dövlət elmi müəssisələrinin özəlləşdirilməsi

35.1. Dövlət elmi müəssisələri yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elan oluna bilər.

35.2. Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisələri, eləcə də onların nəzdində fəaliyyət göstərən qurumlar özəlləşdirilə bilməz.

V FƏSİL
ELMİ İŞÇİLƏRİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ

Maddə 36. Elmi işçilərin hüquqları

36.0. Elmi işçilərin hüquqları aşağıdakılardır:

36.0.1. elmi nəticələrin müəllifi kimi tanınmaq;

36.0.2. ixtiraların, əqli mülkiyyətin və digər elmi nəticələrin tanınması üçün qanunvericiliyə uyğun olaraq iddia qaldırmaq;

36.0.3. müəllifi və ya hüquqi sahibi olduğu elmi nəticələrin tətbiqindən gəlir əldə etmək və müəllif qonorarı almaq;

36.0.4. elmi fəaliyyətin obyektiv qiymətləndirilməsinə nail olmaq, mükafatlar almaq, qanunvericiliklə müəyyən olunmuş güzəşt və imtiyaz -

lardan istifadə etmək;

36.0.5. elmi fəaliyyət sahəsində əldə etdiyi nəticələri əsas götürərək elmi dərəcə və elmi ad almaq üçün iddia qaldırmaq;

36.0.6. elmi seminar, konfrans və simpoziumlarda, digər kollektiv müzakirələrdə iştirak etmək;

36.0.7. elmi tədqiqatların dövlət büdcəsinin vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilməsi üzrə müsabiqələrdə iştirak etmək;

36.0.8. beynəlxalq elmi əməkdaşlıqda iştirak etmək (xarici ölkələrdə təcrübə keçmək, elmi nəticələri dərc etdirmək, birgə elmi tədqiqatlar aparmaq və s.);

36.0.9. elmi fəaliyyətin nəticələri haqqında informasiya əldə etmək və kütləvi informasiya vasitələrində yaymaq;

36.0.10. insana, cəmiyyətə və ətraf mühitə mənfi təsir göstərən elmi tədqiqatlarda iştirak etməkdən əsaslandırılmış şəkildə imtina etmək;

36.0.11. qanunvericiliyə uyğun olaraq birgə elmi fəaliyyət barədə müqavilə bağlamaq;

36.0.12. elmi ixtisas səviyyəsini artırmaq və  müsabiqələrdə iştirak etmək;

36.0.13. ödənişli elmi yaradıcılıq məzuniyyəti götürmək;

36.0.14. elmi tədqiqatların aparılması üçün normal iş şəraiti ilə təmin olunmaq;

36.0.15. həmkarlar ittifaqlarında, assosiasiyalarda, müvəqqəti elmi kollektivlərdə və digər ictimai birliklərdə birləşmək;

36.0.16. pedaqoji fəaliyyətlə məşğul olmaq;

36.0.17. işlədiyi elmi müəssisə və təşkilatın tədqiqat istiqamətləri çərçivəsində və özünün elmi maraqlarına uyğun olaraq sərbəst tədqiqat istiqaməti və metodu seçmək;

36.0.18. beynəlxalq elmi proqram və layihələrin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, qrant və gəlir əldə etmək;

36.0.19. elmi fəaliyyət sahəsində dövlət siyasətinin prioritetlərinin müəyyən edilməsində, proqram və layihələrin ekspertizasının aparılmasında, sosial-iqtisadi nəticələrin proqnozlaşdırılmasında və qiymətləndirilməsində iştirak etmək;

36.0.20. qanunvericiliklə müəyyən edilmiş məxfi və kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla, elmi nəticələr haqqında ictimaiyyəti məlumatlandırmaq;

36.0.21. elmi müəssisə və təşkilatlarda vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;

36.0.22. qanunvericiliyə uyğun olaraq digər hüquqlara malik olmaq.

36.1. Elmi işçilərin hüquqları bu Qanunla və digər normativ hüquqi aktlar, elmi müəssisə və təşkilatların nizamnaməsi və işəgötürənlə elmi işçi arasında bağlanılan əmək müqaviləsi ilə müəyyən edilir.

Maddə 37. Elmi işçilərin vəzifələri

37.0. Elmi işçilərin vəzifələri aşağıdakılardır:

37.0.1. elmi fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 

37.0.2. elmi fəaliyyəti həyata keçirərkən milli mənafeləri qorumaq, insanların hüquq və azadlıqlarına, onların həyatına və sağlamlığına, habelə ətraf mühitə zərər vurmamaq;

37.0.3. elmi proqram və layihələrin, elmi nəticələrin, eksperimental tədqiqatların ekspertizasını obyektiv həyata keçirmək;

37.0.4. elmi etikaya riayət etmək, plagiata yol verməmək, yaradıcı, ləyaqətli, məsuliyyətli, müstəqil və təşəbbüskar olmaq, azərbaycançılıq ideyalarını təbliğ etmək, milli, mənəvi və dünyəvi dəyərləri, milli ənənələri dəstəkləmək və inkişaf etdirmək;

37.0.5. daim öz elmi səviyyəsini, bilik və təcrübəsini yüksəltmək, elmi araşdırmalara yaradıcı (kreativ) yanaşmaq, innovasiyaları dəstəkləmək, elmi məqalələr nəşr etdirmək, elmi konfras və forumlarda çıxış etmək;

37.0.6. ixtisasını artırmaq, müəyyən edilmiş qaydada və müddətdə attestasiyadan keçmək;

37.0.7. elmi bilikləri və ölkənin sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən prosesləri və əldə edilən nəticələri elmi cəhətdən əsaslandıraraq təhlil və təbliğ etmək;

37.0.8. məxfi qrif altında yerinə yetirilən elmi işlərin mövzu və nəticələrini yaymamaq;

37.0.9. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

37.1. Elmi işçilərin vəzifələri bu Qanun və digər normativ hüquqi aktlar, elmi müəssisə və təşkilatların nizamnaməsi və işəgötürənlə elmi işçi arasında bağlanılan əmək müqaviləsi ilə müəyyən edilir.

Maddə 38. Elmi işçilərin sosial müdafiəsi

38.1. Təşkilati-hüquqi forması və mülkiyyət növündən asılı olmayaraq bütün  elmi müəssisə və təşkilatlarda əməyin ödənilməsi vahid

prinsip əsasında həyata keçirilir.

38.2. Dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin əməkhaqqı və vəzifə (tarif) maaşları onların funksional vəzifələri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və əmək stajı nəzərə alınmaqla təyin edilir.

38.3. Elmi kollektivlərin müvəqqəti üzvləri olan elmi işçilərin əməyinin ödənilməsi əmək müqaviləsi əsasında həyata keçirilir.

38.4. Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında və ali təhsil  müəssisələrində  çalışan  əcnəbi  alimlərə və  tədqiqatçılara

əməkhaqqı fərdi əmək müqavilələri əsasında müəyyən edilir.

38.5. Elmi işçilərin funksional vəzifələrindən kənar yerinə yetirdikləri elmi, tədris və təşkilati işlərin haqqı sifarişçi tərəfindən ödənilir.

38.6. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinə və müxbir üzvlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə vəzifə maaşına əlavələr verilir.

38.7. Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan fəlsəfə və elmlər doktorlarının vəzifə maaşlarına elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə əlavələr ödənilir.

38.8. İxtisas üzrə professor və dosent elmi adları olan elmi və elmi-pedaqoji işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məbləğdə vəzifə maaşlarına əlavələr verilir.

38.9. Dövlət mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzil və ya torpaq sahəsi ilə təmin olunması üçün şərait yaradır, onlara güzəştli ipoteka kreditlərinin verilməsini təmin edir.

38.10. Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini, elmi-tədqiqat, təcrübi-sınaq işlərinin aparılması, xarici ölkələrin nüfuzlu univirsitetlərində

və elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi, ixtisasartırma, stajkeçmə, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün qrantlar ayrılmasını təmin edir.

38.11. Elmi təşkilatlarda və ali təhsil müəssisələrində çalışan elmi işçilərə və doktorantlara müəyyən edilmiş qaydada beş ay müddətinə qədər ödənişli elmi-yaradıcılıq məzuniyyəti verilir.

38.12. Elmi müəssisə və təşkilatlar büdcədənkənar vəsaitləri hesabına elmi və digər işçilərin əmək haqlarına əlavələr və digər sosial təminatlar (tibbi xidmət, istirahət və s.) müəyyən etmək hüququna malikdir.

Maddə 39. Elmi fəaliyyətin və elmi işçilərin stimullaşdırılması

39.1. Dövlət elmin inkişafı, elmi tədqiqatların nəticəliliyinin və səmərəliliyinin yüksəldilməsi, milli elmi məktəblərin yaradılması, elmi biliklərin yayılması və tanıdılması, elmi işçilərin əməyinin stimullaşdırılması, yaradıcı gənclərin elmi fəaliyyətə daha fəal cəlb edilməsi məqsədilə müxtəlif maddi, mənəvi və sosial həvəsləndirmə vasitələrindən və mexanizmlərindən istifadə olunmasını təmin edir.

39.2. Dövlət beynəlxalq və ümumrespublika əhəmiyyətli elmi forumların, konfrans və simpoziumların, müsabiqələrin, bilik yarışlarının, olimpiadaların və digər elmi tədbirlərin, eləcə də tarix, ədəbiyyat və incəsənət sahəsində nominasiyaların və təqdimatların təşkil edilməsini təşviq edir və bununla bağlı olan xərclərin ödənilməsinə şərait yaradır.

39.3. Elm sahəsində göstərdikləri xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə elmi işçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi və digər təqaüdlər, dövlət mükafatları, orden və medallar, fəxri adlar, elmi müəssisə və təşkilatların təsis etdiyi mükafatlar, medal və fəxri fərmanlar verilir.

39.4. Təsir gücünə malik olan (impakt faktoruna), istinad indeksli jurnallarda dərc olunan hər bir elmi məqaləyə görə müəllifə (müəlliflərə), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, işlədiyi elmi müəssisə və təşkilatın, və ya ali təhsil müəssisəsinin, eləcə də elm və innovasiya fondlarının vəsaitləri hesabına birdəfəlik mükafat (qonorar) verilməsi təmin edilir. Bu jurnalların siyahısı hər il dövri mətbuatda dərc edilir və səlahiyyətli orqanların internet resurslarında yerləşdirilir.

VI FƏSİL
ELMİ FƏALİYYƏTİN İQTİSADİYYATI

Maddə 40. Elmi fəaliyyətin maliyyələşdirilməsi

40.1. Elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi məqsədli və çoxmənbəli olmaqla dövlət büdcəsinin, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri və ya cəlb olunmuş vəsaitlər, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

40.2. Elmi fəaliyyətin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər elmi fəaliyyətin davamlı inkişafını, mövcud elmi potensialın qorunması və inkişaf etdirilməsini, milli maraqlar əsasında ictimai-siyasi, milli-mənəvi, sosial-iqtisadi və elmi-texniki problemlərin tədqiqini (həllini) və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsini təmin edir.

40.3. Dövlət büdcəsi hesabına elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi aşağıdakı formalarda həyata keçirilir:

40.3.1. baza maliyyələşdirilməsi;

40.3.2. proqram - məqsədli maliyyələşdirmə;

40.3.3. qrant maliyyələşdirilməsi.

40.4. Dövlət büdcəsindən elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyələşdirmənin müxtəlif formaları üzrə eyni zamanda həyata keçirilir.

40.5. Elmi və elmi-texniki fəaliyyətin subyektləri ilə müvafiq icra hakimiyyəti orqanları və digər aidiyyəti orqanlar arasında elmi və elmi-texniki layihə, qrant və ya proqramların reallaşdırılması üzrə münasibətlər müqavilə əsasında tənzimlənir və bu müqavilələrin icra müddətinin üç ildən çox olmasına yol verilmir.

40.6. Elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi elmi müəssisə və təşkilatların beynəlxalq təşkilatlardan, maliyyə qurumlarından və fondlardan müqavilə, müsabiqə və qrantlar əsasında cəlb etdikləri, həmçinin elmi məhsul və xidmətlərin satışından daxil olan vəsaitlər hesabına da həyata keçirilə bilər.

40.7. Elmi müəssisə və təşkilatlar əldə etdikləri büdcədənkənar vəsaitlərdən maddi-texniki bazanın gücləndirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, işçilərin maddi həvəsləndirilməsi və digər məqsədlər üçün sərbəst istifadə etmək hüququna malikdir.

Maddə 41. Elmi fəaliyyətin baza maliyyələşdirilməsi

41.1. Baza maliyyələşdirilməsinin subyektləri dövlət elmi müəssisə və təşkilatları və onlara bərabər tutulan elmi təşkilatlar, dövlət ali təhsil müəssisələrinin elmi-tədqiqat institutları və laboratoriyaları, elmi fəaliyyət üzrə dövlət tapşırıqlarını və dövlət sifarişlərini yerinə yetirən digər elmi müəssisələrdir. 

41.2. Baza maliyyələşdirilməsinin subyektləri hesab edilən elmi müəssisə və təşkilatların siyahısı AMEA-nın və digər səlahiyyətli orqanların təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

41.3. Baza maliyyələşdirilməsi fundamental elmi tədqiqatların, dövlət əhəmiyyətli, o cümlədən milli təhlükəsizlik və müdafiə əhəmiyyətli

elmi tədqiqatların aparılmasını,  mühüm elmi  obyektlərin qorunmasını,

qorunmasını, yüksəkixtisaslı elmi kadrların hazırlanmasını təmin edir.

41.4. Baza maliyyələşdirilməsi həmçinin, dövlət elmi müəssisə və təşkilatlarının, dövlət ali təhsil müəssisələrinin elmi-tədqiqat institutları və laboratoriyalarının əmlakının, o cümlədən binaların saxlanılması, elmi infrastrukturların inkişafı, müasir avadanlıqlar və digər zəruri vasitələrlə təchiz olunması, elmi işçilərin, inzibati və xidməti heyətin əməyinin ödənilməsi, elmi tədqiqatların nəticələrinin nəşri və yayılması, elmi-texniki fəaliyyətin informasiya təminatı üzrə xərclərini əhatə edir.

Maddə 42. Proqram - məqsədli maliyyələşdirmə

42.1. Proqram - məqsədli maliyyələşdirmə strateji cəhətdən vacib olan dövlət əhəmiyyətli elmi işlərin aparılmasına istiqamətlənir və müsabiqə əsasında, yaxud müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müsabiqədənkənar qaydada həyata keçirilir.

42.2. Mülküyyət növündən aslı olmayaraq dövlət akkreditasiya-sından keçmiş bütün elmi fəaliyyət subyektləri və onların müvafiq qurumları proqram - məqsədli maliyyələşdirmə üzrə müsabiqədə iştirak zamanı bərabər hüquqlara malikdirlər.

42.3. Elmi fəaliyyətin proqram - məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və onların nəticələri haqqında məlumatlar dövri mətbuatda və səlahiyyətli orqanların internet resurslarında yerləşdirilir.

42.4. Məqsədli elmi və ya elmi-texniki proqramların reallaşdırılması üzrə müsabiqənin qalibləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan ekspert komissiyaları tərəfindən müəyyən edilir və müsabiqəni elan edən səlahiyyətli orqan tərəfindən təsdiq edilir.

42.5. Beynəlxalq və sahələrarası müqavilələr əsasında formalaşan və reallaşdırılan məqsədli elmi proqramların maliyyələşdirilməsi iştirak qaydasında və tərəflər üçün nəzərdə tutulan pay bölgüsünə uyğun olaraq həyata keçirilir.

42.6. Elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi dövlət elmi müəssisə və təşkilatların baza maliyyələşdirilməsi ilə konkret elmi proqram və layihələrin məqsədli maliyyələşdirilməsinin əlaqələndirilməsi əsasında həyata keçirilir. 

Maddə 43. Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi

43.1. Qrant maliyyələşdirilməsi elmi tədqiqatların stimullaşdırılması və səmərəliliyinin artırılmasını, elmi-texniki potensialın səviyyəsinin, elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin, eləcə də alim və tədqiqatçıların rəqabətqabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilir.

43.2. Dövlət vəsaiti hesabına qrant maliyyələşdirilməsinin əsas istiqamətləri və həcmi elmin inkişafının prioritet istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

43.3. Dövlət elmi-tədqiqat qrantları elmi müəssisə və təşkilatların digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.

43.4. Qrant almış elmi müəssisə və təşkilatların, layihə rəhbərlərinin layihələrin idarə edilməsində müstəsna hüquqları təmin edilir. və

43.5. Qrantların yerinə yetirilməsi üçün alınmış avadanlıqlar qrant alan hüquqi və fiziki şəxslərin daimi istifadəsinə və ya mülkiyyətinə verilir, ayrılmış vəsaitlərin istifadə olunmamış hissəsi layihənin uğurlu icrası halında onların sərəncamında saxlanılır.

43.6. Qrant maliyyələşdirilməsi üzrə müsabiqədə iştirak zamanı elmi fəaliyyətin bütün subyektləri, eləcə də ayrı-ayrı alimlər və tədqiqatçılar bərabər hüquqlara malikdirlər.

43.7. Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və onların nəticələri haqqında məlumatlar dövri mətbuatda və səlahiyyətli orqanların internet resurslarında yerləşdirilir.

43.8. Elmi fəaliyyət subyektlərinin beynəlxalq təşkilatlar, fondlar və digər maliyyə qurumlarından, həmçinin elmi-texniki məhsul və xidmətlər bazarlarından müsabiqə və müqavilələr əsasında cəlb etdikləri qrantlara görə dövlət cavabdehlik daşımır.

Maddə 44. Elm və innovasiya fondları

44.1. Azərbaycan Respublikasında elmi araşdırmaların keyfiyyətini

və səmərəliliyini yüksəltmək, ölkənin elmi potensialını və innovasiya imkanlarını genişləndirmək, alim və tədqiqatçıların elmi fəaliyyətlərini stimullaşdırmaq, beynəlxalq təcrübəni öyrənmək, müxtəlif elmi tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək və digər vəzifələri həyata keçirmək məqsədilə elm, təhsil, innovasiya, bilik və digər elmə dəstək fondları yaradılır.

44.2. Elm və innovasiya fondları elmi müəssisə və təşkilatlar  və elmi fəaliyyətlə məşğul olan digər hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən mühüm dövlət və cəmiyyət əhəmiyyətli fundamental, tətbiqi və innovasiya xarakterli elmi proqram və layihələrin ünvanlı maliyyələşdirilməsini həyata keçirir.

44.3. Elm və innovasiya fondlarının maliyyələşdirilməsi mənbələri, proqram və layihələrin seçilməsi, ekspertizası, müsabiqələrin təşkili, qrantların alınması və vəsaitlərindən istifadə olunması qaydaları həmin fondların nizamnaməsi ilə müəyyən edilir.

44.4. Azərbaycan Respublikasında təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq fəaliyyət göstərən hüquqi şəxslərin (dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar istisna olmaqla) illik mənfəətlərinin 0,1 faizi həcmində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna vəsait ayırmaları təmin edilir.

44.5. Elm və innovasiya fondları tərəfindən maliyyələşdirilən qrant layihələrinin idarə edilməsi, mal və xidmətlərin satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli və sadələşdirilmiş mexanizmlər vasitəsilə təmin olunur.

Maddə 45. Elmi məhsullar və xidmətlər

45.1. Elmi məhsullar və xidmətlərin alqı-satqısı üzrə yaranan münasibətlər əqli mülkiyyət hüququnun obyektinə aid olmaqla, iqtisadi mexanizmlər, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında tənzimlənir.

45.2. Elmi məhsullar və xidmətlər bazarında qiymətyaradıcı meyarlar və bazarın tənzimlənməsi mexanizmləri kommersiya və qeyri-kommersiya prinsipləri əsasında formalaşır.

45.3. Elmi məhsul və xidmətlərin qiymətləri onların innovativliyi və fərdiliyinə əsaslanır. Bu səbəbdən həmin məhsullar və xidmətlər xüsusi olaraq müəyyənləşdirilən qiymətqoyma və vergiqoyma rejiminə aid edilir.

45.4. Elmi məhsullar və xidmətlər bazarının tənzimlənməsi müvafiq istehsal və dövriyyə xərcləri nəzərə alınmaqla, müvafiq qanunvericiliklə müəyyən edimiş qaydada həyata keçirilir.

45.5. Elmi müəssisə və təşkilatların (eləcə də xarici tərəfdaşların birgə müqavilələr əsasında) Azərbaycan Respublikasına elmi tədqiqatlar aparmaq məqsədilə gətirdikləri elmi avadanlıq, cihaz, qurğu, dəzgah, reaktiv və digər vasitələr gömrük rüsumundan və digər ödəmələrdən tam və ya qismən azad edilir, yaxud güzəştli şərtlər tətbiq olunmaqla rəsmiləşdirilir.

VII FƏSİL
ELMİ FƏALİYYƏT SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ ƏLAQƏLƏR

Maddə 46. Beynəlxalq elmi əməkdaşlıq və əlaqələr

46.1. Elm sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

46.2. Elmi fəaliyyətin subyektləri elmi nəticələrin və elmi məhsulların (strateji təyinatlı elmi məhsullar istisna olmaqla) ölkə daxilində və xarici bazarlarda alqı-satqısını sərbəst həyata keçirmək hüququna malikdir.

46.3. Elmi müəssisə və təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici ölkələrin elm və təhsil müəssisələri, beynəlxalq təşkilatlar və fondlarla birbaşa əlaqələr yaradır, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlayır, elm sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) üzv olur, beynəlxalq elmi və elmi-texniki proqram və layihələrdə iştirak edir və əməkdaşlığın digər formalarını həyata keçirir.

46.4. Elmi müəssisə və təşkilatlar beynəlxalq səviyyəli birgə elmi tədqiqatlar və layihələrin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatlar və layihə-konstruktor işlərinin həyata keçirilməsi, elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, magistr, doktorant, müəllim və elmi işçilərin mübadiləsi, müəlliflik hüququnun qorunması və bu qəbildən olan digər fəaliyyətlə müstəqil məşğul olmaq hüququna malikdir.

46.5. Elmi müəssisə və təşkilatlar (strateji təyinatlı elmi müəssisələr istisna olmaqla) beynəlxalq əməkdaşlığı genişləndirmək və elmi fəaliyyətin keyfiyyətini yüksəltmək məqsədilə müstəqil olaraq xarici tərəfdaşlarla ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (elmi mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququna malikdir.

46.6. Elmi müəssisə və təşkilatların birbaşa beynəlxalq əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən zəmanət verilmir.

46.7. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə və həmçinin xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasında doktorantura səviyyəsində elmi təhsil alması və ya ixtisasını artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, elm və təhsil müəssisələri ilə hüquqi və fiziki şəxslərin  bağladıqları müqavilələr əsasında həyata keçirilir.

46.8. Elmi fəaliyyətin subyektləri birgə elmi layihələrin, doktorantura proqramlarının, elmi işçilərin ixtisasartırma, stajkeçmə və təcrübə mübadiləsinin həyata keçirilməsi, əqli mülkiyyət məhsullarının, yenilik və patentlərin alqı-satqısı və ya onlarla bağlı hüquqların özgəninkiləşdirilməsi və digər sahələrdə müvafiq qanunvericilik əsasında müstəqil fəaliyyət göstərmək hüququna malikdir.

46.9. Elm sahəsinin inkişafına və elmi tədqiqatlara xarici investisiya qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir və xarici sərmayədarların investisiya risklərinin azaldılması üçün müvafiq tədbirlər həyata keçirilir.

VIII FƏSİL
YEKUN MÜDDƏALAR

Maddə 47. Qanunun pozulmasına görə məsuliyyət

47.1. Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 48. Qanunun qüvvəyə minməsi

48.1. Bu Qanunun 20.9-cu, və 44.4-cü maddələri 2016-cı il  yanvarın 1- dən qüvvəyə minir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU