Modern.az

Argentinada Birinci Avropa Oyunlarının videoroliki nümayiş etdirildi

Argentinada Birinci Avropa Oyunlarının videoroliki nümayiş etdirildi

12 Mart 2015, 08:32

Azərbaycanlı deputatların Argentinaya səfərinin təfərrüatları

  Millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov bir neçə gün öncə Argentinada səfərdə olublar.  

 

Qeyd etmək lazımdır ki, 2011-ci ildən Argentina Milli Konqresinin Senat və Deputatlar Palatasının hər birində tərkibinə müxtəlif siyasi partiyaların üzvü olan senator və deputatların daxil olduğu Azərbaycanla parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir.  

 Azərabaycan parlament nümayəndə heyəti səfər vaxtı Argentina Respublikasının vitse-prezidenti və Senatının sədri Amado Boudou, Deputatlar Palatasının sədri Xulian Dominguez, Argentina Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları ilə fərdi görüşlər keçiriblər.   Görüşlərdə Azərbaycan və Argentina parlamentləri arasında əməkdaşlıq, bu xüsusda hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyəti, parlamentlərarası əməkdaşlığın Azərbaycan-Argentina münasibətlərinin dərinləşdirilməsinə verə biləcəyi töhfələr müzakirə olunub.

 Tərəflər Azərbaycan və Argentina arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğundan və hər iki ölkənin beynəlxalq məsələlərə münasibətdə mövqelərinin üst-üstə düşməsindən məmnunluğunu bildiriblər. Tərəflər xüsusi olaraq qeyd ediblər ki, beynəlxalq hüququn aliliyi və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə hörmətlə yanaşılması beynəlxalq nizamın təmin olunması üçün önəmlidir. Görüşlərdə, habelə iki ölkə arasında iqtisadi-ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq, eyni zamanda regional təhlükəsizlik mövzuları da müzakirə edilib.

 Azərbaycanlı parlamentarilər Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişəyə münasibətdə beynəlxalq təşkilatların mövqeyi, münaqişənin nizamlanmasının gələcəkdə regionda sülh, əməkdaşlıq və inkişafa təsiri imkanları barədə məlumat veriblər.   Argentina parlamentində keçirilmiş görüşlərin ardınca Argentina Milli Konqresi adından Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət verilib.

  Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə də görüşüb. Nazir H.Timerman Azərbaycanı Argentinanın yaxın dostu və tərəfdaşı adlandırıb, iki ölkə arasında son illərdə ikitərəfli münasibətlərin inkişafından, Azərbaycana iki dəfə etdiyi səfərlərdən, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı anlayışa söykənən Azərbaycan-Argentina əməkdaşlığından məmnunluğunu bildirib. Tərəflər Azərbaycan-Argentina əlaqələrinin daha da genişləndirilməsi üçün iqtisadi, mədəni, humanitar, təhsil sahələrində əməkdaşlığın təşviqi mövzuları ətrafında da fikir mübadiləsi aparıblar. Görüşdə, habelə regional mövzular, Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizin inkişaf strategiyası, regional əməkdaşlığı, qlobal enerji təhlükəsizliyindəki rolu, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr kimi mövzular da diqqət mərkəzində olub.  

 Səfər çərçivəsində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (İSEN) “Azərbaycan və onun inkişaf strategiyası”, habelə Argentina Beynəlxalq Əlaqələr Şurasında (CARİ) isə “Xəzər hövzəsinin geosiyasəti” mövzularında müvafiq olaraq təqdimat və dəyirmi masa təşkil edilib. Hər iki tədbirdə azərbaycanlı millət vəkilləri Cavanşir Feyziyev, Fuad Muradov və Asim Mollazadə müvafiq mövzularda çıxış edib və tədbir  iştirakçılarının sullarını cavablandırıblar.   

Səfər vaxtı Azərbaycanın Argentinalı Dostları Klubu Azərbaycanın Argentinadakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan gecəsi” keçirilib. Tədbirdə Argentinanın hökumətinin yüksək rəsmiləri, qanunvericilik orqanının üzvləri, siyasi analitiklər, elmi-akademik çevrələrin, yerli KİV-lərin nümayəndələri iştirak ediblər. Azərbaycanın Argentinalı Dostları Klubunun sədri Xorxe Marmol Kolombres, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, La Plata Dövlət Universitetindəki Azərbaycanşünaslıq kafedrasının müdiri professor Norberto Konsani, Argentina xarici işlər nazirinin müavini Eduardo Zuain, azərbaycanlı millət vəkilləri Cavanşir Feyziyev və Asim Mollazadə, Argentina Senatında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri senator Xose Maria Roldan və Argentina Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri deputat Xulia Perie çıxış ediblər.  

 Çıxışların ardınca bu ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı xüsusi videoçarx nümayiş etdirilib.  Azərbaycanlı millət vəkillərinin Argentinaya səfəri yerli KİV-lərin geniş diqqət mərkəzində olub.

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama