Modern.az

Mandatdan bərk yapışmaq sırası - Deputat kreslosuna ehtiras

Mandatdan bərk yapışmaq sırası - Deputat kreslosuna ehtiras

6 Aprel 2015, 14:56

Vaxtilə millət vəkili mandatından imtina etmiş siyasi isimlərə  parlament seçkiləri ərəfəsində, yəqin ki, verilməli ən vacib suallardan biri analoji addımın təkrarlanma, yaxud başqalarının simasında bunun baş vermə ehtimalının mümkün, ya qeyri-mümkünlüyü ilə bağlı olmalıdır.  Əlbəttə ki, belə suallar verilmədən də cavabı aydınlaşdırmaq çətin deyil, amma daha yaxşıdır ki, “mənə o mandatı xalq vermişdi” deyənlər bu fikirləri ilə mandatı geri vermək mövqeyindəki çarpazlaşan məntiqə, başqa sözlə, məntiqsizliyə bu günün prizmasından birbaşa özləri bələdçilik etsinlər.

Etiraflar var və bu etiraflarda xalqın verdiyi mandatı qəbul etməmək yanlışı, bu yanlışa bu dönəmdəki seçkilərdə yenidən üz çevirməmək, sanki bir utancaqlıq, uduzmaq duyğusu ilə ictimai rəyə çatdırılır.

Köhnə metod ortaya elə bir nəticəsizlik, əhəmiyyətsizlik qoydu ki, seçici səsinə (?!) üsyan bayrağını qaldıran, siyasi romantika həvəsinə düşüb, özünü cəmiyyətə demokratiya fədakarı obrazında göstərmək istəyənlərin cərgəsi 2015-ci il seçkiləri üçün  təsəvvür olunmur.

Hansısa siyasi qanad üçün kütləvi aksiyalar  seçkilərdən daha prioritet ola bilər. Bir başqası üçün seçkilər sadəcə, bir təbliğat müstəvisi rolunu oynaya bilər. Mandatı ala bilənlər üçünsə, ondan  bərk yapışmaq sırasıdır, çünki millət vəkili statusundan imtina olayı zahiri parıltısını demokratiyanın möhtəşəm qələbəsi, siyasi partiyaların nüfuzlanması, müxalifətlə- xalq birliyi faktorları üzərinə səpələyə bilmədi. Dünənə qədər mandata etiraz düşüncələrdə elə assosiasiya olunurdu ki, müxalifət bunu hakimiyyətin əməkdaşlığa dəvət bəxşeyişi kimi bildiyindən, özünü xalqa xəyanət cığırına ayaq basmaqdan qoruyur. Bu gün yeni notlarda imtina olunan mandatın seçicinin etimad hədiyyəsi kimi təqdimatı isə, elə paradokslar yaradır ki, özünü ziddiyyət içərisinə salanlar, bunun hesabının,  ilk növbədə, xalqa veriləcəyini unudur və növbəti dəfə seçici səsinə hansı haqla ümid edirlər-anlamaq olmur.       

Bir halda ki, bu gün partiyalar ehtiyatlı, yaxud, tam çılpaq bir etiraf halına gəlib, o zaman  hər seçicinin hakimiyyətlə opponent mövqeyi tutan hər namizədinə də belə bir sualı ünvanlamaq haqqı var: seçilmək üçün marafona qoşulmusunuzsa, aldığınız səslərin yetərliliyinə əminsinizsə, sizə verdiyimiz səsin nəticəsi olan mandatı niyə MSK-nın masaları üzərində qoyub gedirsiniz? Əgər hakimiyyəti bəyənmirsinizsə, seçki kampaniyasını niyə öncədən rədd etmirsiniz?..   

Siyasi mübarizə arealında radikalların sayının minimuma enməsi, ümumiyyətlə, siyasi partiyaların siyasi rəqabətə dözümsüzlüyü, siyasi  imkanların qeyri-bərabərliyi  deməyə əsas verir ki, bu ağır şərtlər altında  kiminsə, nə mandata etiraz olayı ilə yenidən hakimiyyəti guya nüfuzdan salmaq oyunu qurmasına, nə millət vəkili mandatına gözütoxluq  görüntüsü  yaratmasına,  nə də belə qısaömürlü dəbdəbənin gətirəcəyi  ictimai-siyasi xallara ümidlənmək marağı var.    

Əksinə, millət vəkili kreslosuna yaranan ehtirasları, yanlışları düzəltmək, mandatdan bərk yapışmaq sırasının çatdığını görməmək mümkün deyil.   


Məsələ burasındadır ki, Milli Məclisin üzvü bu ölkənin ən çox imtiyazları olan kateqoriyasıdır. Millət vəkilləri olan partiya sədrlərinin öz partiyalarını ayaqda tutmaq imkanları xarici maliyyə mənbələrinə, yerli iş adamlarının məxfi maliyyəsinə bağlı siyasi təşkilatlardan daha rahat, daha sərfəli, daha təhlükəsizdir. Üstəgəl, axı xarici maliyyə mənbələrinə açıq şəkildə embarqo da var, bu amil də hakimiyyətin qanunverici budağında təmsilçilik meyllərini gücləndirir ki, burada söhbət dövlət büdcəsindən gərəkli vəsaiti ala bilməyin vacibliyindən gedir.

Bunu da düşünmək lazımdır ki, protest elektoratın etimadını Milli Məclisə daşımadan onun gələcək seçkilərdə aktivliyinə nail olmaq mümkün deyil.

Digər tərəfdən, küçə və meydan mübarizəsi çoxdan iflic olub, ciddi böhran yaşayır, o zaman parlament tribunasına transfer öz əhəmiyyətini artırmiş olur. Əlavə etsək ki, siyasi partiyaların geniş təbliğatı KİV müstəvilərində də axsayır, çünki yaxşı mətbuatı qurmaq üçün maliyyə gərəkdir, bu isə müxalifətdə yoxdur, başqa yandan, müstəqil və hakimiyyətmeylli media, televiziya üçün maraqlı olmaq güclü qüvvə faktorundan keçir, bu da indiki müxalifətə aid deyil, əlbəttə, o zaman parlament tribunasının ictimai təbliğat rolu kimi çəkisi də artır. Və bu rol müxalifəti özünə cəzb etməyə bilmir.         

Hələ millət vəkili olmayıb, olmaq xəyalları içərisindəkilərlə müqayisədə  parlamentdəki müxalifət adı ilə təmsil olunan partiyaların öz mandatlarından bərk yapışmaları indidən başlayıb. Onlar qanunverici orqan kreslosu uğrunda mübarizəni dialoqa gəlməklə iqtidarla əməkdaşlığa yaxınlaşmış təşkilat sədrlərinə də, ya da heç onların dolayısı səbəbkarlığı  olmadan da uduza bilərlər ki, indidən bütün çıxış və qərarlarını seçici səsinə, o cümlədən, hakimiyyət dairələrinin diqqətinə hesablayırlar. Axı söhbət siyasi həyatda qalmağın optimal formulunu qoruyub saxlamaqdan gedir!

Parlamentdə yer tutmağa, indi mandatdan ikiəlli yapışmağa maraqlı dialoq partiyalarının Milli Məclisdəki bu təşkilatlardan, hər halda örnək ala biləcəyi kifayət qədər məsələlər var...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama