Modern.az

Deputatlar yanğına niyə SUSDULAR?

Deputatlar yanğına niyə SUSDULAR?

Parlament

21 May 2015, 11:51

Bir neçə deputat istisna olmaqla, Milli Məclis üzvlərinin böyük əksəriyyəti Binəqədi rayonu ərazisində 16 mərtəbəli yaşayış binasında baş vermiş və insan itkisilə nəticələnmiş dəhşətli yanğınla əlaqədar heç olmasa şəxsi fikirlərini də açıqlamadılar. 

Maraqlıdır, buna səbəb nədir?

İnsanların seçdikləri deputatlar onların ağrı-acılarına nədən biganədirlər? Yaxud onlar hansı səbəbə görə susmağa üstünlük verdilər? 

Ötən gün Prezident İlham Əliyev yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının iclasında çıxışı zamanı məmurları, vəzifəli şəxsləri növbəti dəfə sərt tənqid etdi. 

Prezident məsuliyyətsiz məmurları tənqid edirsə, deputatlar danışmağa niyə cürət eləmirlər?...

Modern.az  saytı deputatların susqunluğununun səbəbini öyrənməyə çalışıb.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa həmkarlarının lazımi anda susmaları barədə danışıb. 

O, Modern.az saytına açıqlamasında deyib ki, əgər insanlar doğrudan da Prezidentə dəstək verdiyini düşünürlərsə, cəmiyyətdə olan problemləri vaxtında və açıq şəkildə dilə gətirməlidirlər.. 

F.Mustafa bəzi deputatları nəzərdə tutaraq qeyd edib ki, Prezidentin çıxışından sonra hamının ümumi kampaniyaya qoşulub məmurların hərəkətlərinin yanlış olduğunu söyləməsi də problemli məsələlərdən biridir. 

“Ancaq ölkə başçısının bəyanatlarından öncə də hansısa mətbuat orqanları, millət vəkilləri problemləri dilə gətirirlərsə, bu, dövlət üçün çox ciddi köməkdir”. 

Fazil Mustafanın fikrincə, bir sıra deputatların, media orqanlarının problemi əvvəlcədən göstərməsi ən doğru davranışdır. 

“İnsan taleyi ilə bağlı məsələdə hamımız ziyan çəkirik. Ən azından mənəvi sarsıntı keçiririk. Bu baxımdan deyirəm ki, hansı nöqsanlar varsa, onu açıq şəkildə dilə gətirməliyik. Prezident Dövlət Komissiyasının iclasındakı çıxışında indiyə qədər cəmiyyətdə səslənən fikirləri ümumiləşdirib bəyan etdi. Dövlət başçısı çox haqlı olaraq problemin əsas mahiyyəti üzərinə getdi”,-deyə F. Mustafa vurğulayıb. 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama