“Ötən gün Avropa Parlamentində keçirilən dinləmələr göstərdi ki, Azərbaycanı dəstəkləyən, ölkəmizdəki reallıqları bilən, ədalətli mövqeyi dəstəkləyən kifayət qədər adamlar var”. Modern.az saytı xəbər verir ki, bunu millət vəkili Fuad Muradov deyib.
Deputatın sözlərinə görə, Azərbaycana qarşı təşkil edilən bu qarayaxma kampaniyasının məqsədi ölkəmizin müstəqilliyini zəiflətmək, xalqımızı lazım olmayana güzəştlərə məcbur etməkdir:
“Azərbaycan demokratiyanın inkişafını, insan haqlarının qorunmasını prioritet məsələ hesab edir. Bu istiqamətdə Azərbaycan dövlətinin fəaliyyət planı var”.
F.Muradovun fikrincə, Twitter sosial şəbəkəsində ən çox antiAzərbaycan kampaniyasını dəstəkləyən erməni diasporudur:
“Avropa Parlamentinin deputatları erməni diasporunun təsirinə düşərək bu kampaniyaya bilməyərəkdən qoşulurlar. Onlar düşünməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan da bu oyunların əleyhinədir. Hər şeyin kökü bundadır. Biz işimizi davam edəcəyik. Avropa Parlamentində keçirilən dinləmələrə qarşı bəyanatımızda da bir daha əməkdaşlığa, hər hansı problem varsa, onu məhz dialoq yolu ilə müzakirə etməyə çağırdıq. Çünki, bizim dialoq üçün platformamız var. Bu həm Avronest PA, həm də Avropa Şurasıdır. Amma, təəssüflər olsun ki, həmin platormalarda müzakirələr zamanı tamamilə başqa məsələlər gündəmə gətirilir. Əgər kimsə bizə hər hansı bir islahata kömək etmək istəyirsə, buna hazırıq. Ancaq, bu, Azərbaycan qarşı olan bir qarayaxma kampaniyasıdır və heç bir xeyri olmayacaq”.
Modern.az