Modern.az

““Chatham House”dan tələb edəcəyik ki, bizə həqiqətləri danışmaq üçün şərait yaradılsın” - AÇIQLAMA

““Chatham House”dan tələb edəcəyik ki, bizə həqiqətləri danışmaq üçün şərait yaradılsın” - AÇIQLAMA

9 İyul 2015, 15:30

Rövşən Rzayev: “Saakyanın Londona getməsi bir daha sübut etdi ki, dünyada ikili standartlar var”


Separatçı “Dağlıq Qarabağ Respublikası”nın qondarma prezidenti Bako Saakyanın Böyük Britaniyanın Beynəlxaq Münasibətlər üzrə Kral İnstitutunun  (“Chatham House”) dəvəti ilə Lonodona səfər etməsi Azərbaycanda ciddi narazılıq yaradıb.

Məlumat üçün bildirək ki, Bako Saakyan “Chatham House”da və Böyük Britaniya parlamentində çıxış da edib.

Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev mövzu ilə bağlı Modern.az saytına danışıb.

“Bako Saakyanın Londona getməsi bir daha sübut etdi ki, dünyada ikili standartlar mövcuddur. Azərbaycanın ərazilərinin işğal olunmasında rol oynayan, xalqımıza qarşı Xocalıda soyqırımı iştirakçılarından biri olan Bako Saakyan kimi adamlara şərait yaradılması Azərbaycan ictimaiyyətini narahat edir”,-deyə o bildirib.

Deputat xatırladıb ki, ötən il Bako Saakyan həm İtaliya parlamentində, həm də Avropa Parlamentində görüşlər keçirib.

“Həmin vaxt Dağlıq Qarabağın Azərbaycanlı İcması və Milli Məclisin rəhbərliyinin dəstəyi ilə biz Belçika və İtaliya parlamentlərində olduq. Biz orada Bako Saakyanın görüşdüyü adamlarla müzakirələr apardıq. Tam səmimi deyirəm ki, oradakı bütün insanlar həqiqəti biləndə sonra 180 dərəcə fikirlərini dəyişdilər.

Bundan sonra Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqazda xüsusi nümayəndəsi ilə görüşlər keçirdik. Mən ondan xahiş etdim ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması öz mövqeyini bildirməkdən ötrü İngiltərənin xarici işlər naziri ilə görüşməlidir. Həmçinin dedik ki, İngiltərə parlamentində görüş almaq istəyirik. Biz bununla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə də müzakirələr aparmışıq”.

Rövşən Razayev qeyd edib ki, “Chatham House” Dağlıq Qarabağın Azərbaycanlı İcmasına həmin tədbirdə iştirak etmək üçün heç bir dəvət göndərməyib:

“Yalandan deyirlər ki, onlar bizə iştirak üçün müraciət göndəriblər və guya biz də ora getməkdən imtina etmişik. Bu, qətiyyən belə deyil. Təəəsüflər olsun ki, beynəlxalq təşkilatların, separatçıları dəstəkləyən qüvvələrin hesabına Bako Saakyan “Chatham House”də birtərəfli, həqiqətdən uzaq mövqeyini ifadə etdi. Biz bundan çox narahatıq. Müraciət edəcəyik ki, bizə həqiqətləri danışmaq üçün şərait yaradılsın”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir