Rəbiyyət Aslanova
Hakim partiyanın noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı açıqladığı namizədlər siyahısı bu gün də gündəmdədir. YAP-ın təqdim etdiyi siyahıda indi millət vəkili olan 13 nəfər YAP-çının namizədliyi qarşıdakı seçkilər üçün irəli sürülməyib.
Bundan başqa, hazırda deputat olan bitərəflərdən də namizəd olmayacaq mandat sahibləri var.
Bəs, namizədliyi irəli sürülməyən deputatlar gələcək fəaliyyətlərini hansı istiqamətdə davam etdirəcəklər?
YAP-çılar - BDU rektoru Abel Məhərrəmov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev deputatlıqdan imtina edərək, rektor kimi vəzifələrinə davam etməyə üstünlük veriblər.
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən bitərəf deputat Aydın Abbasov Modern.az açıqlamasında parlament seçkilərinə qatılmayacağı halda gələcək fəaliyyətini hansı istiqamətdə davam etdirəcəyi ilə bağlı fikir bildirə bilməyəcəyini bildirib.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova 2015-ci il noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olmayacaq. O, bundan sonrakı fəaliyyətini necə davam etdirəcəyini Modern.az-a açıqlayıb:
“Milli Məclisə BDU-nun müəllimi olaraq deputat seçilmişəm və eyni zamanda da bütün bu illər ərzində elmi-pedaqoji fəaliyyətimi davam etdirmişəm. Onu deyə bilərəm ki, bu 15 il mənim həyatımın ən gözəl illəridir. Buna görə ilk olaraq partiyaya, partiya rəhbərliyinə və öz seçicilərimə minnətdaram ki, bu 15 ildə mənə etimad göstərdilər. Builki parlament seçkilərində iştirak etməyəcəyəm. Bu səbəbdən də fəaliyyətimi elmi-pedaqoji istiqamətdə davam etdirməyi düşünürəm. Onu da qeyd edim ki, mən ilk növbədə müəlliməm və sözsüz ki, öz tələbələrimlə auditoriyalarda daha çox görüşəcəyəm və eyni zamanda da elmi tədqiqatlarımı davam etdirəcəyəm”.
YAP-ın siyahısında adı olmayanlardan biri də Milli Məclisin deputatı Ayaz Orucovdur. O, parlament seçkilərində iştirakı ilə bağlı bildirib ki, partiyanın qərarı ilə razılaşır və müstəqil şəkildə namizədliyini irəli sürməyi düşünmür:
“Mən Milli Məclisin deputatı olmaqla yanaşı, eyni zamanda da iqtisad elmləri doktoruyam. Partiya qərarına əsasən 2015-ci il parlament seçkilərində namizəd olmayacağam, bu baxımdan da gələcək fəaliyyətimi elmi-pedaqoji istiqamətdə davam etdirməyi düşünürəm”.
Vüsalə Qəzənfərqızı