Modern.az

“Qoyub qaçmaq Müsavatın köhnə peşəsidir” - AÇIQLAMA

“Qoyub qaçmaq Müsavatın köhnə peşəsidir” - AÇIQLAMA

29 Oktyabr 2015, 13:33

Siyavuş Novruzov: “Müsavat məğlub olacağını bildiyindən seçkilərdən imtina etdi”

Müsavat Partiyası parlament seçkilərində iştirakdan imtina etməklə öz zəifliliyini bir daha sübut etmiş oldu. 

Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov  deyib. 

Onun sözlərinə görə, qoyub qaçmaq Müsavatın köhnə peşəsidir: “Müsavat Partiyası məğlub olacağını bildiyi üçün seçkilərdə iştirakdan imtina edib. Həm də ümumiyyətlə, qoyub qaçmaq Müsavatın köhnə peşəsidir.

Bütün həlledici hadisələr zamanı Müsavat rəhbərliyi həm seçiciləri, həm partiyanı, həm də üzvlərini qoyub dara düşən kimi qaçır. Buna 20 yanvar hadisələri zamanı da şahid olmuşuq. Müsavatın keçmiş başqanı İsa Qəmbər küçəyə çıxan xalqı qoyub qaçaraq Yusif Səmədoğlunun evində gizlənmişdi. Eynilə Arif Hacılı da mitinqlərdə küçəyə çıxan insanları qoyub qaçıb”.

Siyavuş Novruzovun fikrincə, Müsavat Partiyası çoxdan özünün radikal baxışları ilə cəmiyyətdə nüfuzdan düşüb: “Heç bir potensialları olmadığı halda seçki prosesində iştirak edirdilər və gözləyirdilər ki, hansısa möcüzə baş verəcək. Möcüzə artıq olmur, möcüzələr 90-cı illərdə qaldı.

Ayaz Mütəllibovun siyahısı ilə parlamentə seçilmişdilər. Hazırda vəziyyət tamam fərqlidir. Artıq xalq seçkilərdə kimə səs verəcəyini özü müəyyənləşdirir. Azərbaycanda azad, demokratik seçkilər keçirilir. Seçicilər kimi istəyirlərsə, ona da səs verirlər.

Müsavat nüfuzunu itirdiyini, Azərbaycanın siyasi həyatında hər hansı rolu olmayan bir qüvvəyə çevrildiyini anladığından seçkilərdən imtina ilə bağlı qərar qəbul edib”.   

Vüsalə Qəzənfərqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama