Azərbaycanın parlamentli respublika olması ideyası təklif kimi səslənsə də, bu, hüuqi olaraq reallaşmayıb.
Əsasən müxalifət cəbhəsində Azərbaycanın parlamentli respublika olması ideyası dəstəklənir.Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında məsələni şərh edib. O deyib ki, parlamentli respublikanın müəyyən fəsadları var.
“Konstitutsiyaya görə, Azərbaycan prezidentli respublikadır. Azərbaycanın tarixi keçmişinə bu günün tələblərinə cavab verən dövlət quruluşumuz var. Parlamentli respublika Azərbaycanın bugünkü vəziyyətinə, bugünkü problemlərinin həllinə cavab verməz. Bu gün Azərbaycanda dövlət hakimiyyəti qolları arasında dəqiq bölgü var.
Hər bir hakimiyyətin kifayət qədər güclü səlahiyyətləri var. Parlamentin də xüsusi qanun qəbul etmək, icra hakimiyyəti qəbul edilmiş qanunları həyata keçirmək, məhkəmə isə qanunların icrasında ortaya çıxan problemlərin həllinə son sözünü deməkdir.
Hesab edirəm ki, prezidentli respublika ümumən Azərbaycanın milli maraqlarına tam cavab verir. Parlamentli respublika cəlbedici görünsə də, onun müəyyən fəsadları var.
Parlamentdə səs çoxluğu qazanılmayanda stabil güclü dəstəyə malik olan icraedici orqan-hökumət qurmaq olmur. Həmçinin bütün güclər ölkənin problemlərinin həllinə deyil, ancaq hakimiyyətdə qalmağa yönəlir. Eyni zamanda, partiya sisteminin möhkəmlənməsinə deyil, daha çox yer qazanmaq üçün bir mexanizmin formalaşmasına təsir edir”. Onun fikrincə, prezidentli respublika tarixən özünü doğruldub.
"ABŞ-da, Fransada, qonşu Rusiyada Avropa və Asiyanın bir sıra ölkələrində prezidentli respublika dövlət idarəetməsinin ən məqbul variantı kimi praktikada özünü doğruldu"
Azərbaycanda parlamentli respublika ideyasının müxalifət partiyaları tərəfindən ortaya atılması məsələsinə toxunan Aydın Mirzəzadə deyib ki, müxalifət zamanında bunu etməyib.
“Parlamentli respublika modeli təklif edən müxalifət partiyalarının liderləri 1992-93-cü illərdə Azərbaycanda hakimiyyətdə idilər. O zaman ölkənin idarəetmə formasının nə cür olacağını onlar müəyyənləşdirdilər. Nədənsə o zaman onlar parlamentli respublika ideyasını səsləndirmədilər və o yola getmədilər.
Əksinə, prezidentli respublika modelini seçdilər və hakimiyyətin daha çox prezidentli respublika olmasına çalışırdılar. Görünür, onların hansısa model təklif etməsi sadəcə, gündəmdə olmaq istəyindən irəli gəlir. Bunun Azərbaycanın inkişaf yolu məsələsində siyasi polemika ilə hər hansı bağlılığı yoxdur. Hər iki dövlət quruluşunda partiyaları da gücləndirmək olar, siyasi fəaliyyət də göstərmək olar. Eyni zamanda, hansısa ölkənin modelini Azərbaycana gətirmək doğru deyil.
Partiyaların inkişafı dövlət quruluşunun nə cür olmasından asılı deyil. İlk növbədə partiyalar cəmiyyətin sosial sifarişindən irəli gələn məsələlərdir.
Cəmiyyətin problemlərinin həllinə yetkin proqram ortaya qoyduqda, cəmiyyətin nüfuzli ziyalılarını öz tərəfinə çəkə bildikdə, söykəndiyi sosial bazasının layiqli təmsilçisi olduqda partiyalar da güclənir. Yəni, bunun parlamentli yaxud prezidentli respublika olmasının heç bir əhəmiyyəti yoxdur”.
Namidə BİNGÖL