Modern.az

“Kreditini qaytara bilməyənlərə güzəşt olunsun”

“Kreditini qaytara bilməyənlərə güzəşt olunsun”

Parlament

19 Noyabr 2015, 14:22

Vahid Əhmədov: “Bankirləri bir yerə yığıb dərdlərini soruşmaq lazımdır”

“Milli Məclisdə bankirləri yığıb toplantı keçirməklə onların dərdlərinin nədən ibarət olduğunun öyrənilməsini təklif edəcəyəm. Biz bankirlərdən soruşmalıyıq ki, Azərbaycanda niyə problemli kreditlər bu qədər artır? Banklar əhalidən 9-10 faizə əmanətlər götürür və 30-35 faizdən kredit verirlər. Bankın xərci 20-25 faiz xərci ola bilməz. Bu çox ciddi məsələdir və mütləq bankirlər bununla bağlı açıqlama verməlidirlər”.

Bu haqda Modern.az saytına açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ölkədə qaytarılmayan kreditlərin həcmi aydan-aya artır və bunun qarşısı alınmalıdır: “Cənab prezident də bu məsələyə görə narahatlığını bildirib, amma təəssüf ki, kreditlər azalmır. Qaytarılmayan kreditlər artıq 1,4 milyard manata çatıb. Bu, Azərbaycanın maliyyə vəziyyəti üçün problemlər yaradır. Bəzi kreditlərin gecikdirilməsinin səbəblərindən biri onu alan insanların qaytarmağa imkanının olmamasıdır. Bütün bunlar araşdırılmalı, bank özü də bu kreditlərə görə məsuliyyət daşımalıdır”.

Onun fikrincə, kreditin hansı məqsədlə verilməsinə də nəzarət edilməlidir: “Əgər biznes üçün verilən kreditlə müştəri maşın, yaxud ev alırsa, elə məhz bu səbəbdən arzuolunmaz vəziyyət yaranır. Əgər biz bankların dəqiq problemlərini bilsək, onlara necə maliyyə yardımı göstərilməsi məsələsini də qaldıra bilərik”.

Vahid Əhmədov deyib ki, 30-35 faizlə verilən kreditin sonradan qaytarılması mümkün olmur: “Cənab prezident sahibkarlığın inkişaf etdirilməsi üçün ciddi qərarlar verib. Burada əsas məqsəd Azərbaycanın gələcəkdə iqtisadi problemlərlə üzləşməməsi üçündür. Neftin qiyməti aşağı düşməkdə davam edir, şübhəsiz ki, proses belə davam edərsə, manatın yenidən devalvasiyası qaçılmaz ola bilər. Belə situasiyada problemi kreditlər vəziyyəti daha da gərginləşdirir”.

Deputatın fikrincə, bank sektoru normal işləməsə, iqtisadiyyatımız üçün problemlərin yaranması qaçılmaz olacaq: “Əgər ehtiyac varsa, qanunlara dəyişiklik edilməli və problemin həlli üçün iş aparılmalıdır. Bank sisteminə inamı qaytarmaq lazımdır. Vaxtilə banklara əmanətlərin 75 faizi manatla qoyulurdu, indi tam əksinədir. Əmanətlərin 75 faizi xarici valyuta ilə saxlanılır. Əhalinin manata olan inamını artırmaq lazımdır. Bunun üçün də banklar müəyyən güzəştlərə getməlidir. Düşünürəm ki, Azərbaycanda maliyyə amnistiyasına ehtiyac var. İnsanların çoxu vəsaitlərini xaricdə saxlayır, Azərbaycanda istifadə etməyə qorxurlar”.

Vahid Əhmədov məhz bunu nəzərə alaraq maliyyə amnistiyasını nəzərdə tutan qanunun qəbulunu da vacib hesab edir: “Qanunda vətəndaşın hansı sahələrdə vəsaitini istifadə edə bilməsi öz əksini tapmalıdır. Bu halda vətəndaşlarımızın xarici ölkələrə investisiya yatırımının da qarşısını almaq olar. İnsanlar əllərindəki pulu ölkəmizdə müvafiq biznes sahəsinə yönəltməlidir”.

Onun sözlərinə görə, problemli kreditlərin azalması üçün kreditlərin strukturuna da baxmaq lazımdır: “Ehtiyac yaranarsa, bəzi güzəştlərə gedilməlidir. Əgər kredit götürənin pulu geri qaytarmaq imkanı sıfıra bərabərdirsə, heç bir mülkü yoxdursa, beləsinə güzəştə getmək lazımdır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama