Modern.az

Qadınlar və kişilər

Qadınlar və kişilər

6 Aprel 2012, 20:22

Zəmanəmizdə qadın-kişi münasibətləri fərqli prizmadan boy göstərir. Şüurlarımızda hələ köhnə stereotiplər yaşasa da, vərdiş etdiyimiz meyarların təsdiqini praktikada görə bilmirik. Çünki həyat dəyişib. Zaman başqa zamandır. Dünya fərqli dünyadır. Qloballaşan dünyada ümumi kriteriyalardan kənarda qala bilməzsən. Bəşəriyyətin təkamül yolu bütün xalqlar üçün eynidir. Sadəcə, biri bu yoldan tez keçir, biri gec. Kişilərdən fərqli olaraq, tarix boyu qadın özünüifadə və özünütəsdiq yolunda çox  çətinliklərə sinə  gərib. Bu yolda Şərq qadının nəsibi daha ağır olub.

Tarixə nəzər saldıqda, qadına münasibətdə köklü dəyişiklik orta əsrlərdən bu yana müşahidə olunur. Şüurun təkamülü qadına əsasən nəsil artırma vasitəsi kimi baxan cəmiyyətin düşüncəsini o dövrdən etibarən dəyişdirməyə başladı. Bir sıra xristian ölkələrində, həmçinin müsəlman  aləmində qadın hökmdarların meydana gəlməsi, dövləti idarə etməsi bəşəriyyətin qazandığı ən böyük nailiyyətlərdən oldu. Qadın məhdud ailə çərçivəsindən çıxdı, o dövrədək kişilərə mənsub sayılan ən uca mərtəbəni  tutdu və əqli imkanları baxımından kişidən zəif olmadığını təsdiqlədi. XVIII əsrdən etibarən qadının fəal ictimai mühitə inteqrasiyası gücləndi və bu proses XIX əsrdə kütləvi xarakter almağa başladı. XX əsr bəşər tarixinə qadınların hər sahədə sürətli inkişafı və ağlagəlməz nailiyyətləri ilə həkk olundu. Qadın nəinki həyatın bütün sahələrində kişilərlə bərabər çalışdı, elm və sənət meydanında potensialını reallaşdırdı, dövlət quruculuğunda və idarəçiliyində siyasi iradəsini nümayiş etdirdi, hətta kosmosa uçdu.

Əsas mətləbə keçməzdən öncə daha bir tarixi dövrə qısa ekskurs edək: Yaşadığımız sovet dövrü qadına azadlıq verdi, SSRİ məkanındakı Şərq qadınını çadra əsarətindən xilas etdi, onu fəal həyata qoşdu. Amma bir incə məqamı nəzərdən qaçırmayaq ki, sovet meyarları qadını mənəvi anlamda deyil, kobudluq mənasında kişiləşdirdi. Ötən əsrin 20-30-40-cı illərində tramvay-trolleybus sürən, traktor-kombayn idarə edən, tikinti meydanında ağır işlərdə çalışan qadınların təbliğatı genişləndikcə, zərif cinsin nümayəndələri daha böyük həvəslə bu işlərə meylləndilər. Beləcə onilliklər keçdi. Həvəslərini alandan sonra anladılar ki, ağır işlərdə çalışmaq qadının azadlığını simvolizə etmir: qadın qadınlığını, incəliyini, zərifliyini qorumalıdır!

XXI əsrdə hökm sürən ictimai münasibətlər sistemində (dövlətlərin qadın siyasəti, gender bərabərliyi, qadına qarşı zorakılıqla mübarizə və s.) cəmiyyətin qadın məsələsinə baxışı, qadın problemlərinə münasibəti və qadından tələbi  məzmun və mahiyyət etibarilə tamam dəyişib. Qadının ANALIQ MİSSİYASI tarix boyu olduğu kimi bu gün də UCA TUTULUR. Amma yaşadığımız dövr qadından beynəlxalq miqyasda ictimai-siyasi proseslərin tənzimlənməsinə öz töhfəsini verməsini də istəyir, dünyada sülhün və əmin-amanlığın qorunmasını da umur! Kişilər unutmasın ki, həm gözəlliyini, incəliyini və zərifliyini qorumaq, eyni zamanda ictimai-siyasi həyatda fəallıq göstərmək o qədər də asan deyil. Qadından çox vaxt və çox enerji alır. Bu məqamda qadının evindəki, ailəsindəki, mikro və makro mühitindəki kişilər lazımi dəstəyi əsirgəməməlidirlər.  

Günümüzdə qadın amilinin qazandığı mahiyyətin iftixar doğuran tərəfi də var, narahatlıq doğuran tərəfi də. Həmin istiqamətlərin hər ikisi dünya mətbuatında, elektron KİV-lərdə geniş işıqlandırılır. Bu yazının meydana gəlməsinə təkan verən səbəb isə ölkə mətbuatında vaxtaşırı rast gəlinən, qadının qınaq obyektinə çevrildiyi hallardır, cəmiyyətin bədxassəli şişinə çevrilən reallıqlara birtərəfli münasibətdən doğan narahatlıqdır.    

Yaxşı onsuz da yaxşıdır. Bizim olan yaxşını heç kəs əlimizdən ala bilməz. Amma PİSƏ HEÇ KƏS YİYƏ DURMAQ İSTƏMİR. Kimsədən eşitməzsən ki desin, bax bu pis mənim əməlimin nəticəsidir. Bəzən kişilərdən qadınların ünvanına giley-güzar eşidirik. Haqlısı da olur, haqsızı da. Amma giley-güzar edənlər bir mətləbi unudurlar ki, qadını ucaldan da kişilərdir, alçaldan da. Onu hər yola vadar edən məhz onlardır. Qadın əxlaq baxımından səbatsızdırsa, bunun günahı təkcə qadının özündə deyil. Onda bu psixologiyanı yaradan mühitdədir, onu əxlaqsızlığa sürükləyən kişilərdədir. O adı çəkmək istəmirəm, oxucum, amma təkbaşına dünyanın ən qədim sənətinə yiyələnmək mümkün deyil axı! Qadını pis yola aparan, onu əşyaya çevirən, hisslərini heyvaniləşdirən, ləyaqətini alçaldan, mal kimi alıb-satan da kişilərdir, bundan zövq alan da, sonra qeybət qıran da. Sirr deyil ki, qadınların açıq-saçıq geyinməsi onların özlərindən çox kişilərə “lazım gəlir”. GEYİMLƏ, SƏRBƏST DAVRANIŞLA VERİLƏN MESAJLAR ƏSLİNDƏ MÜHİTİN SİFARİŞİ KİMİ MEYDANA GƏLMİŞ DETALLARDIR. Çox təəssüf, biz bu aysberqin alt qatına heç vaxt boylanmırıq. Yalnız və yalnız üst qatdakı görüntüdən təsirlənirik. Zövq alan zövqünü alır (kişi), bu vasitə ilə nəsə uman umduğunu əldə edir (qadın), qeybət qıran qeybətini qırır (ətraf mühit). Hərə bir yerə yozur. Amma qarşılaşdığımız nəticənin niyə belə olduğunun fərqinə varılmır.

Məncə, əks cinsin nümayəndələri bəzi QADINLARIN CAN ATDIĞI DAVRANIŞ QAYDALARINA KİŞİLƏRİN İSTƏKLƏRİNİN GÜZGÜSÜ KİMİ YANAŞSALAR, o zaman daha düzgün qiymətləndirmə aparmaq imkanı qazanarlar. İçimizdəki eqo, içimizdəki şeytan “Mənimki deyil ki! Cəhənnəmə olsun!” düşüncəsi altında özünə bəraət qazandırır və kəm gözlə baxdığı qadının da bir ailə qızı olduğunu unudur. Unudur ki, “mənimki olmayan” bu qadın da hansısa kişinin qızı, hansısa kişinin bacısıdır. Kiminsə arvadıdır, kiminsə anasıdır. Və o kişilərin heç biri məndən əskik kişi deyil. Son nəticədə bu qadın mənim MİLLƏTİMİN NÜMAYƏNDƏSİDİR. Bunları düşünən yoxdur.

Mən qətiyyən yüngüləxlaqlılara bəraət qazandırmaq fikrində deyiləm. Amma yetişdirdiyimiz toplumun qayğısına qalmaq hamımızın borcudur. Bəyənmədiyimiz yaşam tərzini meydana gətirən səbəbləri dəqiqləşdirməliyik.  Əgər ətrafımızda ağlına, savadına, zəhmətkeşliyinə, istedadına güvənməklə yox, başqa yollarla mövqe qazanmağa, karyera qurmağa, populyar olmağa can atanların sayı artırsa, deməli, “o başqa yollara” müraciət edənlərin işi daha rəvan gedir.  Bu halda kimisə qınamaq nə dərəcədə məntiqlidir? Mühit, kişilər niyə işi bu dərəcəyə çatdırır ki?! Nəticədə qadın istəmədiyi addımı atır, yolunu dəyişir.

Hamı gileylənir ki, milli adət-ənənələrin qorunması baxımından həyat pisə doğru dəyişir. Amma heç kəs demir ki, bu prosesdə mənim də payım var. Təəssüf edirəm, amma bu faktdır ki, ismətini qorumayan, məqsədləri naminə hər an iynənin gözündən keçməyə hazır qadınlar istəklərinə daha tez və daha rahat nail olduqları üçün nümunəyə çevrilirlər. Heç unutmadığım bir epizod var: kollektiv arasında “maraqlı əhvalatlarla dolu zəngin keçmişi” olan bir qadının macəralarından söz düşmüşdü. Danışan kim, gülən kim, qınayan kim... Birdən kollektivə yeni gəlmiş gənc qız dilləndi ki, “zato o, xoşbəxt olub!”. Deməli, o boyda söz-söhbətdən, qınaqdan gənc qızın çıxardığı nəticə, götürdüyü ibrət dərsi bu oldu: həmin qadının mentalitetə zidd situasiyalardan qalib çıxaraq özünə xoşbəxt həyat və yaxşı ailə qura bilməsi. Sonralar həmin qız da o yolla getdi və... sözün hər mənasında xoşbəxt oldu. Həyatda belə nümunələr çoxdur və hamı da hər şeyi görür və anlayır.

Burada maraqlı bir sual meydana çıxır: görəsən şəxsin öz bədənindən istədiyi kimi istifadə etməsi onun insanlıq haqqıdır, yoxsa əxlaq məsələsidir? Bu davranışın sağlamlıq və qəlb məsələləri ilə bağlılığı nə dərəcədədir? Hüquq müstəvisinə gəldikdə, insan azadlığı çərçivəsində şəxsi həyatın toxunulmazlığı və milli mentalitet məsələsinin qarşılıqlı əlaqəsi və sərhədləri necə tənzimlənir? Fikrimcə, Azərbaycan mentalitetində bu sualın cavabı hələ aydınlaşmayıb. Köhnə nəzəriyyə özünü doğrultmur, yenisi qəbul olunmur. Qızıl ortanı nə zaman tapacağımız bəlli deyil.

Qadın və Kişi bəşəriyyətin mövcudiyyətini təmin edən iki ayrılmaz komponentdir. Tanrının yaratdığı varlıqlar arasında ən uca məxluq sayılan İnsanın obrazı məhz bu iki simada təcəssüm edib. Üçüncüsü yoxdur! Qadın və Kişi ailənin təməli və dirəyidir. Dövlətin bel sütunudur. Allah-Təala bu iki varlığı elə yaradıb ki, onlar daim bir-birindən asılı vəziyyətdə, bir-birinə möhtacdır. Müxtəlif ictimai, iqtisadi formasiyalardan keçən bəşəriyyətin təkamül yolunda  çox şey dəyişib. Amma Qadınla Kişinin bir-birinə olan incə hissləri, funksiyaları dəyişməyib. Bizcə, cismən və ruhən bir-birini tamamlayan bu iki varlıq qarşı cinsi layiq olduğu mərtəbədə qoruyub saxlayanda daha ləyaqətli olub, ədalət mücəssəməsinə çevrilib. Kişi, yalnız cins anlamında deyil, kişi sözünün daşıdığı bütün mənalarda öz kişiliyini qoruyanda əsl kişi olur. Eləcə də qadın!

Özünü post-modernist sayan bəzi qələm sahiblərinin yazılarında milli mentalitetə sadiq qalmış Azərbaycan qızları barədə hədyan deyilməsi, həqarətlə danışılması, nəhayətində onlara vəziyyətdən çıxış yolu kimi eybəcər təkliflərin verilməsi də anormal mövqedir. Namusunu qoruyub saxlamaq nə vaxtdan ironiya mənbəyi olub?  Yaşından asılı olmayaraq qızın-qadının qaşını aldırıb-aldırmaması, kişi ilə intim əlaqəyə girib-girməməsi onun şəxsi işidir. Kənar adamların belə incə mətləblərə qarışmağa haqqı yoxdur. Bu sayaq hallarda qıza-qadına yaxınları, doğmaları müəyyən məsləhətlər verə bilər. O da bir şərtlə: kimsə öz məsləhətində təkid edə bilməz. Yad adamların bu işlərə qarışması isə tamamilə qeyri-etikdir, yolverilməzdir.

Qızlar niyə evdə qarıdı? Səbəb 1: tay-tuşları olan oğlanlar müharibədə öldü. Səbəb 2: onilliklər boyunca ölkədə doğulan qız uşaqlarının sayı oğlanların sayını üstələdi. Səbəb 3: Azərbaycanlı cavanların bir qismi təhsil, iş, qazanc dalınca başqa ölkələrə üz tutdu. Səbəb 4: az da olsa, bir qism oğlanlarımız başqa millətlərin nümayəndələri ilə evləndi. Səbəb 5: bu qızlar bəyəndiklərini tapmadılar. Bizcə, sadaladıqlarımız hamıya bəllidir. O halda, tamamilə obyektiv səbəblər üzündən ailə qura bilməyən minlərlə qızın aqibətini həqarət və lağlağı mövzusuna çevirmək olmaz.

Subay qalmış qızlar da hamı kimi bu ölkənin vətəndaşlarıdır, cəmiyyətin tamhüquqlu üzvüdür və ürəyi istəyən işlə məşğul olmaq haqqı var. Onların arasında poeziyaya meyl göstərən, şeir yazanlar daha tez diqqət çəkdiyindən bəzən haqlı-haqsız söz-söhbətlərə rəvac verilir. Xalqımızın istedadlı yazarları çoxdur, amma istedadsız yazarlarımız daha çoxdur. Təbii ki, qələm əhlinin hamısına münasibətdə olduğu kimi, həmin xanımların sənətinə də zaman özü qiymət verəcək. Narahatlıq doğuran hal budur ki, özünü “post-modernist yazıçı” adlandıran həmkarlarının təbirincə desək, “bakirə şairələrin” yaradıcılıqlarında toxunduqları mövzular çayxana qeybətləri səviyyəsində təhlil edilir. Bu qəbildən olan xanımlar ayrıca kateqoriya kimi qələmə alınaraq, lirik duyğuları təhqir edilir. Bəlkə də bu tip yazılar şou, ucuz populyarlıq qazanmaq, gündəmdə olmaq üçün yazılır. Məqsəd nə olursa-olsun, belə yanaşma tərəflərin heç birinə hörmət gətirmir: nə Azərbaycan qadını adına, nə də  Azərbaycan kişisi adına!

Dövrün nəbzini tutan, yeni tendensiyalara tez uyğunlaşan qadınlarımız da tez-tez mətbuat səhifələrində qınaq hədəfinə çevrilir. Nədənsə, bəzi kişilər müasir qadınlar arasındakı nə qalibləri, nə də məğlubları  bəyənmir. Onlar bəxti gətirənləri də pisləyir, bəxti gətirməyənləri də. Maraqlıdır, həmin kişiləri hansı qadın modeli qane edir?

Müasir Azərbaycan qadınlarının beynində genetik kodla ötürülmüş, tərbiyə ilə aşılanmış və sosial mühitdən qavradıqları əxlaqi dəyərlər var. Genetik kodumuz milli mentalitetə köklənib. Tərbiyəmiz ailə səviyyəsindən qaynaqlanır. Sosial mühit isə praktik nümunələrlə hər gün  dünyagörüşümüzü dəyişir, təzələyir, arxaikləşmiş qaydaları gündəmdən çıxarır. Üç komponentin qarşılıqlı dialektik əlaqəsində hansının üstün gələcəyi isə faiz nisbətindən asılıdır. Əlbəttə, sovet dövründə hökm sürən sərhəd probleminin yaşanmadığı, internetin hüdudsuz imkanlar verdiyi indiki dövrdə heç bir xalq zərif cinsin nümayəndələrinə “elə otur, belə dur” mesajı verə bilməz. Onları dünyadan təcrid olunmuş cəmiyyət qayda-qanunları ilə idarə edə bilməz.

Kimisə qınaq obyektinə çevirmək asandır. Özünü bütün hallarda haqlı saymaq da eqoizmin əlamətidir. Ədalət tərəzisi o zaman düzgün ölçər ki, başqasını qınadığın məsələdə özünü o adamın yerinə qoyub qiymətləndirmə apara biləsən. Gəlin öz daxilimizə nəzər salaq! Gerçəkdən nə istədiyimizi öncə özümüzə etiraf edək. Öz qarşımızda dürüst olaq ki, nə istədiyimizi ətrafdakılara deməyə cürətimiz çatsın. Bəlkə bu yolla kim olduğumuzu, haradan gəlib-haraya getmək istədiyimizi dəqiqləşdirə bilərik. Özümüzü tanıyarıq.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU