Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti məlumatlandırma sessiyasını Mingəçevir şəhərində keçirdi. Seminarda məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkədə vətəndaş cəmiyyətinin inkişafı, o cümlədən QHT-lərə dövlət dəstəyinin reallaşdırılması tədbirləri çərçivəsində maliyyə yardımı müsabiqələrinin keçirilməsilə bağlı ətraflı məlumat verdi.
F.Qurbanov 2011-ci ildə QHT-lərin maliyyələşdirilməsilə bağlı elan edilmiş maliyyə müsabiqəsinin qaydaları, şərtləri, müddətləri və prioritet istiqamətləri haqqında danışdı. Eyni zamanda, icraçı direktor 2010-cu ildə Şura tərəfindən maliyyələşdirilmiş layihələrin yekunlarını şərh edərək dedi ki, dekabrın 14-də və 22-də Şurada keçirilmiş müzakirələrdə ekoloji və Qarabağ mövzusunda olan layihələrin nəticələri qiymətləndirildi.
2011-ci il üçün elan edilmiş maliyyə müsabiqəsinin şərtləri sırasında F.Qurbanov qeyd etdi ki, özünün ötən ilki maliyyə fəaliyyəti haqqında Maliyyə Nazirliyinə 01 aprel 2010-cu ilədək hesabat təqdim etməyən QHT-lərin layihələrinə Şuranın bu ilki maliyyə yardımı müsabiqəsində dəstək verilməyəcək.
F.Qurbanov Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi Tomaş Porebanın bir neçə gün əvvəl rəsmi Bakıdan icazəsiz Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini pisləyərək, Mingəçevir QHT-lərini belə qeyri-qanuni addımlara qarşı etiraz etməyə çağırdı.
Modern.az