Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının (GT) növbəti IX Konfransı keçirilib. Konfransın işində 108 nümayəndədən 98 nəfər iştirak edib.
Modern.az-ın məlumatına görə, yığıncaqda VHP Gənclər Təşkilatının sədr Pərviz Həsənov hesabat məruzəsi ilə çixiş edib. O, təşkilatın keçdiyi yol, ötən konfransdan keçən müddət ərzində görülmüş işlər, təşkilatın fəaliyyəti, seçkili orqanların işləri və digər məsələlər barədə məlumat verib.
Sonra VHP Gənclər Təşkilatı Nəzarət-Təftiş Qrupunun katibi Niyaz Ağasəfoğlu çıxış edərək, təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirdiklərini bildirib və qeyd edib ki, konfranslararası dövrdə Gənclər Təşkilatı fəaliyyətini partiyanın Nizamnaməsinə və özünün Əsasnaməsinə uyğun qurub.
Konfrans iştirakçılarından Tural Səfərli, Salman Hüseynov, Mürsəl Həsənov da təklif və rəylərini bildiriblər.
VHP sədr Sabir Rüstəmxanlı öz çıxışında ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər, VHP-nin proseslərə yanaşması və fəaliyyəti barədə məlumat verib. Gəncləri ictimai-siyasi proseslərdə aktiv olmağa çağıran millət vəkili “bu dövlətin gələcəyi sizlərin əlindədir, haqqınıza sahib çıxın” deyib: “Siz bilməlisiniz ki, gec-tez mən də sədrlikdən gedəcəyəm. İstəyirəm özünüzü bu vəzifəyə də hazırlayasınız. Mən VHP-ni ayıq, fəal və partiyanın gələcəyini düşünən gənclərə etibar etmək niyyətindəyəm”.
VHP sədrinin müavini Nurəddin Mehdixanlı, Təşkilat Şöbəsinin müdri Samir Əsədli, VHP Nizami rayon təşkilatının sədri Məhəmməd Qadaşlı, VHP MNTK üzvü Sabir Kərimov, Siyasi Şura üzvü Ofelya Rəşidqızı və digər funksionerlər də cıxış ediblər.
Sonda VHP Gənclər Təşkilatına sədr seçkisi keçirildi. Sədrliyə Pərviz Həsənov, Emil Bağırov, Teymur İsmayılov və Tural Səfərli namizəd kimi irəli sürülüb. Pərviz Həsənov namizədliyini Emil Bağırovun xeyrinə geri götürüb, Tural Səfərli də namizədliyindən imtina edib. İki namizəd seçkilərə qatılıb və keçirilən seçkinin nəticəsi olaraq Emil Bağırov VHP Gənclər Təşkilatının sədri seçilib.
VHP Gənclər Təşkilatının Məclisinə 20, Nəzarət-Təftiş Qrupuna isə 4 nəfərin namizədliyi irəli sürülüb və səsvermənin nəticəsi olaraq Məclisə 17, Nəzarət-Təftiş Qrupuna 3 nəfər seçilib.
Beləliklə, Məclis üzvlüyünə Emil Bağırov, Teymur İsmayılov, Ülkər Məmmədli, Pərviz Həsənov, Niyaz Ağasəfoğlu, Elvin Hüseynov, Tural Abasquliyev, Türkel Əliyev, Qorqud Faiqoğlu, İsmayıl Kərimov, Salman Hüseynov, Nicat Şükürov, Murad Əhməd, Tural Səfərli, Davud Qadaşlı, Elmir Sultanov, Tural Xasiyev, Nəzarət-Təftiş Qrupunun üzvlüyünə Xalid Hidiyev, Orman Rüstəmxanlı və Eldar Kərimov seçiliblər.
GT-nın Nəzarət-Təftiş Qrupununun iclasında Xalid Hidiyev sədr seçilib.
VHP Gənclər Təşkilatı Məclisinin ilk iclası da keçirilib və 9 nəfərlik Şura seçilib. VHP Gənclər Təşkilatı sədrinin təqdimatı ilə sədrin I müavini Teymur İsmayılov, təşkilati məsələlər üzrə Nicat Şükürov, beynəlxalq məsələlər üzrə Murad Əhməd, ictimai-siyasi məsələlər üzrə Salman Hüseynov, ideoloji məsələlər üzrə Tural Abbasquliyev, mətbuatla iş üzrə Pərviz Həsənov müavin seçilib. Elvin Hüseynov isə katib seçilib.
Modern.az