Modern.az

Məni bağışlayın!

Məni bağışlayın!

Qarabağ

12 Aprel 2016, 17:08

Ruslan HƏSƏNLİ

Neçə gündür şəhidlərimizi dəfn edirik... Böyük təəssüf hissi ilə, ürək ağrısıyla, göz yaşıyla... Ancaq ucaldığınız zirvə bütün bu hissləri qürur hissi ilə əvəz etməyə qadirdir. Hansı millətin nümayəndəsi olursa olsun, övlad itkisi anaları qorxudur, bu itkinin acısı onların qəlbini dağlayır, ataların belini bükür... Amma Vətənə, millətə sonsuz sevgi Mübarizlərin analarına övladını məzara qoyduğu kimi, onun acısını da ürəyinə gömməyi, “Şəhid anası” kimi müqəddəs adın qürurunu yaşamağı və düşmənin gözünə intiqam və nifrət hissi ilə dik baxmağı da öyrədir. Sanki “mənim oğlum ölməyib, əksinə, indi sizdən daha yüksəkdədir, daha üstündür” demək istəyir... O baxışlarda o qədər fikir gizlənir ki... Nələr yaşadığını bilmirik anaların...

Mübarizləri güclü ürəyə malik analar yetişdirir. Ruhunuzun şadlığı analarınızın, sevənlərinizin ürəyinə su səpsin, dərdinə təsəlli olsun, şəhidlərim... Ölümünüzlə sevgisizliyin acısını yaşadığım hər yerə sevgi səpdiniz, sevgi gətirdiniz, sevgi bitirdiniz. Hər kəsin qazana bilməyəcəyi müqəddəs bir sevgi ilə gömüldünüz. Ucalığınızla, şəhidliyinizlə fəxr etdim. Doğrusu, sizə paxıllığım da tutdu.

Bu dünyaya cənnəti sərgilədi məzarlarınız. Əsgərlərimizə, əsgər adına müqəddəslik bəxş etdiniz. Şəhid adına gözəllik qatdınız, şəhidlik zirvəsini bir az daha ucaltdınız... İnsanları bir-birinə yaxınlaşdırdız, yadları doğmalaşdırdız... Məzarınız önündə sizi ziyarətə gələn tanımadığım insanları, hərbçiləri bağrıma basaraq “Vətən sağ olsun” deməklə təsəlli tapmağa çalışdım... Onların hər biri sizinlədir. Əyinlərinə qanınızla müqəddəsləşdirdiyiniz hərbçi geyimi geyinməklə qanınızın yerdə qalmayacağına söz verirlər. Ürəklərində uğrunda həyatınızı qurban verdiyiniz vətən sevgisi, başları üzərində namusunuz kimi qoruduğunuz üçrəngli bayraq, ayaqları altında hər qarışı üçün son nəfəsinizə qədər döyüşdüyünüz vətən torpağı, sizə təşəkkür etməyə gəlirlər...



Sevilən şairimiz Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” fikri həyatımın devizidir. Hospitalda yaralı hərbçilərimizlə görüşərkən, onları bağrıma basdıqca cənnətin qoxusunu hiss etdim. Körpə qoxusu kimi, əsgər qoxusu da dünyanın ən gözəl qoxusudur, müşkdən də gözəl!!! Müqəddəslik, nur gördüm üzlərində. Onları qucaqladıqca, əllərini sıxdıqca, sizlərin, dəfn etdiyimiz onlarla şəhidin ruhunu, düşmən tapdağında olan torpaqlarımızın ətrini hiss etdim...

Şəhid anlamı müqəddəsdir! Şəhidlik müqəddəs, uca zirvədir!!! Düşmən hücumunun qarşısını alarkən sizin kimi bu yaralıların da heç biri namərd gülləsinə tuş gəlməyəcəklərindən sığortalanmamışdılar. Görəsən o anda nə düşünürdüz? Ananızımı, sevgilinizimi, körpə balalarınızımı??? Yoxsa canınızdan artıq sevdiyiniz bir ovuc vətən torpağınımı??? Özünüzlə apardınız bütün sualların cavabını. Əvəzində isə özünüzə “Şəhidlik” adlı əbədi məbəd ucaltdınız. Müharibə adlı kabusun ölümdən daha dəhşətli olduğunu sübut etdiniz.

Bu dünya varkən, təsəvvürlərimizdə cənnət və cəhənnəm kimi anlayışlardan xəbərdar olsaq da, dünyanı cənnətə çevirmək əvəzinə, cəhənnmə döndərib müharibəsevərlər! Yaralılarımız müharibədən çıxıb gəliblər. Müharibə isə tam cəhənnəmin mərkəzidir. Müharibə dəhşətindən gəlmiş o müqəddəslər sanki ürəyimin yarasına məlhəm oldular! Bağışlayın ki, mən sizin yaranıza məlhəm ola bilmirəm!!! Kaş ki, ola biləydim...

***

Dua edin, analar!
//modern.az/articles/100478/1/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza