«Ayna» Qaçqın və Məcburi Köçkün Qadınlar İctimai Birliyi işğal olunmuş bölgələrdən olan qadınların əməyinin stimullaşdırılması üçün layihə həyata keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan layihənin məqsədi unudulmaqda sənət nümunələrinin təbliğ olunmasıdır. İctimai Birlikdən verilən məlumata görə, məişət səviyyəsində toxuma, tikmə, naxışvurma, zərif əl işləmələri, xalçaçılıq və sair tətbiqi sənət növlərini yaşatmaq üçün işğal olunmuş bölgələrdən olan qadınlar layihəyə cələb olunub.
Goranboy və Göygöl rayonları ərazisində məskunlaşan ahıl qaçqın və məcburi köçkün qadınlara milli xüsusiyyətləri özündə əks etdirən, etnik çalarlarla zəngin sənət növlərini gənc nəsilə ötürə bilmələri üçün təlimlər keçilib, onlara bu işi davam etdirmək həvəsi aşılanıb.
Layihəyə cəlb edilən qaçqın-köçkün qadınlara məişət səviyyəsində toxuma, tikmə, naxışvurma kimi əl əməyi ilə məşğul ola bilmələri üçün istehsal avadanlıqları verilib. Daha sonra onların hazırladıqları əl işləri toplanıb.
Üç ay davam edən layihə ahıl qaçqın-köçkün qadınların cəmiyyətdən təcrid olunmasına yol verməməyə, onları müvəqqəti əməyə cəlb etməyə, təcrübələrinin ictimaiyyət üçün gərəkli olduğuna inandırmağa, bu insanların təşəbbüslərini dəstəkləməyə, milli dekorativ sənət nümunələrinin təbliğinə xidmət edib.
Bununla yanaşı, 55 yaşdan yuxarı xeyli qaçqın və məcburi köçkün qadın müvəqqəti əməyə cəlb edilməklə müəyyən maddi gəlir də qazanıblar. Artıq sözügedən layihəni yekunlaşdıran «Ayna» Qaçqın və Məcburi Köçkün Qadınlar İB toplanan hazır əl işlərinin sərgi-satışını təşkil edəcək.
Layihə başa çatsa da, “Ayna” İB məişətdə xalq sənətkarlığı ilə məşğul olan qaçqın və məcburi köçkün qadınlar arasında yaradıcılıq müsabiqələri, görüşlərin təşkilini davam etdirəcəyini bildirib.