Modern.az

AzTV-nin açacağı Mədəniyyət kanalının rəhbəri məlum oldu

AzTV-nin açacağı Mədəniyyət kanalının rəhbəri məlum oldu

4 Yanvar 2011, 00:24

Modern.az saytının məlumatına görə, 2010-cu il oktyabrın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi müsabiqədə qalib gələrək Mədəniyyət kanalının acılmasına lisenziya qazanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yeni kanalın fəaliyyətə başlaması istiqamətində işləri sürətləndirib. Əldə etdiyimiz məlumata görə, artıq Mədəniyyət kanalına kimin rəhbərlik edəcəyi də dəqiqləşib. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən Modern.az saytına verilən məlumatda bildirilib ki, media sahəsində tanınmış sima olan Vüqar Qaradağlı Mədəniyyət kanalına rəhbər təyin edilib. Qeyd edək ki, Vüqar Qaradağlı 2008-ci ilin noyabrından bu günədək “Mərkəz” qəzetində baş redaktoru postunu tuturdu.

Vüqar Qaradağlı 1966-cı il noyabrın 24-də Bakıda anadan olub. Məşhur diktorlar Aydın Qaradağlı ilə Gültəkin Cabbarlının kiçik övladıdır.

1983-cü ildə orta məktəbi, 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1985-1987-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə Bakı Dövlət Universitetindən başlayıb. Bu universitetin baş laborantı (noyabr, 1990 – may, 1991), tədris hissəsinin böyük inspektoru (1991, may – oktyabr, 1992), ərəb filologiyası kafedrasının müəllimi (oktyabr, 1992 – mart, 1994), baş müəllimi (mart, 1994 – dekabr, 2006) vəzifələrində çalışıb. 1994-cü ilin fevralından 1999-cu ilin sentyabr ayınadək universiteitn ilahiyyat fakültəsinin dekan müavini işləyib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının dosentidir. Filologiya elmləri namizədidir. Ərəb, rus, türk dillərini bilir.

Ailəlidir, iki övladı var.

2006-cı ildə Azərbaycan və rus dillərində nəşr olunan «Qurani Kərimin tarixi: qiraətləri, təcvidin əsas qaydaları» («İstoriya Korana i osnovnıye pravila çteniya») kitabının müəllifidir.

Qurani-Kərimin akademiklər Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsində Azərbaycan dilində 10 dəfə işıq üzü görən nəşrinin redaktoru olub.

1882 və 1888-ci illərdə A.O.Çernyayevski ilə S.H.Vəlibəyovun müəllifliyi ilə çıxmış «Vətən dili» kitabını əski əlifbadan transfoneliterasiya edib, kitaba ön söz yazıb, qeyd və cədvəllər, şərhlər verib. V.Qaradağlı elmi-pedaqoji fəaliyyətlə yanaşı, media sahəsində də mühüm işlərdə çalışıb. 1999-cu il mayın 5-dən işıq üzü görən «Bizim əsr» və elə həmin il iyunun 4-dən nəşrə başlayan «Naş vek» qəzetlərinin baş redaktoru olub. 1999-cu ildən efirə çıxan «Radio Lider»in və 2000-ci il sentyabrın 1-dən fəaliyyətə başlayan «Lider» televiziyasının daxil olduqları «Media-Holdinq»in baş direktoru işləyib (2006-ci il sentyabrın 1-dək). Modern.az

 

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama