Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı “Qaçqın və məcburi köçkün gənclərin 1-ci Forumu”na hazırlaşır. Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov məlumat verib.
V.Qədirov deyib ki, Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupu və bu qrupa həmsədrlik edən dövlətlər hər vəchlə bu məsələnin uzadılmasına nail olmaqla Azərbaycanı təslimçi sülhə razı salmağa çalışırlar.
“Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin dəfələrlə dediyi “Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti ola bilməz!” sözləri xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla bərabər, düşmənlərimizi və onlara havadarlıq edən dövlətləri məyus edib, işğalçı qüvvələri qorxuya salıb”.
QHT rəhbəri bildirib ki, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı bu vaxta qədər dövlətçiliyin təbliğ olumasında, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətinin dəstəklənməsində, qaçqın və məcburi köçkün gənclərin problemlərinin həlli istiqamətində tutduğu mövqeyi ilə bərabər Ermənistanın işğalçı və terrorçu bir dövlət kimi tanınmasında qaçqın və məcburi köçkün gənclərin də bu proseslərdə iştiraklarına nail olmağa çalışmaqdadır.
“Bu məqsədlə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı qaçqın və məcburi köçkün gənclərin müxtəlıf təbəqələri, o cümlədən tələbələrlə mütəmadi görüşlər keçirir, onlarda dövlətçilik və vətənpərvərlik hissinin aşılanmasında və s. müxtəlıf tədbirlər və layihələr həyata keçirir”.
V.Qədirovun sözlərinə görə, qaçqın və məcburi köçkün gənclərin problemlərinin qismən aradan qaldırılmasına köməklik göstərmək məqsədilə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 2011-ci ildə qaçqın və məcburi köçkün gənclərin 1-ci Forumunun keçirilməsi təşəbbüsünü irəlı sürüb, Gənclər və İdman Nazirliyi qarşısında məsələ qaldırıb.
“Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və digər əlaqədar təşkilatlara bu günlərdə bu məsələ ilə əlaqədar olaraq rəsmi müraciət edəcəyik”.
Modern.az