Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisya Şurasının növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasada əvvəlcə Koalisiyanın dekabr ayında keçirilmiş Ümumi Yığıncağının nəticələrinə dair müzakirələr aparılıb. Qərara alınıb ki, Şura üzvü Əliməmməd Nuriyev Ümumi Yığıncağın qərarına əsasən Koalisiya Əsasnaməsinə dəyişikliklər hazırlayacaq İşçi Qrupuna dair təkliflər (tərkib, fəaliyyət istiqamətləri) hazırlasın və növbəti Şura iclasına təqdim etsin.
İclasda, Şuranın Reqlamentinə əsasən bir illik fəaliyyətini başa vuran Sabit Bağırovu əvəzləyəcək yeni əlaqələndiricinin seçilməsi məsələsinə də baxılıb. Şura üzvləri bu vəzifəyə Qubad İbadoğlu və Əliməmməd Nuriyevin namizədliyini irəli sürüblər. Ə.Nuriyev namizədliyini geri götürüb. Gizli səsvermə naticəsində Q.İbadoğlu yekdilliklə Koalisiya Şurasının əlaqələndiricisi vəzifəsinə seçilib.
Şura üzvləri MSŞT-nin Parisdə keçiriləcək növbəti qlobal konfransda iştirak edəcək Koalisiya təmsilçilərini müəyyənləşdirmək üçün də səsvermə keçiriblər. Razi Nurullayev, Əliməmməd Nuriyev və Qubad İbadoğlu daha çox səs toplayaraq sözügedən tədbirə beynəlxalq MSŞT katibliyinin vəsaiti hesabına (2 nəfərin məsələsi tam həll olunub, bir nəfərin isə səfər xərclərinin həlli gözlənilir) qatılmaq imkanı əldə ediblər. Səsvermənin nəticəsinə görə ilk beşliyə düşmüş Mehriban Vəzirlə İlham Hüseynlinin MSŞT-nin Paris konfransında iştirakını təmin etmək məqsədi ilə isə donorlara müraciət olunacaq. S.Bağırov fərdi şəkildə vəsait axtaracağını bildirib. Maliyyələşmə məsələlərini həll edə biləcək digər Koalisiya təmsilçilərinin də konfransa qatılması mümkündür. Hər bir şəxs özü vəsait tapmalıdır. Şura isə müvafiq dəstək məktubunu verməyə hazır olacaq.
İclasda Şura üzvlərinə Koalisiyanın yeni web səhifəsinin ilkin görünüşü də nümayiş olunub.
Sonda Sabit Bağırova Koalisiyanın ən gərgin dönəmi olan 2010-cu ildəki birillik fəaliyyətinə görə Koalisiya Şurası adından təşəkkür elan olunub.
Modern.az