“Müsbət Dəyişiklik” Gənclər Hərəkatı “Konstitusiyamızın bir maddəsini də sən oxu, xatırla, xatırlat, əhəmiyyətini dərk et və təbliğ et” devizi altında ali qanunlar toplusunun qiraətini təşkil edib. Qurumdan Modern.az-a verilən məlumata görə, tədbirin açılışında azadlıq uğrunda canlarını fəda edən şəhidlər bir dəqiqəlik sayqı duruşu ilə yad edildikdən sonra dövlət himni səsləndirilib. Daha sonra çıxış edən “Müsbət Dəyişiklik” GH-ın idarə heyətinin üzvü Nərmin Rəhimli konstitusiyanın əhəmiyyətindən söz açıb. Bildirib ki, konstitusiyanın uca səslə oxunuşunu düzənləməkdə əsas məqsəd vətəndaşların, xüsusilə də gənclərin diqqətini öz konstitusion hüquqlarına cəlb etmək olub. Azərbaycanda ilk dəfə keçirilən bu tədbirdə hər bir gənc tribunaya yaxınlaşaraq ardıcıl şəkildə başdan sona qədər Konstitusiyamızın müvafiq maddəsini ucadan oxuyub. Azad Fikir Universitetində keçirilən tədbir internet vasitəsilə ilə də canlı yayınlanıb. Tədbirin davamı olaraq gənclər Şəhidlər Xiyabanını ziyarət edib.
Modern.az