Modern.az

Sabiq deputat Açıq Cəmiyyət İnstitutunu korrupsiyada ittiham edir

Sabiq deputat Açıq Cəmiyyət İnstitutunu korrupsiyada ittiham edir

Qarabağ

9 Fevral 2011, 16:49

Qeyri-hökumət təşkilatları demokratiyanın əsas təsisatlarından sayılır. Bizdə bu qurumlar ictimai-siyasi həyatda hansı rolu oynayır? Modern.az bu sualla bir neçə QHT rəhbərinə müraciət edib.

Qadın Konsesus Mərkəzinin rəhbəri Aynur Quliyeva bildirib ki, Qeyri-hökümət təşkilatlarının Azərbaycanın ictimai-siyasi həyatında böyük rolu var:
“Ölkədəki ictimai-siyasi durumu qeyri-hökümət təşkilatlarının iştrakı olmadan təsəvvür eləmək mümkün deyil. Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik institutların, demokratik təsisatların inkşafı yönündə çox böyük irəliləyiş əldə olunub. Bu sırada birinci növbədə qeyri-hökümət təşkilatlarının fəaliyyətini qeyd etmək lazımdır. Çox sevindirici haldır ki, Azərbaycan hakimiyyəti QHT-lərin fəaliyyətinə xüsusi həssaslıqla yanaşır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini çox yüksək qiymətləndirirəm. Elə ümümmilli problemlərimiz var ki, (Qarabağ daxil olmaqla) bu məsələlərlə bağlı xarici donorlar heç vaxt layihələri maliyyələşdirmək istəmirlər. Belə layihələrə məhz Azərbaycan dövlətinin sahib çıxması bizim bu sahədə əldə etdiyimiz çox böyük uğurlardan biridir”.
A.Quluyeva deyib ki, Azərbaycanda demokratik təsisatlarla bağlı siyasi partiyaların fəaliyyətini qeyd etmək olmur:
“Siyasi partiyaların fəaliyyətində zəifləmə, gerilənmə çox aydın şəkildə hiss olunur. Sevindirici haldır ki, istər media, istərsə də QHT-lərin fəaliyyəti sahəsində irəliləyişlər var. QHT sektorunda bəyənmədiyim odur ki, bunlar arasında qütbləşmə mövcüddür. QHT-lər də faktiki olaraq iki hissəyə bölünüb, iqtidar  və müxalifətyönlülər. Mən bunu da doğru saymıram. Çünki QHT-lər siyasi fəaliyyətdən  tamamilə kənar olmalıdırlar. Bu cür qütbləşmə məhz onların siyasətə meylləməsinin göstəricisidir . Hazırda ölkəmizdə korrupsiyaya qarşı mübarizədə Azərbaycan hakimiyyəti çox gözəl bir örnək ortaya qoyub. Bu, cəmiyyət tərəfindən müsbət əhval-rühiyyə ilə qarşılanır. Amma çox təəssüf ki, bu prosesdə qabaqcıl olmalı olan əksər QHT-lər korrupsiyanın predmetinə çevriliblər. Azərbaycanda fəaliyyət östərən Açıq Cəmiyyət İnstitutu da başdan-ayağa korrupsiyaya bulaşmış bir vəziyyətdədir. Açıq Cəmiyyət İnstitutu Azərbaycanda açıq cəmiyyətin formalaşmasına, sivil cəmiyyət quruculuğuna yardım göstərməlidir. Amma burada rəhbərlik sırf korrupsiya ilə məşğul olmaqla öz işlərini bitmiş hesab edir. Onlar ayrı-ayrı QHT-lərlə separat danışıqlara gedirlər. Müsabiqədən keçmiş layihələrin 20-30 faizi rüşvət şəkilində idarə heyətinin üzvlərinə qaytarılır. Bu cür fəaliyyətlə heç bir inkşafa nail olmaq mümkün deyil”.

Konstitusiya Araşdırmaları Fondun rəhbəri Əliməmməd Nuriyev isə deyir ki, Azərbaycan ictimai-siyasi həyatında bu gün ən fəal seqmentlərdən biri də vətəndaş cəmiyyətinin nümayəndələridir: “QHT-lər həm ictimai nəzarəti həyata keçirir, həm ciddi tədqiqatlar aparır, tədqiqatlar nəticəsində çox əhəmiyyətli məsələlər meydana çıxarırlar. Həm də ictimai maarifləndirmə prosesini həyata keçirirlər. Hesab edirəm ki, bu gün vətəndaş cəmiyyəti  doğurdan da Azərbaycan cəmiyyətində əhəmiyyətli bir sektordur. Vətəndaş cəmiyyyətinin fəaliyyyəti nəticəsində həm qanunvericilikdə təkmilləşdirmə həyata keçirilir, həm dövlət orqanlarının fəaliyətində ictimai nəzarət həyata keçirilir, dövlət orqanlarının fəaliyyətində aşkara çıxan nasazlıqların aradan qaldırılmasıyla bağlı fikirlər səsləndirilir. Eyni zamanda vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyət həyata keçirilir”.
Ə.Nuriyev onu da deyib ki, bu gün bizdə QHT-lərin resursları kifayət qədər güclü deyil: “Bu resursların az olması əlbəttə ki, daha böyük nəticələrin əldə eləməsinə maneçilik törədir. Çünki  donorçuluqla bağlı bizdə yalnız Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası var. Təəssüflər olsun ki, özəl sektorun bu istiqamətdə fəaliyyəti yoxdur. Resurslar böyük olarsa, vətəndaş cəmiyyətinin arealı genişlənəcək. Cəmiyyət o zaman güclü olur, demokratik islahatlar o zaman uğurla həyata keçir ki, o cəmiyyət strukturlaşsın. Cəmiyyətdə strukturlaşmanı dövlətdən kənar həyata keçirən QHT-lərdir. Cəmiyyətin strukturlaşması istiqamətində addımların sürətlənməsinə ehtiyac var”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu isə qeyd edib ki, vətəndaş cəmiyyəti olmadan normal cəmiyyətdən söhbət gedə bilməz:
“Cəmiyyətin əsas atributlarından biri vətəndaş cəmiyyətidi. Vətəndaş cəmiyyətinin yeri, çəkisi hansı ölkədə nə qədər çoxdursa, bu ölkədə inkşaf, rifah və tərəqqi bir o qədər görünəndir. Azərbaycanda vətəndaş cəmiyyəti son 10 ildə müsbət bir istiqamətdə inkşaf etməkdədir. Azərbaycan böyük bir problemlə üz-üzə qalan ölkədir. Torpaqlarımızın böyük bir hissəsi işğal altındadır. Vətəndaş cəmiyyəti özünün mümkün əlaqələrindən Qarabağ problemin həllinə çox böyük fayda verə bilər. Bu istiqamətdə vətəndaş cəmiyyəti aktiv olmalıdır. Azərbaycanda QHT-lər təcrübə baxımından daha mobil olmalı, təcrübə qazanmalıdır. Bu istiqamətdə çox böyük imkanlar da var. Azərbaycan QHT-ləri tək ölkə miqyasında qalmamalıdır, ölkədən kənarda, beynəlxalq çevrələrdə imzası, adı olan cəmiyyətlərə çevrilməlidirlər. Ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən QHT-lər də var. Bir qrup QHT-lər var ki, onlar artıq kifayət qədər beynəlxalq aləmdə özünün müsbət imicini formalaşdırıb. Belələri daha çox həmrəylik nümayiş etdirməlidirlər. Biri-birlərinə yardım göstərərək daha çox  ölkədən  kənarda fəaliyyət göstərmək imkanları əldə etməlidirlər”.

Milli Qeyri-Hökümət Təşilatları Forumunun rəhbəri Rauf Zeyni deyib ki, hazırda Azərbaycanın ictimai-siyasi həyatında QHT-lərin rolu çox əhəmiyyətlidir: “Bu əhəmiyyət günbəgün  artmaqdadır. Çünki Azərbaycanda vətəndaş cəmiyyətinin inkşafında və o cümlədən ictimai-siyasi həyatımızda QHT-lərin xüsusi çəkisi get-gedə güclənir. Bütün dünyada bu proses gedir. İndi Azərbaycanda bu xüsusilə hiss olunur. Düzdür, fəaliyyətini qura bilmiyən QHT-lər də var. Hər halda, fəaliyyətdə olan QHT-lərın işinin nəticəsidir ki, Azərbaycanda vətəndaş cəmiyyəti bügünkü inkşaf mərhələsinə gəlib çatıb”.

Mail Ağaxan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...