Bir sıra QHT-lər Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün mövcud mühitin daha da yaxşılaşdırılması xahişi ilə ölkə prezidenti İlham Əliyevə müraciət edib. Modern.az-ın məlumatına görə, müraciətdə bildirilib:
“Hörmətli cənab Prezident,
Biz, aşağıda imza edən bir sıra ictimai birliklərin rəhbərləri, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün mövcud mühitin daha da yaxşılaşdırılması xahişi ilə Sizə müraciət edirik. Öncə qeyd etmək istərdik ki, bu təkliflərimiz müvafiq ictimai müzakirələrdən keçərək formalaşıb və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına çətinliklər törədən maneələrin aradan qaldırılmasına, QHT-lərin həyata keçdirdiyi ictimai faydalı işlərin genişlənməsinə yönəlib.
Hörmətli cənab Prezident, tərəfinizdən 15 sentyabr 2008-ci il tarixində təstiq etdiyiniz 2008-2015-ci illər üçün “Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramında” Qeyri hökumət Təşkilatlarının davamlı inkişafının təmin olunmasının əsas şərtlərindən biri kimi QHT-lərin fəaliyyətini təmin edən qanunvericiliyn təkmilləşdirilməsidir. Bunula bağlı ölkənin vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq aşağıdakılara diqqət yetirməyinizi və müvafiq qərarların verilməsini xahiş edirik:
1. Sizin iradənizlə 2007-ci ildən başlayaraq kommersiya məqsədli hüquqi şəxslərin dövlət qeydiyyatı “vahid pəncərə” prinsipi üzərində qurulub və gözəl fəaliyyət göstərir. Şirkətlər nəinki maneəsiz və maksimum 3 gün ərzində qeydiyyatdan keçir, hətta bu zaman onlara bir sıra dəyərli məsləhətlər verilir. Eyni ilə, qeyri-hökumət təşkilatlarının bu prinsipə əsaslanan qeydiyyatı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün yeni təşəbbüslərin reallaşmasında mühüm rol oynaya bilər;
2. QHT-lər artıq bir neçə ildir ki, öz vergi bəyannamələrini on-line rejimində Vergilər Nazirliyinə təqdim edir. Bu çox mütərəqqi üsuldur və eyni hesabat sisteminin Dövlət Sosial Müdafiə Fondunda da tətbiqi həm QHT-lərin işini xeyli yüngülləşdirər, həm də Azərbaycanda Elektron Hökumət sisteminin tətbiqi istiqamətində daha bir vacib addım olar;
3. Hüquqi ünvanın da on-line rejiminde dəyişdirilməsi, fikrimizcə, həm lazımi operativliyi təmin edər, həm də ölkəmizdə Elektron Hökumət sisteminin tətbiqinə xidmət edər. Ümumiyyətlə, hüquqi şəxslərin Elektron Dövlət Reyestrinin yaradılması və on-line rejimində həmin şəxslər tərəfindən lazım olan vaxtlarda təzələnməsi (təbii ki, icazəli göstəricilər üzrə) bir çox istiqamətlərdə faydalı ola bilər;
4. 2010-cu ildən tətbiqi başlayan və beynəlxalq standartlara əsaslanan QHT-lərin maliyyə hesabatlılığı sistemi ciddi problemlər doğurmaqdadır. Problemlər onunla əlaqəlidir ki, hesabat formaları çox mürəkkəbdir. Buradakı göstəricilərin böyük əksəriyyəti mövcud QHT-lərin maliyyə fəaliyyətindən kənardır. Azərbaycan QHT-lərinin mütləq əksəriyyəti üçün həmin göstəricilər üzrə hər hansı maliyyə əməliyyatları aparılmır. Bir reallıq da ondan ibarətdir ki, Azərbaycan QHT-lərinin böyük əksəriyyəti bir-iki nəfərdən ibarətdir (one man show) və bu təşkilatlarda daimi işləyən mühasiblər yoxdur. Mühasib bir qayda olaraq QHT-nin əldə etdiyi qrant müddətinə işə cəlb edilir. Bu səbəblərdən kiçik illik dövriyyəsi olan QHT-lər üçün maliyyə hesabatlarının ya ləğv edilməsi (məsələn Rusiyada 10000 rubldan az vəsait əldə edən QHT-lər maliyyə hesabatı təqdim etmir. Avropa ölkələrinin böyük əksəriyyətində isə ümumiyyətlə QHT-lərin maliyyə hesabatı tələb olunmur) və ya ciddi sadələşdirilməsi məqsədə uyğun görünür;
5. Qrantların qeydiyyatı sistemində də təkmilləşdirilmələrə ciddi ehtiyac duyulur. Mövcud sistem xarici donorlardan alınan qrant müqavilələrinin tərcümədən keçməsini və notariusda təsdiq edilməsini tələb edir. Bu həm əlavə xərcdir (kiçik olmayan) QHT-lər üçün və həm də notariuslar tələb edir ki, donor müqavilənin hər səhifəsini imzalasın və möhürləsin, halbuki, bir çox hallarda xarici donorlar möhürdən istifadə etmir və qrant müqavilələrini təbii olaraq öz qaydalarına görə tərtib edir. Odur ki, qrant müqavilələrinin qeydiyyatının on-line rejimində aparılması bu sahədə mövcud olan səmərəsiz əmək sərfini aradan qaldıra və eyni zamanda prosesin surətini artıra bilər. Ümumiyyətlə, qrant müqavilələrinin qeydiyyat prosedurundan asılı olmayaraq, bunların QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən aparılması məqsədə uyğun görünür;
6. Qeyri hökumət təşkilatlarının həyata keçirdikləri qrant layihələri üzrə əmək haqqı ödənişlərinin bir sıra xarici ölkələrdə olduğu kimi sosial sığorta ayırmalarından azad edilməsi onların əmək haqqına yönələn ödənişlərin artmasına və bu sektorda çalışanların maddi vəziyyətinin daha da yaxşılaşmasına xidmət edə bilər;
7. Qeyri-hökumət təşkilatlarında Dövlət Dəstəyi üzrə Şuranın maliyyələşdirdiyi layihələr üçün büdcə vəsaitlərinin artırılması QHT-lərin maliyyələ dayanıqlığının təminatında, onların maliyyə mənbələrinin şaxələnməsində əhəmiyyətli rol oynaya bilər.
8. Daxili Audit haqqında qanunun tədbiqində 2010-cu il yanvarın 1-dən QHT-də daxili auditin təyin olunması nəzərdə tutulur ki, çox mürəkkəb və QHT işi üçün demək olar ki, lazımsız və qeyri realdır. Bu qanunun tədbiq obyekti kimi QHT-i çıxarmaq məqsədəuyğun olardı;
9. QHT qanunvericiliyində İctimai Birlik anlayşı var və bunun ingilis dilinə tərcuməsi Publik Union kimi gedir, bu isə ABŞ-da və bəzi qərb ölkələrində “hökumət təşkilatı” mənasını verir. Ədliyyə Nazirliyi İB sözünü bütün təşkilatların adının sonuna əlavə edir ki, bu bəzi donorlar və ya ekspertlərin əlavə suallarına, artıq izahatlara səbəb olur. Bu anlayışın götürülməsi və ya digər anlayışlarla əvəz olunması məqsədə uyğun görünür;
10. Bakıda və regionlarda xüsusi QHT-İnkubatorlarının yaradılması (müvafiq binaların tikilməsi) yeni təşkil edilən ictimai birliklərin qısa müddətdə inkişafı üçün çox faydalı ola bilər.
Hörmətli cənab Prezident!
Ümid edirik ki, müraciətimiz diqqətinizdən kənarda qalmayacaqdır. Yuxarıda qeyd etdiyimiz məsələlərə dair mümkün suallarınıza daha ətraflı cavablar vermək və problemlərimizlə bölüşmək üçün ən yaxşı imkanı QHT nümayəndələri ilə görüşünüz verə bilərdi. Xahiş edirik belə görüşün mümkünlüyünü də nəzərdən keçirin.
Ən xoş arzularla:
1. Sabit Bağırov, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
2. Əliməmməd Nuriyev, “Konstitusiya Arashdirmaları” Fondu
3. İnqilab Əhmədov, İctimai Vəsaitin Monitorinqi Mərkəzi
4. Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası
5. Rəşid Hacılı, Media Hüququ İnstitutu
6. Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi
7. Arif Əliyev, “Yeni Nəsil”, Jurnalistlər Birliyi
8. Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzi
9. Fəqan Əliyev, Ekoenergetika Akademiyası
10. Məlahət Mürşüdlü, Azərbaycan Müstəqil Müəllimlər Birliyi
11. Hafiz Həsənov, Qanun və İnkişaf İctimai Birliyi
12. İsrayıl İsgəndərov, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
13. Eldar İsmayılov, “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəz
14. Eyub Hüseynov, Azad İstehlakçılar Birliyi
15. Himayət Rizvanqızı, “Himayədar” Humanitar təşkilatı
16. Əvəz Həsənov, Humanitar Tədqiqatlar Cəmiyyəti
17. Rəna Səfərəliyeva, Şəffaflıq-Azərbaycan
18. Abil Bayramov, “Mülki Cəmiyyətə Doğru” Mərkəz
19. Sevil Yüzbaşova, “Ekoaləm” İctimai Birliyi
20. Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi
21. Zöhrab İsmayıl, Azad İqtisadiyyat Mərkəzi.
Modern.az