Münaqişə gedən dövlətlərdə əsir, girov və itgin düşmüş insanların olması təbiidir. Bu problem Azərbaycanda da mövcuddur. İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün 14 aprel 2008-ci il tarixdə Əsir və itkin düşmüş, girov qötürülmüş vətandaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər haqqında Ante Mortem (Məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması) üzrə Çərçivə Sazişi imzalanıb.
Bu proqramın həyata keçirilməsində üçüncü tərəf kimi iştirak edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölqələrdə fəaliyyət göstərən bütün yerli bölmələrinin potensialından istifadə olunub. İşlərin daha da səmərəli aparılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında qarşılıqlı vəzifələri özündə təsbit edən müqavilə imzalanıb. Bu əməkdaşlığın əsas məqsədi itkin düşmüş şəxslərin talelərinə aydınlıq qətirməkdən ibarətdir. Bunun üçün Azərbaycan Respublikasının ərazisində münaqişə nəticəsində itkin düşmüş vətəndaşların şəxsiyyətini, əsasən insan qalıqları üzərində müəyyən edilməsinə köməklik göstərilməsi məqsədilə sistematik şəkildə ətraflı məlumatlar toplanılır.
“Bu işləri əsasən Qızıl Aypara Cəmiyyətinin koordinasiyası vasitəsilə könüllüləri həyata keçirir. İtkin düşənlərin ailələrində olan Qızıl Aypara Cəmiyyətinin könüllüləri həmin şəxsin kimliyi və tibbi tarixçəsi haqqında ətraflı məlumatlar toplayırlar. Əsas məqsəd toplanmış məlumatlar əsasında müharibədən sonra tapılacaq sümük və digər qalıqların kimə məxsus olduğunu müəyyənləşdirməkdən ibarətdir. Tapılan sümük qalıqları eksqumasiya olunaraq toplanan məlumatlarla uzlaşdıqda, cəsədin kimliyini müəyyənləşdirmək mümkün olacaq”-deyə Qızıl Aypara Cəmiyyətindən Modern.az saytına bildirilib.
Layihə, xüsusilə könüllülərin iştirakı ilə Bakı şəhəri ilə yanaşı, bölgələrdə də fəal həyata keçirilir. Qızıl Aypara Cəmiyyətinin şəhər və rayon bölmələrinin sədrlərinə və könüllülərinə bu istiqamətdə xüsusi təlimlər keçirilib. Onların iştirakı ilə Cəmiyyətin baş ofisində və regional mərkəzlərində seminar və treninqlər keçirilib, müvafiq anketlərin doldurulma qaydaları izah olunub, digər məsələlər və qarşıya çıxan problemlər, onların həlli barədə ətraflı müzakirələr aparılıb. Bu seminarlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin də nümayəndələri fəal iştirak ediblər.
Layihədə əsas iş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təlim keçmiş könüllülərinin üzərinə düşüb. Belə ki, onlar mütamadi olaraq itkin düşmüş vətəndaşların ailələrinə baş çəkib, onların ailələrindən itkin düşmüş insan haqqında ətraflı məlumatları əldə edərək müvafiq anketlərə qeyd ediblər. Sonra həmin doldurulmuş anketlər Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.
Ümumilikdə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri 3490 sorğu anketi toplayaraq Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Artıq bu layihə öz işini tamamlayıb. Modern.az