Modern.az

QHT-lərin Məsuliyyət Xartiyası (Tam mətni)

QHT-lərin Məsuliyyət Xartiyası (Tam mətni)

16 Fevral 2011, 16:44

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hazırladığı “QHT Məsuliyyət Xartiyası”nın ictimai müzakirəsini sabah davam etdirəcək. Bu barədə Modern.az saytına qurumun mətbuat xidmətindən məlumat verilib.

Xartiyada QHT fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, ictimai effektivliyi, hesabat şəffaflığı və sair başlıca məsələ və prinsipləri öz əksini tapıb.

Qeyd edək ki, xartiya layihəsinin ilkin müzakirələri 2009-2010-cu illərdə QHT rəhbərlərinin iştirakı ilə keçirilib. Bu dəfə isə müzakirə fevralın 17-də Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunacaq. 

Modern.az saytı xartiyanın tam mətnini aşağıda təqdim edir.

***

Haqqımızda

Biz, bu Xartiyanı imzalamış Azərbaycan qeyri-hökumət təşkilatları (AZQHT) Azərbaycan Respublikası Konstitusiyasında əks etdirilmiş insan hüquqlarının müdafiəsi və möhkəmləndirilməsi, ölkənin dayanıqlı inkişafı, ətraf mühitin mühafizəsi, humanitar yardım, eləcə də Azərbaycanda digər ictimai maraqların müdafiəsi sahələrində fəaliyyət göstəririk.

Bizim təşkilatlar ölkənin maraqları naminə müxtəlif sosial və etnik qrupların nümayəndələri ilə çalışmaqla fəxr edir və bunu özünə şərəf bilir.

Bizim bu və ya digər fəaliyyəti gerçəkləşdirmək hüququmuzun əsasında məlum azadlıqlar: söz azadlığı, yığıncaqlar və birliklər azadlığı və bizim tərəfdar olduğumuz ümumbəşəri dəyərlər durur.

Fəaliyyətimiz ölkə Konstitusiyası və Azərbaycanın digər hüquqi aktlarına əsaslanır. Təşkilatlarımız öz fəaliyyətində vacib beynəlxalq sənədlərə və o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannaməyə də əsaslanır.

Fəaliyyətimizi gerçəkləşdirərkən biz hüquq bərabərliyinə riayət edirik və bütün insanların şəxsiyyətinə hörmətlə yanaşırıq.

Biz həm də çalışdığımız və naminə fəaliyyət göstərdiyimiz ölkə vətəndaşlarının etibarı və dəstəyinə arxalanırıq.

Fəaliyyətimiz maliyyə və texniki yardımsız, dövlət və ictimai dəstəksiz mümkün olmazdı.

Bu Xartiyanı imzalayaraq biz tərəfdar olduğumuz açıqlıq və hesabatlılıq kimi dəyərlərin daha da möhkəmləndirilməsinə çalışır və bu sənədin maddələrinə riayət olunacağına söz veririk.

Fəaliyyətimiz

AZQHT-lər ölkənin sabit inkişafı və əhalisinin maddi rifahı, insan hüquqlarının müdafiəsi və ekosistemlərin mühafizəsinin təmin olunmasında əsas rolu və ən mühüm məsuliyyəti bütünlüklə üzərinə götürə bilməz, onlar yalnız bu məsuliyyət sahibi olan hökumətə kömək edə bilər.

Bəzən biz hökumət və digər dövlət qurumlarının həll edə bilmədiyi və ya etmək istəmədiyi problemləri həll edə bilirik. Problemin qoyuluşuna konstruktiv yanaşaraq biz idarəetmə təcrübəsinin yaxşılaşmasına çalışırıq, bununla da ölkənin dayanıqlı inkişafı və əhalinin maddi rifahının yüksəlməsi məqsədlərinə nail olunmasına kömək edirik. Biz tədqiqat işi aparmaq, zərər çəkmişlərin hüquqlarını müdafiə etmək və proqram və layihələr yerinə yetirməklə öz missiyamızı həyata keçiririk. Bir qayda olaraq, biz fəaliyyətimizi bütün səviyyələrdə - ümummilli və regional səviyyədə və yerlərdə öz gücümüzlə və ya tərəfdaşlarla əməkdaşlıq edərək həyata keçiririk. Lazım gəldikdə biz beynəlxalq aksiyalarda da iştirak edirik.

Birgə fəaliyyət qarşımızda duran vəzifələrin yerinə yetirilməsində daha yaxşı imkanlar açırsa, biz başqa təşkilatlarla əməkdaşlıq edirik.

Xartiyanın məqsədi

Xartiya bizim fəaliyyətimizin nəticəviliyi, şəffaflığı və hesabatlılığına olan meylimizi  vurğulayır. Bu dəyərlərə sadiqliyimizi nümayiş etdirmək və onları fəaliyyətimizin əsasına qoymaq üçün biz aşağıdakı işləri görməyə çalışırıq:

  • ümumi iş prinsiplərini, eləcə də onların tətbiqi siyasəti və praktikasını  müəyyənləşdirmək və konkretləşdirmək;
  • daxili və xarici hesabatlılığı və açıqlığı möhkəmləndirmək;
  • maraqlı tərəflərlə qarşılıqlı münasibətləri möhkəmləndirmək;
  • digər ölkələrin və beynəlxalq QHT-lərin ən yaxşı təcrübəsini nəzərə almaq;
  • təşkilatların məhsuldarlığını və səmərəliliyini artırmaq.

Biz anlayırıq ki, açıqlıq və hesabatlılıq yaxşı idarəetmənin əsas tərkib hissələridir və bu prinsiplər QHT-lərin, hökumətin və kommersiya qurumlarının işinə eyni dərəcədə aiddir.

Hansı sahədə işləməyimizdən asılı olmayaraq, biz başqalarından tələb etdiyimiz yüksək iş standartlarının ilk növbədə bizim tərəfimizdən gözlənilməsinə əmin olmaq  istəyirik.

Xartiya Azərbaycanın mövcud qanunvericilik normalarına əlavədir, lakin məcburi xarakter daşımır. Təşkilatlar ona könüllü şəkildə qoşula bilər. Xartiyanın tətbiqi onu imzalamış təşkilatlar üçün məcburi olan əsas prinsipləri müəyyənləşdirir.

Xartiya onun iştirakçılarının başqa qayda müəyyənləşdirmədiyi halda onlar tərəfindən əvvəllər  imzalanmış sənədlərdə göstərilmiş mövcud normaları və onların tətbiqi praktikasını ləğv etmir. Xartiyaya qoşulmaq iştirakçılara fəaliyyətlərində açıqlıq və hesabatlılığın möhkəmləndirilməsi üçün nəzərdə tutulmuş digər alətləri qoruyub saxlamağa və onlardan istifadə etməyə mane olmur.

Biz əldə etdiyimiz təcrübədən çıxış edərək, gələcək, xüsusilə açıqlıq və hesabatlılığın gücləndirilməsinə yardım edəcək nəticələri nəzərə alaraq Xartiyanın maddələri üzərində işimizi davam etdirəcəyik.

Maraqlı tərəflər

Aşağıdakıları biz marfaqlı tərəflər hesab edirik:

·        ölkə vətəndaşları;

·        səsi olmadığı üçün özünü qoruya bilməyən  ekosistemlər;

·        bizim üzvlər və tərəfdaşlar;

·        bizim işçilər və könüllülər;

·        bizə maddi və ya maliyyə yardımı edən, yaxud xidmət göstərən təşkilatlar və ayrı-ayrı şəxslər;

·        bizimlə əməkdaşlıq edən hökumət və qeyri-hökumət təşkilatlarından olan tərəfdaşlar;

·        bizim təşkilatların təsis edilməsi və fəaliyyəti üçün icazəsi tələb olunan tənzimləyici orqanlar;

·        prinsipləri, proqramları və ya hərəkətlərinə təsir etmək istədiyimiz şəxslər;

·        KIV;

·        geniş ictimaiyyət.

Maraqlı tərəflərin müxtəlif mənafeləri arasında balansın təmin olunmasında bizim üçün istiqamətləndirici amil bu Xartiyada ifadə olunmuş bizim missiya və prinsiplərimiz olacaq. 

Prinsiplərimiz

Müstəqillik

Bizim təşkilatlar hökumət, siyasi partiyalar, kommersiya təşkilatları və beynəlxalq qurumlardan müstəqil olmağa çalışır. Biz yaxşı anlayırıq ki, bizim hər hansı tərəfdən asılı olmağımız məqsədlərimizə, imicimizə, insanların və ümumiyyətlə bütün maraqlı tərəflərin bizə olan inamına çox ciddi mənfi təsir göstərə bilər. Bu səbəbdən, hər hansı qurum və ya kəsdən maliyyə və ya digər dəstək alarkən biz siyasi və maliyyə cəhətdən müstəqil qalmağımıza ən ciddi diqqət veririk və öz müstəqilliyimizi qoruyacağımızı bəyan edirik.

Qanunvericiliyə riayət

Biz missiya və fəaliyyətimizin mövcud hüquq normalarına zidd olmamasına nəzarət edirik. Biz ictimai-siyasi məsələlər üzrə mövqemizin dəqiq formulə edilməsi üsullarına, bizim üçün əsas olan etik normalara riayət edirik, eləcə də müxtəlif maraqlı tərəflərin mənafeləri arasında potensial ziddiyyətlərin aşkar olunması və aradan qaldırılmasına çalışırıq  .

İşlərimizin səmərəliliyi

Biz gördüyümüz istənilən işin ən yüksək səviyyədə səmərəliliyinə çalışırıq. Bizim prinsipimiz ən az resurslardan (insan, maliyyə, texniki və s.) istifadə etməklə maksimal nəticə əldə etməkdir.

Əməkdaşlığın vacibliyi

Biz yerli ehtiyacları nəzərə alaraq dayanıqlı inkişaf naminə yerli icmalar, QHT və digər təşkilatlarla  sıx əməkdaşlığa çalışırıq.

Ayrı-seçkiliyin olmaması

Biz müxtəlifliyi yüksək qiymətləndirir, ona hörmət edir və onu dəstəkləməyə çalışırıq; biz istəyirik ki, fəaliyyətimiz qeyri-obyektivlik və ayrı-seçkiliyin təzahürlərindən uzaq olsun. Biz hər hansı şəxsə (fiziki və ya hüquqi) etnik mənsubiyyəti, cinsi, mənşəyi və siyasi baxışlarına görə üstünlük verməkdən uzağıq.

Açıqlıq

Təşkilatlarımızın strukturu, vəzifələri, siyasəti və fəaliyyətinə gəldikdə biz hər şeydə açıqlıq, aşkarlıq və ədalətliliyi alqışlayırıq. Biz maraqlı tərəflərlə canlı dialoq aparmağa və geniş ictimaiyyətə fəaliyyətimiz haqqında məlumat verməyə hazırıq. Biz təşkilatlarımız və fəaliyyətimiz haqqında bütün məlumatları öz (və ya partnyorlarımızın) veb-səhifələrimizdə  yerləşdirməyə çalışırıq.

Hesabatlılığın aparılması

Biz idarəetmə, mühasibat və hesabatlılığın aparılmasına qoyulan tələblərə riayət etməyə çalışırıq. İldə ən azı bir dəfə biz təşkilatın fəaliyyəti, uğurları və uğursuzluqları haqqında hesabat tərtib edirik. Hesabata aşağıdakıları daxil edirik:

  • missiya və dəyərlər;
  • vəzifələr, proqram və layihələrin nəticələri;
  • idarəetmə strukturu və prosedurları, ali rəhbərlik;
  • əsas maliyyə mənbələri;
  • maliyyənin idarə olunması;
  • bu Xartiyanın maddələrinə riayət olunması;
  • əlaqə üçün informasiya.

Audit

Biz təşkilatlarımızın maliyyə fəaliyyətinin illik auditinin keçirilməsini vacib sayırıq. Lakin bu, müvafiq maliyyə resursları ilə təmin olunmaqdan asılıdır. Biz belə resurslar tapmağa çalışırıq. Bu məqsədlə potensial donorlara təqdim olunan layihələrin büdcələrinə bu layihələr üzrə auditin keçirilməsi xərclərini daxil edirik.

Bizim təşkilatlardan yayılan informasiyanın dəqiqliyi

Biz müstəqil tədqiqatlara müraciət və istinad edərək informasiyanın və tədqiqat nəticələrinin təqdim olunması və şərh edilməsinin ümumi qəbul olunmuş dəqiqlik və doğruluq normalarına riayət edirik.

Donorlarla qarşılıqlı münasibətlərin etik əsasları

Biz maliyyə donorlarının bizim maliyyə fəaliyyətimiz barədə məlumata malik olmaq hüquqlarına hörmətlə yanaşırıq: toplanılan vəsaitlərin hansı məqsədlərə xərclənəcəyini bilmək hüququ; bu vəsaitlərin necə istifadə olunacağını bilmək hüququ; bizim digərlərilə məktublaşmağımızdan kənarda qalmaq hüququ; vəsaitlərin idarə edilməsi üçün məsuliyyət daşıyan  şəxslərin statusu və səlahiyyətləri haqqında bilmək hüququ; eləcə də donor yardımının həcminə bizim təşkilatların müstəqilliyinə təsir edən amil kimi baxıldığı hallar istisna olmaqla, anonimliyi qoruyub saxlamaq hüququ.

Maliyyə vəsaitinin toplanmasının gedişatında biz fəaliyyətimiz və ehtiyaclarımız haqqında ətraflı danışacağıq. Bizim əsas prinsiplər və təcrübədə onlara riayət etməyimiz ona zəmanət verir ki, toplanmış vəsait qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə xərclənəcək. Əgər donor hər-hansı konkret məqsədlə vəsait verirsə, biz bu qərara hörmətlə yanaşmağa söz veririk. Əgər biz ictimaiyyətə konkret iş üçün ianə vermək xahişi ilə müraciət ediriksə, vəsaitin çatmadığı və ya artıq qaldığı halda necə hərəkət edəcəyimiz haqqında planımızı açıqlayırıq. Bu haqda vəsait toplanan zaman donorlara məlumat veririk.

Bəzi ianələr mal və ya xidmətlər şəklində ola bilər. Fəaliyyətimizin səmərəliliyini və müstəqilliyimizi qoruyub saxlamaq üçün biz uçot aparmağa və təşkilatların verdiyi bütün mühüm ianələr və maddi ianələr haqqında hesabat verməyə; onların dəyərini və qiymətləndirilməsi üsullarını aşkar təsvir etməyə; eləcə də ianələrin təşkilatın missiyasının yerinə yetirilməsinə xərclənəcəyinə zəmanət verməyə hazırıq.

Qiymətləndirmə prosedurları

Biz təşkilat rəhbərliyi və işçi heyətin işinin, proqram və layihələrin səmərəliliyinin qarşılıqlı hesabatlılığa əsaslanan qiymətləndirilməsi prosedurlarını işləyib hazırlayır və tətbiq edirik.

İctimai tənqid

Biz ayrı-ayrı şəxslərin və təşkilatların ictimaiyyət tərəfindən tənqid olunmasına görə məsuliyyət daşıyır və onun  ədalətli ictimai müzakirələrdən kənara çıxmamasına nail oluruq.

Tərəfdaşlar

Biz anlayırıq ki, bizim təşkilatların dürüstlüyü həm də tərəfdaşlarımızın ən yüksək ədalətlilik və hesabatlılıq prinsiplərinə riayət edib-etməmələrindən asılıdır. Biz qeyri-qanuni və ya qeyri-etik fəaliyyətə cəlb olunmuş təşkilatlar və ya şəxslərlə əlaqələrdən qaçmaq üçün mümkün olan hər şeyi edirik.

Biz anlayırıq ki, bizim uğurlar əməkdaşların və könüllülərin yüksək bacarığa malik olmasını, eləcə də təşkilatların idarə edilməsi keyfiyyətini göstərir. Ona görə də biz öz kadr potensialımızın inkişafına çalışırıq.

Əməyin ödənilməsi və sosial təminat sistemi bir tərəfdən könüllü qeyri-kommersiya təşkilatları haqqında ictimaiyyətin gözləmələrinə cavab verməli, digər tərəfdən missiyamıza nail olmaq üçün lazım olan əməkdaşların cəlb edilməsi və saxlanılmasını təmin etməlidir. Bizim təşkilatlar daxili qaydaları mövcud əmək qanunvericiliyinə müvafiq olaraq qurmağa, əməkdaşların və könüllülərin hüquqları, təhlükəsizlik və əməyin mühafizəsi üzrə qabaqcıl təcrübəni öyrənməyə çalışır. Kadr siyasətinə bütün əməkdaşların əmək məhsuldarlığının müntəzəm olaraq qiymətləndirilməsi prosedurları daxil olmalıdır.

Rüşvət və korrupsiya

Biz korrupsiyanı ən böyük şər hesab edir və imkanlarımız daxilində onunla mübarizə aparırıq. Biz təşkilatda işləyən və ya onun adından hərəkət edən əməkdaşlar və ya başqa şəxslər tərəfindən rüşvət verilməsi və ya korrupsiya halları ilə bağlı hərəkətlərə yol verilməməsi üçün bütün mümkün tədbirləri həyata keçiririk.

Daxili nəzarət

Əməkdaşların təşkilatın hər hansı qanunverici normalara, eləcə də bu Xartiyanın maddələri daxil olmaqla təşkilatın missiyası və vəzifələrinə zidd olan hərəkətlərinə təşkilat rəhbərliyinin diqqətini cəlb etmək  hüququ var. 

İmzalar:

1.      Sabit Bağırov, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

2.      Əliməmməd Nuriyev, “Konstitusiya Arashdirmaları” Fondu

3.      İnqilab Əhmədov, İctimai Vəsaitin Monitorinqi Mərkəzi

4.      Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası

5.      Rəşid Hacılı, Media Hüququ İnstitutu

6.      Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi

7.      Arif Əliyev, “Yeni Nəsil”, Jurnalistlər Birliyi

8.      Vüqar Bayramov, İqtisadi və Sosial İnkişaf Mərkəzi

9.      Fəqan Əliyev, Ekoenergetika Akademiyası

10.  Məlahət Mürşüdlü, Azərbaycan Müstəqil Müəllimlər Birliyi

11.  Hafiz Həsənov, Qanun və İnkişaf İctimai Birliyi

12.  Israyıl Isgəndərov, “Ümid” Sosial  İnkişafa Dəstək İctimai Birliyi

13.  Eldar İsmayılov, “Vətəndaş Cəmiyyəti Uğrunda” Mərkəz

14.  Eyub Hüseynov, Azad İstehlakçılar Birliyi

15.  Himayət Rizvanqızı, “Himayədar” Humanitar təşkilat

16.  Əvəz Həsənov, Humanitar Tədqiqatlar Cəmiyyəti

17.  Rəna Səfərəliyeva, Şəffaflıq-Azərbaycan

18.  Abil Bayramov, “Mülki Cəmiyyətə Doğru” Mərkəz

19.  Sevil Yüzbaşova, “Ekoaləm” İctimai Birliyi

20.  Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi

21.  Zöhrab İsmayıl, Azad İqtisadiyyat Mərkəzi

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...