Modern.az

Londonda Azərbaycan gerçəkliklərindən danışılıb

Londonda Azərbaycan gerçəkliklərindən danışılıb

17 Fevral 2011, 17:13


Böyük Britaniyanın məşhur «Royal Holloway» universitetinin «Azərbaycan» Cəmiyyəti Londonda Azərbaycanın tanıtımı ilə bağlı tədbir keçirib. Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, mərasimə Azərbaycanın İngiltərədəki səfiri Fəxrəddin Qurbanov da qatılıb. Tədbiri giriş nitqi ilə açan cəmiyyətin sədri Cəbrayıl İsmayılov Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bütün dünyada diaspor təşkilatlarımızın, cəmiyyətlərin fəal olmasının vacibliyini vurğulayıb.
C. İsmayılov tədbirin keçirilməsinin də məhz bu məqsədə xidmət etdiyini dilə gətirərək bildirib ki, Azərbaycanın tarixi ilə bağlı yalnış məlumatların yayılmasının qarşısını almaq üçün ölkəmizin yürütdüyü siyasət, mədəniyyətimiz, tariximiz təbliğ olunmalıdır.

Azərbaycan tarixi, siyasəti barədə tədbir iştirakçılarına dolğun məlumat verən Babək Məmmədzadə isə erməni işğalı nətijəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd- yuvasından didərgin düşdüyünü diqqətə çatdırıb. Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi yönündə hələki danışıqlar aparıldığını söyləyən B.Məmmədzadə ölkə prezidentinin dediyi kimi danışıqlar səmərə verməzsə, hərb yolunun qaçılmaz olduğunu vurğulayıb. B.Məmmədzadə bildirib ki, Azərbaycan qoşulduğu beynəlxalq konvensiyaların hər bir tələbinə əməl etsə də, Ermənistan bu tələblərin heç birinə məhəl qoymaraq imza atdığı sənədlərin tələblərini pozmaqda davam edir. Ölkəmizin strateji coğrafi zonada yerləşdiyini söyləyən universitet tələbəsi, Azərbaycanın əksər xarici ölkələrin maraq nöqtəsində olduğunu bildirib.
Daha sonra universitetin doktoranturasında təhsil alan azərbaycanlı tələbə Vüsal Musayev söz alaraq ölkəmizin iqtisadiyyatının dinamik inkişafından danışıb. V. Musayev artıq Azərbayjanın dünyanın inkişaf etmiş ölkələri ilə iqtisadi baxımdan iş birliyi qurduğunu da diqqətə çatdırıb.

Cəmiyyətin nümayəndəsi İsmayıl Məlikov isə Azərbayjanın qədim mədəni irsindən söz açıb. Azərbaycan mədəniyyətinin dünyanın hər bir yerində təbliğinin vacib olduğunu söyləyən İ.Məlikov hər bir azərbaycanlının mənfur düşmənlərimizə mədəni sərvətlərimizə sahib çıxmağa əngəl törətməli olduğunu bildirib : «Azərbaycan muğamı ölkəmizin birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKOnun xoşməramlı səfiri Mehriban Əliyevanın sayəsində layiqincə təbliğ olunur. Xaricdə yaşayan, təhsil alan hər bir azərbaycanlının borcudur ki, bu ənənəni yaşatsın. Məhz bu gün biz öz mədəni dəyərlərimizə sahib çıxmaqda səy göstərməliyik. Çünki ermənilər Azərbaycanın mədəniyyətinə xas olan musiqini, dəyərli əsərlərimizi öz adına çıxmaqda davam edir».

Tədbirdə Araz Quliyev də Azərbaycanda biznes mühiti, turizmin imkanlarından danışıb.
Mərasimə elm adamları, xarici tələbələr də qatılıblar. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycanın qədim musiqi incisi sayılan ozan sənəti nümayiş olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...