Modern.az

16 QHT Milli Orduda baş verən hadisələrlə bağlı bəyanat verdi (Siyahı)

16 QHT Milli Orduda baş verən hadisələrlə bağlı bəyanat verdi (Siyahı)

Qarabağ

23 Fevral 2011, 18:39

Azərbaycanda müdafiə və təhlükəsizlik, hərbi vətənpərvərlik, əlil və veteranlarla iş sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının böyük bir qrupu son günlər Silahlı Qüvvələrlə bağlı baş verən hadisələrlə əlaqədar ölkə ictimaiyyətinə və media nümayəndələrinə müraciət ünvanlayıb. Modern.az-a daxil olan müraciətdə bildirilir:

"Əziz həmvətənlər!

Bir neçə gün əvvəl  Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrindən birində hamımızı kədərləndirən, böyük təəssüf və  ağrı hissləri oyadan faciəli hadisə baş vermişdir. Bu hadisədə həlak olan əsgərlərin ailələrinə, doğmalarına, eləcə də bütün xalqımıza başsağlığı verir, Allahdan millətimizə səbr və mətanət diləyir, belə üzücü halların bir daha təkrarlanmamasını arzulayırıq.

Hadisədən dərhal sonra ən yüksək səviyyədə atılan addımlar, dövlət başçısı, ali komandanlıq tərəfindən görülən təxirəsalınmaz tədbirlər bir daha sübut edir ki, ordu quruculuğu, Silahlı Qüvvələrin inkişafı və möhkəmləndirilməsi Azərbaycan Prezidentinin diqqət yetirdiyi ən vacib məsələdir. Xalqımız üçün taleyüklü əhəmiyyət daşıyan müdafiə sahəsinə, ordu quruculuğuna respublika rəhbərliyinin göstərdiyi davamlı qayğı və diqqət bu yöndə qarşıya çıxan maneələrin tez bir zamanda aşılacağına böyük ümidlər verir, dövlətimizin təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı yaranan hər hansı problemin dərhal aradan qaldırılacağına ciddi inam yaradır.

Əziz həmvətənlər!

Hər birimizə aydındır ki, 23 ildir bədnam qonşumuzla - işğalçı Ermənistanla müharibə vəziyyətində yaşayırıq. Ərazisinin bir qismi işğal altında qalan, bir milyona qədər qaçqın və məcburi köçkünü olan ölkəmizdə bu cür olayın yaşanması hər bir vətənpərvər azərbaycanlının qəlbini ağrıtmaya bilməz. Ancaq bu kimi kədərli hadisələr qətiyyən bizi ruhdan salmamalı, dəyanətimizi və qürurumuzu sarsıtmamalıdır. Unutmaq olmaz ki, hədsiz üzüntü və narahatçılıq işğalçıları və onların havadarlarını sevindirər, düşmənin yeni təxribatlara əl atmasına imkan yaradar. Bununla da Azərbaycanın son illər əldə etdiyi hərbi-siyasi  və  psixoloji üstünlüklərə müəyyən qədər xələl gələ bilər. Ona görə də, belə məqamlarda hər bir Azərbaycan vətəndaşı mənəvi cəhətdən daha güclü və təmkinli olmağa çalışmalıdır.

Biz vətəndaşlarımızı, ölkə ictimaiyyətini diqqətli olmağa , cəmiyyətdə xüsusi rola malik olan media qurumlarını, KİV təmsilçilərini Azərbaycanın dövlət mənafeyini, milli maraqlarını daha ciddi şəkildə nəzərə alaraq fəaliyyət göstərməyə dəvət edirik".

MÜRACİƏTİ İMZALAYANLAR:

1. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyası
3. Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyi
4. Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyi
5. Çernobl Əlilləri Cəmiyyəti; Azərbaycan Çernobl Əlilləri İttifaqı
6. Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi
7. Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi
8. “Əsgər Anaları” Şurası
9. Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti
10. Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
11. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi
12. “Əsgər Ailəsi” Cəmiyyəti
13. Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti”
14. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı
15. Dünya Gənc Türk Yazarlar Birliyi
16. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama