Ərəb ölkələri “qaynayır”... Bir-birinin dalınca devrilən çoxillik diktatorlar Yaxın Şərqi yenidən dünyanın ən qaynar nöqtəsinə çevirib. İndi ölkəmizdə daha çox bu inqilabların “zəncirvari dalğası” barədə müzakirələr səngimir. Azərbaycanda bir sıra müşahidəçilər bu inqilab fırtınasının bizdən də yan keçməyəcəyini deyirlər. Amma burada fikirlər ciddi şəkildə haçalanır. Elə bu radikal mövqeyə qarşı olan başqa fikirlər də var. Onlar “inqilab və Azərbaycan” tezisini yaxına buraxmır, bunun heç bir perspektivinin olmadığını vurğulayırlar.
Modern.az bir sıra Qeyri-Hökümət Təşklatları rəhbərlərindən “ərəb sindromu” ilə bağlı fikir öyrənib.
Qadın Konsesus Mərkəzinin rəhbəriAynur Camalqızı bidirib ki, ərəb dünyası ilə Azərbaycan arasında paralellər aparmaq çox yanlış bir arqumentdir. Onun sözlərinə görə, ərəb ölkələri ilə Azərbaycanın inkşaf tempini qətiyyən müqayisə etmək mümkün deyil. “Misirdə vəziyyət həddindən artıq acınacaqlı idi, insanlar gecəqondularda yaşayırdılar, gün ərzində bir dollar qazanan insanlar bunu özləri üçün uğur hesab edirlər. Bu günkü Azərbaycan insanı ilə Misir, Liviya, Tunisdə yaşayan ərəbi müqaisə eləmək doğru deyil. Digər tərəfdən inqilab dalğasını bürumuş ərəb ölkələrində hakimiyyətlə xalq arasında çox dərin bir uçurum yaranıb ki, həmin o vəziyyət Azərbaycanda yox dərəcəsindədi”-deyə keçmiş millət vəkili vurğulayıb.
Camalqızının fikirincə bəzən hansısa əyalət bölgəsində lokal səviyyədə bəzi insanlar etiraz aksiyaları keçirməyə cəhd göstərirlər. Lakin bu zaman insanlar aksiya keçirərkən əllərinə dövlət başçısının şəkillərini, plakatlarını götürərək çıxırlar: “Bununla da onlar göstərmək istəyirlər ki, narazılıq hansısa bir hökümət üzvündəndir, məmurdandır, onlar inanırlar ki, əgər dövlət başçısı problemdən xəbər tutsa, həmin problem çox operativ şəkildə həll olunacaq və əksər hallarda qaldırılan problem öz həllini tapır”. QHT rəhbərinin sözlərinə görə, “inqilab” çağırışları daha çox radikal müxalifət düşərgəsi tərəfindən ortaya atılır. “Hər dəfə hansısa bir ölkədə etiraz aksiyaları, yaxud da inqilab dalğası olanda o dəqiqə bunlar da həvəslənməyə başlayırlar ki, həmin dalğa Azərbaycana da təsir göstərəcək. Ukraynada “narıncı”inqlab baş verdi. Onda da bizim bu radikal müxalifət düşərigəsinin nümayəndələri demək olar ki, “narıncı” rəngə boyanmışdılar, “narıncı” rəngdə paltar geyinirdilər. Keçirdikləri aksiyalarda da narıncı bayraqları meydana gətirirdilər. Amma nəticə nə oldu? Bu günə qədər Azərbaycanda “məxməri”, yaxud da “narıncı” inqilab baş verdimi? Təbii ki, yox. Bu onu göstərir ki, hansısa bir ölkədə baş verən dəyişikliyin süni şəkildə Azərbaycana transfer olunması haqqında düşüncələr boş xulyadan başqa bir şey deyil. Azərbaycanda xalqla prezident arasında çox ciddi bağlılıq var, ölkə prezidentinə çox böyük inam var”.
Milli QHT Forumun rəhbəri Rauf Zeyni hesab edir ki, dünyada gedən proseslərdən narahatdırlar. Onun sözlərinə görə, hər hansı bir sabitliyin pozulmasına, hər hansı bir formada dövlətçiliyimizə xələlə gəlməsinə qətiyən yol verilməməlidir. “Çünki bu bizim üçün çox baha başa gələ bilər. Bu gün torpaqlarımızın 20 faizi işğal altındadı, bizim erməni kimi düşmənimiz var.
Xarici mütəxəsislər, professorlar, iş adamları Azərbaycanın inkşafını, stabilliyini xüsusi qeyd edirdilər. Bu bizim üçün çox böyük bir məsələdir. Avropada olan mütəxəsislər bu gün bəzi hadisələrin baş verməsinə baxmayaraq Azərbaycanla iş görməyi planlaşdırırlar, iş görmək istəyirlər. Əgər burda “inqilab sunamiləri” görürlərsə, bəs nə üçün onlar ölkəmizlə əməkdaşlıq etmək istəyirlər? Çünki onlar Azərbaycanı çox stabil, tolerant, inkişaf etmiş, Avropaya inteqrasiya yolunu tutmuş bir dövlət kimi qəbul edirlər, tanıyırlar. Əks təqdirdə, onlar da bizə deyə bilərlər ki, “yox biz sizinlə əməkdaşlıq etmək istəmirik”. R.Zeyninin sözlərinə görə, hər bir ölkənin özünə görə problemləri və nöqsanları var. Bunlara qarşı mübarizə aparmaq lazımdır.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, ərəb inqilablarının Azərbaycana birbaşa təsiri olmasa da, dolayısı yolla təsir məsələsi hər zaman mümkündür.
“İnqilab regionu bizim ölkəyə yaxındır və burda istər-istəməz qaçqınlar, digər məsələlər, bəzi hallarda bəzi problemlər arasında əlaqələr də olur.
Ərəb dünyasında yaranan problemlərin əsas səbəbləri ilə bağlı fərqliliklər və bəzi hallarda oxşarlıqlar var. Bütün hallarda bunun təsiri mümkündür. Çünki region bizim bölgəyə yaxındır. Burada neftin qiymətinin artırılması təsir göstərən haldır. Qaçqınların Azərbaycana axını olması mümkün olan məsələlərdən biridir”.
Ə.Nuriyevin sözlərinə görə, ərəb dünyasındakı iğtişaşlar daha çox aclıq və səfalətlə bağlıdır və bunun Azərbaycana birbaşa aidiyyatı yoxdur. “Çünki Azərbaycanda fərqli bir sistemdi. Həm də burada dünyagörüşlə bağlı məsələlər var. Baxmayaraq ki, ikimiz də İslam dünyasına aid olan ölkələrik, amma bizdə dövlətin qurluşu ilə bağlı fərqli baxışlar mövcuddur. Dünyəvilik bizdə daha güclü inkşaf edib”-deyə o vurğulayıb. Mail Ağaxanov