Modern.az

Mübariz Əhmədoğlu: “Azərbaycan hər an müharibəyə hazır olmalıdır”

Mübariz Əhmədoğlu: “Azərbaycan hər an müharibəyə hazır olmalıdır”

Qarabağ

11 Mart 2011, 14:54

Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu əvvəlcə Soçi görüşünün nəticələrini təhlil edib.

Politoloq bildirib ki, Soçi görüşü Qafqazda mürəkkəb şərait olmasına baxmayaraq, tənzimləmə prosesinin virtual mərhələsinin yekunlaşdırılmasının bünövrəsini qoydu: “Müəyyən pauza ola bilər. Amma sonra praktiki mərhələ başlayacaqdır. Hazırda Rusiya prezidenti D.Medvedyevin tutduğu mövqe xüsusilə diqqəti cəlb edir. Dağlıq Qarabağ məsələsində Qərbin tam dəstəyini qazanmış Medvedyev problemin həllini Rusiyanın qarşısına çıxan hədələrin neytrallaşması istiqamətinə yönəltdi. Bu gün Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bir çox parametrlər üzrə Azərbaycanla Rusiyanın mövqeyi üst-üstə düşür, amma ortada fərqli nüanslar da var. Azərbaycan Dağlıq Qarabağ problemini Qafqaz üçün əsas təhlükə hesab etdiyi halda, Rusiya Gürcüstanın davranışlarından daha çox narahatdır. Gürcüstanın Şimali Qafqaz xalqları ilə antirusiya xarakterli əlaqəsi və Soçi olimpiadasına olan münasibəti RF-i çox qayğılandırır”.

SİTM sədri Soçi görüşündə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirak etməməsinə də münasibət bildirib. M.Əhmədoğlu deyib ki, həmsədrlərin prezidentlərin görüşündən sonra aktivləşməsi Qərbin aldandığını başa düşdüyünü göstərir: “Bu günədək monitorinq missiyasının nəticələrini açıqlamayan ATƏT MQ həmsədrləri başa düşmək istəmirlər ki, DQ münaqişəsinin tənzimlənməsindəki həm dinc tənzimlənmə prosesinin, həm də Ermənistanın belə faciəvi vəziyyətə düşməsinin əsas səbəbkarı elə özləridir”.

Ekspert Soçi görüşündə imzalanan sənədi Mayendorf anlaşması ilə müqayisə edib. Onun fikrincə, Mayendorfda DQ-nin siyasi faktor və dialoq tərəfi kimi sıradan çıxması rəsmiləşdirildi. Soçidə son görüşdə DQ-nin hərbi faktor kimi sıradan çıxmasının bünövrəsi qoyuldu. İlk dəfə olaraq qoşunların təmas xəttindəki vəziyyətə dair rəsmi sənədi Azərbaycan və Ermənistan prezidentləri imzaladılar.

Politoloq bildirib ki, Soçi görüşü ərəfəsində qondarma qurumun rəhbərliyinin davranışı göstərir ki, ermənilər münaqişənin həllində Rusiyadan yardım gözləmirlər: “ABŞ, Fransa, Kanada və Livan onların əsas ümid yerləridir; DQ erməniləri də Rusiyadan narazıdırlar. Rusdilli mətbuat DQ-də sıxışdırılır. RF-in mövqeyini biz də antierməni hesab edirik. Bununla yanaşı, Rusiya Ermənistana qarşı təzyiqi daha da gücləndirməlidir.         Rusiya Ermənistanı elə vəziyyətə salmağa məcburdur ki, ona heç kim yaxınlaşa bilməsin. Bu, o qədər də çətin deyil, çünki Ermənistanın davranışı buna şərait yaradır. Gürcüstanla müharibəyə sürüklənən Ermənistanın Türkiyəyə və Qərbə tərəf meyllənməsi bundan sonra mümkün olmayacaqdır. Gürcüstanla Ermənistan arasında müharibə kifayət qədər realdır”.

M.Əhmədoğlu həmçinin qeyd edib ki, Azərbaycan hər an müharibəyə hazır olmalıdır. Onun qənaətin görə, ermənilər hər an müharibəyə başlaya bilərlər: “Hərbi cəhətdən Ermənistanla Azərbaycan arasındakı fərq Azərbaycanın xeyrinə dəyişir. Bir neçə ildən sonra Ermənistan və Azərbaycanın hərbi gücləri arasındakı fərq bu ölkələrin iqtisadiyyatları arasındakı fərq qədər olacaqdır. Müharibənin baş verməməsi üçün Rusiya İran və Şimali Qafqazdakı qeyri-qanuni separatçı hərbi birləşmələrlə çox ehtiyatlı münasibətlər qurmalı, bu iki subyektin maraqlarına toxunan addımlar atmamalıdır”.

 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama