Azərbaycanın müstəqillik tarixində Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı dəfələrlə zorakılığın edilməsi, uşaqların amansızlıqla və işgəncələrlə öldürülməsi, uşaqların gözü qarşısında valideynlərinin qətlə yetirilməsi, uşaqların əlil olması və bu kimi insanlığa sığmayan əməllərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməməsi uşaq hüquqlarının tanınması və həyata keçirilməsi istiqamətində qlobal səyləri şübhə altına alır.
Bir neçə gün öncə Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlovun öldürülməsi Azərbaycan ictimaiyyətində güclü etirazlara səbəb olub. “NUR” Uşaq və Gənclər İctimai Birliyi 9 yaşlı Farizin ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan uşaq dünya üçün bir çağırışdır. “Bizim başqa bir uşağın öz yaşamaq hüququndan məhrum edilməyəcəyi barədə heç bir zəmanətimiz yoxdur. Dünya birliyi erməni təcavüzünə son qoyulmasına dəstək göstərməlidir”.
Qeyd edək ki, ingilis dilində hazırlanan bəyanat Azərbaycanda akkreditə olunmuş səfirliklərə, beynəlxalq təşkilatlara, beynəlxalq uşaq təşkilatlarına və sosial şəbəkələrə göndərilib.
Modern.az