Modern.az

Dünya Azərbaycanlılarının III qurultayının vaxtı və yeri açıqlanıb

Dünya Azərbaycanlılarının III qurultayının vaxtı və yeri açıqlanıb

1 Aprel 2011, 16:55

Dünya Azərbaycanlılarının III qurultayı 5 iyul 2011-ci il tarixində Bakı şəhərində keçiriləcək. Bu barədə Modern.az-a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” 2011-ci il 21 yanvar tarixli Sərəncamına uyğun olaraq, Bakı şəhərində Dünya Azərbaycanlılarının III qurultayının keçirilməsi 2011-ci il iyul ayının 5-ə planlaşdırılır.

Qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək. Bundan başqa, milliyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvlərinin də qurultaya qonaq qismində dəvət olunması planlaşdırılır.

Dünya Azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlərin müzakirə olunacağı toplantıda həmçinin müasir dövrdə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Diasporla Iş üzrə Dövlət Komitəsində Dünya azərbaycanlılarının III qurultayının təşkili ilə bağlı tədbirlər planı hazırlanıb və İşçi qrup yaradılıb. Hazırda Qurultaya dəvət olunan nümayəndə və qonaqların siyahısı dəqiqləşdirilir.

Qurultaya hazırlığın gedişi ilə bağlı kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat veriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal