Modern.az

Mübariz Əhmədoğlu: “İran Azərbaycanda iğtişaş salmaq istəyir”

Mübariz Əhmədoğlu: “İran Azərbaycanda iğtişaş salmaq istəyir”

5 Aprel 2011, 13:50

Bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) mart ayında regionda və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatına açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə ərəb ölkələrində baş verən inqilablardan danışıb.

M.Əhmədoğlu deyib ki, zaman keçdikcə  ərəb dünyasında baş verən hadisələrin mahiyyəti daha aydın şəkildə üzə çıxır: “Ərəb-müsəlman dünyasında çaxnaşmalar sakitləşmir, əksinə, Tunis, Misir hadisələri real nəticə ortalığa qoymamış çaxnaşma yeni-yeni dövlətləri əhatə etmişdir. Liviya və Yəməndə kifayət qədər gərginlik yaratmış inqilablar Suriya və İordaniyada da başladı. Səudiyyə Ərəbistanı Bəhreynə qoşun yeritməklə oradakı vəziyyətdə nisbi sabitlik yaratdı. Səudiyyə Ərəbistanında İrana bağlı şiə qruplaşmalarının aktivliyi hökumət tərəfindən dərhal yatırıldı”.

Politoloq bildirib ki, Yaxın Şərq regionunda baş verən hadisələrdə daha çox İranla əlaqəli məsələlər önə çıxır. Onun fikrincə, hadisələrin təhlili İranın çətin vəziyyətə düşdüyünü göstərir: “Əgər Bəhreyndə şiə çoxluğuna sünni azlıq rəhbərlik edirsə, Suriyada bunun tam tərsidir. Ona görə də, eyni metodla işləməsinə baxmayaraq Bəhreyndə hakimiyyəti yıxmağa çalışan İran Suriyada hakimiyyəti müdafiə etməyə məcbur oldu. Eləcə də Liviya prezidenti M.Qəzzafinin həmişə ekstravaqant davranışı ilə seçilməsi, fərqlənməsi onu İrana bənzədir. İran və Qəzzafinin hansı hadisəyə nə qaydada reaksiya verəcəyini heç kəs proqnozlaşdıra bilmir. Yuxarıda çəkdiyimiz misalda İran həm Bəhreyndə, həm də Suriyada şiələrin müdafiəçisi kimi görünə bilər. Livanda sünni mənşəli şəxsin hakimiyyətə gəlməsinə çalışan və yaxud Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyən İran hər sahədə Qəzzafi qədər ekstravaqant və ziddiyyətlidir”.

SİTM sədri qeyd etmişdir ki, Qərb Rusiyanın ərəb dünyasında baş verən hadisələrdə iştirakını istəyir: “ABŞ ərəb dünyasındakı proseslərdə Rusiyanın vasitəçiliyini gündəliyə gətirdi. Müdafiə naziri R.Geyts Sankt-Peterburqda olarkən bunu bəyan etdi. Amma ABŞ çalışır ki, Rusiya ərəb dünyasındakı proseslərə “İran üzərindən” daxil olsun. Rusiya hadisələrin belə qəfil dönüşünə hazır deyil, çünki bu gün ABŞ ilə İran arasındakı təsir zonalarını kəsişmə xətti Qafqaz üzərindədir. Ən azı, Rusiya bu virtual sərhəddi İran ərazisinin yarısına keçirməyə çalışmalıdır. Buna Rusiyanın hərbi-texniki, iqtisadi, kommunikativ potensialı imkan vermir. Qafqazda Rusiyanın maraqlarına cavab verən tam kommunikasiya xətti demək olar ki yoxdur. RF-in İranla sərhəddə yerləşən Ermənistanla demək olar ki, quru əlaqəsi yoxdur.”

M.Əhmədoğlu həmçinin ATƏT MQ həmsədrlərinin işğal olunmuş ərazilərdə 2010-cu il oktyabrın əvvəlində keçirdikləri monitorinqin nəticələrinə də münasibtə bildirib. Ekspert deyib ki,  “İşğal olunmuş ərazilər”, “status-kvo dəyişilməlidir” və “DQ-nin gələcəyini orada yaşamış və indi yaşayan adamlar birgə həll edəcəkdir” fikirləri Azərbaycanın xeyrinədir: “Amma vasitəçilər Azərbaycan tərəfinin təqdim etdiyi külli miqdarda sənədlərə diqqətsiz yanaşdı. Erməni tərəfi monitorinq nəticəsində DQ ərazisində narkoplantasiyaların, terrorçu bazalarının, nüvə tullantılarının tapılmamasına sevinirlər”.

Politoloq mart ayında regionda baş verən hadisələri təhlil edərkən daha çox İranın üzərində dayanıb. Onun dediyinə görə, İran Azərbaycanda iğtişaş salmaq üçün ABŞ və İsraillə də əməkdaşlığa hazırdır: “Azərbaycanın İranın təzyiqlərinə qarşı dayanmağa və bu mübarizəni İranın daxilinə keçirməyə kifayət qədər resursu vardır. İranda DQ münaqişəsinin həllini İranın təhlükəsizliyi üçün ən böyük təhlükə hesab edirlər, çünki DQ münaqişəsi həll olunan kimi Azərbaycan və Ermənistan arasında dəmiryol xətti açılacaqdır. Bu dəmiryol xəttinin açılması RF ilə Ermənistan arasında quru əlaqəsinin bərpası deməkdir. Bu halda Ermənistan virtual deyil, real Rusiyanın təsir dairəsinə düşəcəkdir”.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal